logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

“AZƏRTAC”: “Azərbaycanda cinayətlərin sayı azalıb”

“AZƏRTAC”: “Azərbaycanda cinayətlərin sayı azalıb”

Dövlət İnformasiya Agentliyi olan “AZƏRTAC” “Azərbaycanda cinayətlərin sayı azalıb” sərlövhəli xəbər yayıb. 

Agentliyin Daxili İşlər Nazirliyinə istinadən yaydığı məlumatda qeyd edilir ki, 2021-ci ilə nisbətən ötən il şəxsiyyət əleyhinə olan cinayətlər 2,4, o cümlədən qəsdən adam öldürməyə cəhdlər 13, qəsdən sağlamlığa ağır zərər vurmalar 5, odlu silahın tətbiqi ilə baş verən cinayətlər 17,6, ailə münaqişəsi zəminində törədilənlər 2,4, mal-qara oğurluğu 21,3 faiz azalıb. 

“Fakt Yoxla” Azərbaycanda cinayət sayının azaldığına dair iddianın doğru olub-olmadığını araşdırıb.

Dövlət Statistika Komitəsinin (DSK) yaydığı rəqəmlər son üç ildə Azərbaycanda ümumi cinayət statistikasının artdığını göstərir. 2021-ci ildə 31 131 cinayət faktı qeydə alındığı halda, 2022-ci ildə bu gösrətici 36 494-ə yüksəlib.  

“AZƏRTAC”ın yaydığı xəbərdə son iki ilə dair cinayət statistikasının müqayisəsi Daxili İşlər Nazirliyinin (DİN) 2022-ci ilin yekunları ilə bağlı keçirilən kollegiya iclasında açıqlanıb. 

Bu göstəricilər əsasən ağır təhlükə törədən cinayətlər kateqoriyasına daxildir. 

Nəzərə almaq lazımdır ki, ölkədə az ağır cinayətlər də törədilib. 

DİN-in açıqlamasına görə, 2022-ci ildə Azərbaycanda toplam 36 494 cinayət hadisəsi qeydə alınıb ki, onun 83,4 faizini böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər təşkil edib. Belə olan halda, ötən il ictimai təhlükəli cinayətlərin payı 16,6 faiz təşkil edib. Halbuki 2021-ci ildə bu göstərici 16 faiz olub.

Beləliklə, son iki ildə ölkədə qeydə alınan cinayətlərin ümumi sayında kəskin artım olub. 2022-ci ildə statistikaya düşən cinayətlərin sayı bir il əvvəllə müqayisədə 17% yüksəlib. Ötən il qeydə alınan ağır cinayət faktları isə 6 faiz artıb.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, “AZƏRTAC”ın iddiası yanlışdır

Yanlış
  • 30 Yanvar, 2023
  • 2008

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə