logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Böyük Britaniyanın Azərbaycandakı səfiri: “Azərbaycan dayanıqlı inkişaf məqsədlərinə nail olmaqda liderlik nümayiş etdirib”

Böyük Britaniyanın Azərbaycandakı səfiri: “Azərbaycan dayanıqlı inkişaf məqsədlərinə nail olmaqda liderlik nümayiş etdirib”

“Azərbaycan dayanıqlı inkişaf məqsədlərinə (DİM) nail olmaqda liderlik nümayiş etdirib”. 

Bu sözləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Ould "Azərbaycanda "yaşıl" transformasiya: Dayanıqlı inkişaf məqsədləri" adlı tədbir zamanı deyib. “Fakt Yoxla” səfirin iddiasının doğru olub-olmadığını araşdırıb.

Minilliyin İnkişaf Məqsədlərinin davamı olaraq, BMT 2015-ci ildə  növbəti 15 il müddətinə insan inkişafı üçün son dərəcə əhəmiyyətli imkanların yaradılmasına, planeti qorumaqla qlobal inkişafın dayanıqlılığının təmin edilməsinə təkan vermək məqsədilə  17 məqsəd və 169 hədəfdən ibarət “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” adlı sənəd təsdiq edib. Bu gündəliyin əsas məqsədi dünyadakı yoxsulluğun bütün formalarına son qoymaq, bərabərsizliklərə qarşı tədbirlər görmək, iqlim dəyişikliyinə və digər qlobal təhdidlərə qarşı mübarizə aparmaqdır.  

Ölkələrin 17 əsas məqsəddən ibarət olan gündəliyinin icra səviyyəsi BMT tərəfindən illik hesabatla qiymətləndirilir. 

BMT-nin açıqladığı sonuncu - “Dayanıqlı İnkişaf Hesabatı – 2022” hesabatına görə, Azərbaycan 73.5 balla qiymətləndirmədə iştirak edən 163 ölkə arasında 50-ci yeri tutub.

Hesabatda ümumi göstərici ilə yanaşı, ayrı-ayrı məqsədlərlə bağlı mövcud vəziyyət də dəyərləndirilib. BMT-nin hesabatında dayanıqlı inkişaf məqsədləri yaxşı nəticələrdən ən zəif nəticələrə doğru dörd kateqoriya üzrə qiymətləndirilib: 

Nail olunub

Çətinliklər qalmaqdadır

Çətinliklər əhəmiyyətli dərəcədə qalmaqdadır

Çətinliklərin böyük əksəriyyəti qalmaqdadır

Son qiymətləndirməyə görə, Azərbaycanın DİM-in hədəflərinə nailolma səviyyəsi aşağıdakı kimidir:

Azərbaycanda Dayanıqlı İnkişaf 

  məqsədlər qiymətləndirmə
1. Yoxsulluğa son Nail olunub
2. Aclığa son Çətinliklər əhəmiyyətli dərəcədə qalmaqdadır
3. Yaxşı səhiyyə və rifah Çətinliklərin böyük əksəriyyəti qalmaqdadır
4. Keyfiyyətli təhsil Çətinliklər qalmaqdadır
5. Gender bərabərliyi Çətinliklərin böyük əksəriyyəti qalmaqdadır
6. Təmiz su və sanitariya Çətinliklər əhəmiyyətli dərəcədə qalmaqdadır
7. Sərfəli və təmiz enerji Çətinliklər əhəmiyyətli dərəcədə qalmaqdadır
8. Layiqli əmək və iqtisadi artım Çətinliklərin böyük əksəriyyəti qalmaqdadır
9. Sənaye, innovasiya və infrastruktur Çətinliklər əhəmiyyətli dərəcədə qalmaqdadır
10. Bərabərsizliyin azaldılması Nail olunub
11. Dayanıqlı şəhərlər və icmalar Çətinliklər qalmaqdadır
12. Məsuliyyətli istehsal və istehlak Çətinliklər qalmaqdadır
13. İqlim dəyişikliyinə qarşı mübarizə Çətinliklər əhəmiyyətli dərəcədə qalmaqdadır
14. Dəniz ekosisteminin mühafizəsi Məlumat yoxdur
15. Torpaq ekosisteminin mühafizəsi Çətinliklərin böyük əksəriyyəti qalmaqdadır
16. Sülh, ədalət və səmərəli institutlar Çətinliklərin böyük əksəriyyəti qalmaqdadır
17. Məqsədlər üçün tərəfdaşlıq Çətinliklər əhəmiyyətli dərəcədə qalmaqdadır

Qiymətləndirmədən göründüyü kimi, Azərbaycan indiyədək 17 dayanıqlı inkişaf məqsədinin ikisinə nail olub. Üç hədəf üzrə qiymətləndirmə “çətinliklər qalmaqdadır”,  beş hədəf üzrə “çətinliklər əhəmiyyətli dərəcədə qalmaqdadır”, beş hədəf üzrə isə “çətinliklərin böyük əksəriyyəti qalmaqdadır” kimi aparılıb. Dəniz ekosisteminin mühafizəsi üzrə göstəricilər isə ümumiyyətlə açıqlanmayıb.

Skrinşot 2022-ci ilə dair Dayanıqlı İnkişaf hesabatından götürülüb.

Azərbaycanın qiymətləndirmədə nail olunmuş kimi göstərdiyi dayanıqlı inkişaf məqsədlərindən biri – bərabərsizliyin azaldılması ilə bağlıdır. 

BMT-nin metodologiyasına görə, bu hədəf üzrə indikatorlar Gini və Palma indeksləridir. Hesabatdakı məlumatlardan aydın olur ki, Azərbaycanın bu hədəf üzrə qiymətləndirilməsi 2005-ci il üçün hesablanan Gini indeksi üzrə aparılıb. Sonrakı illərdə bu indeks hesablanmayıb və “nail olunub” qiymətləndirməsi məhz 2005-ci ildəki göstəriciyə əsasən aparılıb. Palma indeksi ilə bağlı ümumiyyətlə hesablama mövcud deyil. 

Gələk Dayanıqlı inkişaf məqsədlərinə (DİM) nail olmaqda liderliyə. Azərbaycanın 163 ölkə arasında 50-ci olduğu siyahıda keçmiş sovet respublikalarından Estoniya 10-cu, Latviya 14-cü, Belarus 34-cü, Ukrayna 37-ci, Litva 39-cu, Rusiya 45-ci, Moldova 46-cı,  Qırğızıstan isə 48-ci yerdə qərarlaşıb. Bu baxımdan aydın olur ki, Azərbaycan dayanıqlı inkişaf məqsədlırinə nail olmaq baxımından 15  post-sovet ölkəsi arasında 9-cu yeri tutur.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, səfir Ferqus Ouldun iddiası yanlışdır.

“trend.az”, Azərbaycan iqlim dəyişiklikləri ilə müqayisədə fantastik iş görür

“stg.azstat.org”, DİM barədə qısa xülasə

“sdgindex.org”, Azerbaijan

“sdgindex.org”, Azerbaijan 2022

Yanlış
  • 14 Dekabr, 2022
  • 1583

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə