logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Azərbaycanda avtomobil parkının vəziyyəti: Ölkədə sayca ən çox istifadə edilən avtomobil markası Rusiyanın “Vaz” avtomobilləridir

Azərbaycanda avtomobil parkının vəziyyəti: Ölkədə sayca ən çox istifadə edilən avtomobil markası Rusiyanın “Vaz” avtomobilləridir

Oktyabrın 10-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında Komitənin Sədri, deputat Sadiq Qurbanov Bakıda avtomobillərdən çıxan tüstünün ətraf mühiti zəhərləməsinə dair fikir bildirib. İclasda iştirak edən ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə bu fikrə cavabında qeyd edib ki, Azərbaycanın avtomobil parkında digər ölkələrlə müqayisədə daha yaxşı, qabaqcıl ölkələrdə istehsal olunmuş nəqliyyat vasitələri var.

“Odur ki, Azərbaycanın avtomobil parkına baxanda fəxr edirik".

“Fakt Yoxla” Azərbaycanda avtomobil parkının vəziyyətini analiz edib.

Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, 2023-cü ilin əvvəlinə Azərbaycanda minik avtomobillərinin sayı 1 milyon 420 minə yaxındır.

Cədvəl 1: 2012-2022-ci illərdə Azərbaycanda avtomobil sayının dəyişməsi

Cədvəldən göründüyü kimi, Azərbaycanda minik avtomobillərinin sayı son 10 ildə 48%, son beş ildə isə 24% olub. 2023-cü ilin ilk 9 ayında ölkəyə 67 min 453 minik avtomobili idxal edilib ki, bu da ötən ilin uyğun dövrü ilə müqayisədə 16 mindən çox artım deməkdir.

Böyük neft gəlirlərinin daxil olmağa başladığı 2000-ci illərin ortalarından devalvasiyanın baş verdiyi, iqtisadi böhranın yaşandığı 2015-ci ilədək hər il ölkədə minik avtomobillərininn sayı orta hesabla 60-90 min arası artıb. İqtisadiyyatda böhranın olduğu 2015-2018-ci illərdə isə minik avtomobillərinin sayındakı ümumi artım cəmi 40 min ədədə yaxın olub. 2019-cu ildən etibarən minik avtomobillərinin sayındakı illik artım yenidən 50 min ədədi ötüb.

Ötən dövrdə avtomobillərin sayının əhəmiyyətli dərəcədə artmasına baxmayaraq, yaş strukturu pisləşib. Belə ki, əgər 2014-cü ildə bütün minik parkının 17%-i 5 ilədək istismar müddəti olan təzə avtomobillərdən ibarət idisə, 2022-ci ildə həmin göstərici 5%-ə enib.

Cədvəl 2: Minik avtomobillərinin yaş strukturu

Cədvəldən göründüyü kimi, 2014-cü ildən sonra Azərbaycanda avtomobil parkının yaşlanması daimi xarakter alıb.  Nəticə etibarı ilə 2014-cü ildə ölkədə təxminən hər 6 maşından birinin istehsal tarixi beş ildən az idisə, hazırda cəmi hər 20 avtomobildən birinin istismar tarixi beş ildən azdır. Əvəzində, həmin müddət ərzində 10-dan çox yaşı olan avtomobillərin xüsusi çəkisi 62%-dən, 83%-ə yüksəlib. Qeyd edək ki, istismar müddəti çox olan avtomobillərin ekologiyaya mənfi təsiri daha böyükdür. 2023-cü ilin may ayından etibarən Azərbaycana istismar müddəti 10 ili aşan avtomobillərin idxalı qadağan edilib. Bu baxımdan, məqalədə 2022-ci ilin sonunadək olan dövr araşdırıldığı üçün həmin qadağanın təsirləri qiymətləndirilməyib.

Cədvəl 3: Mühərrik növünə görə Azərbaycandakı avtomobillərin bölgüsü

Cədvəl üçdən göründüyü kimi, hazırda Azərbaycandakı minik avtomobillərinin cəmi 2,14%-i ekoloji cəhətdən daha təmiz hesab edilən hibrid və elektrik mühərrikli avtomobillərdən ibarətdir.

Azərbaycandakı avtomobil parkını gözdən keçirdikdə aydın olur ki, 2022-ci ilin sonuna, ölkədə sayca ən çox istifadə edilən avtomobil markası Rusiyanın “Vaz” avtomobilləridir.

Cədvəl 4: Minik avtomobillərinin avtomobil markaları üzrə bölgüsü

Hazırda Azərbaycanda minik avtomobillərinin təxminən 35%-i, yəni, ən azı hər üç avtomobildən biri Rusiya istehsalıdır.

“Fakt yoxla”nın araşdırmasına görə, hazırda Azərbaycanda avtomobil parkı kifayət qədər yaşlıdır. 2014-cü ildən bəri ölkədə istismar müddəti beş ildən az olan avtomobillərin sayı 17%-dən 5%-dək geriləyib. Hazırda ölkədəki avtomobillərin 83%-nin yaşı 10-dan çoxdur. Eyni zamanda, hibrid və elektrik mühərrikli avtomobillər ölkədəki avtomobillərin cəmi 2.1%-i təşkil edir. Avtomobil parkında əsasən Rusiya istehsalı olan minik avtomobilləri üstünlük təşkil edir.

 “report.az”,  "Azərbaycanın avtomobil parkına baxanda fəxr edirik"

“Dövlət Statistika Komitəsi”, Avtomobil vasitələrinin sayı

“Dövlət Statistika Komitəsi”, Nəqliyyat vasitələri parkının yaş strukturu

“Dövlət Gömrük Komitəsi”, Xarici ticarət

“Dövlət Statistika Komitəsi”, Nəqliyyat vasitələrinin yanacaq növünə görə bölgüsü

“Dövlət Statistika Komitəsi”, Minik avtomobillərinin markalara görə bölgüsü

Analiz
  • 25 Oktyabr, 2023
  • 364

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə