logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Azərbaycan məktəblərində psixoloqların fəaliyyəti nədən ibarətdir?

Azərbaycan məktəblərində psixoloqların fəaliyyəti nədən ibarətdir?

Fevralın 19-da Bakıda yeniyetməyə qarşı həmyaşıdları tərəfindən törədilən zorakılıq aktının görüntüləri yayılmışdı. Həmin görüntüləri əks etdirən video cəmiyyət arasında geniş müzakirələrə səbəb oldu. Daxili İşlər Nazirliyindən bildirilib ki, əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğuna görə fakt üzrə cinayət işi qaldırılıb və istintaq hərəkətləri davam etdirilir.

Bu ilin yanvarında isə Baş Prokurorluq qəsdən adam öldürmə və adam öldürməyə cəhd hallarında şübhəli bilinən azyaşlılarla bağlı 2 xəbər yaymışdı

Azərbaycanda son beş ildə müxtəlif cinayət əməlləri törətmiş 14-17 yaşda uşaqların sayına nəzər salsaq, Dövlət Statistika Komitəsinin təqdim etdiyi hesabatlara görə 5 il öncə - 2019-cu ildə bu say 387 idisə, 2020-ci ildə 388,  2021-ci ildə 349, 2022-ci ildə isə 433 nəfər olub. 

2023-cü ildə cinayət törətmiş yeniyetmələrin və törətdikləri cinayətlərin sayı ilə bağlı hesabata gəlincə, Dövlət Statistika Komitəsindən “Fakt Yoxla”-ya bildirilib ki,  hesabat mart ayında ictimaiyyətə təqdim ediləcək.

“Fakt Yoxla” 2023-cü il ərzində ağır cinayət əməli törətməkdə şübhəli bilinən 14-17 yaşda olan uşaqlarla bağlı Baş Prokurorluğun yaydığı rəsmi xəbərlərin monitorinqini aparıb. Belə ki, ötən il azyaşlılar tərəfindən 2 qəsdən adam öldürməyə cəhd və 6 qəsdən adam öldürmə halının baş verdiyi barədə xəbər yayımlanıb. 

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə 14-17 yaşda olan uşaqlar tərəfindən və ya onların iştirakı ilə törədilmiş qəsdən adam öldürmə və adam öldürməyə cəhd halı 2020-ci ildə 7, 2021-ci ildə 7, 2022-ci ildə 4 hal olub. 

Ölkədə cinayət törədən azyaşlılara daha çox azadlıqdan məhrum edilməyən cəzalar-şərti məhkum edilmiş, yəni cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmə, tərbiyəvi xarakterli cəza metodları tətbiq edilir. 

Ədliyyə Nazirliyindən Fakt Yoxla-ya  bildirilib ki, ötən ilin oktyabrında Tərbiyə müəssisəsində 25 yetkinlik yaşına çatmayan şəxs cəza çəkib. Hazırda Tərbiyə Müəssisəsində ştatda 1 psixoloq var. Lakin bu il ərzində neçə azyaşlıya şərti cəza tətbiq edilməsi, hazırda Tərbiyə Müəssisəsində neçə azyaşlının cəza çəkməsi barəsində rəqəmlər açıqlanmayıb.

Hazırda Ədliyyə nazirliyinin Probasiya xidmətinin qeydiyyatında olan, eləcə də yetkinlik yaşına çatmayanların Tərbiyə müəssisəsində olan yeniyetmələrin sosial adaptasiyası və reabilitasiyası işinə qurum tərəfindən “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi cəlb olunub. Həmin ictimai birliklər isə paytaxt Bakıda fəaliyyət göstərir. 

Uşaq və yeniyetmələr arasında artan psixoloji problemlər, məktəblərdə şagirdlərlə bağlı yaranan neqativ hallar məktəb psixoloqlarının fəaliyyətini gündəmə gətirir.

Bəs Azərbaycanda azyaşlılar psixoloji xidmətlərdən nə dərəcədə yararlana bilir?

"Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.04.2020-ci il tarixli 157 nömrəli Qərarı ilə təsdiq edilib. Nazirlər Kabinetinin qərarına əsasən dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində şagird sayı 1000-dək olduqda, 1 psixoloq; 1000-dən 3000-dək şagird olduqda 2, şagird sayı 3000-dən çox olan təhsil müəssisələrində isə 3 psixoloq ştatı müəyyən edilib.

Bakı Şəhəri Üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində 310 ümumi təhsil məktəbi, 3 xüsusi tipli ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, 318 məktəb var. Respublika üzrə 2022-2023-cü illərdə 4399 ümumi təhsil müəssisəsi var. 

Elm və Təhsil Nazirliyindən “Fakt Yoxla”-nın sorğusuna cavab olaraq bildirilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində hazırda 455 psixoloq çalışır. Cavabda bildirilib ki, hazırda ölkə üzrə ümumi orta və tam orta məktəb, lisey və gimnaziyalarda (Naxçıvan MR istisna olmaqla) 3000-dən çox psixoloq fəaliyyət göstərir.

Nazirliyin ötən ilin sentyabrında açıqladığı rəqəmlərə görə 2023-2024-cü tədris ilində Azərbaycanda 1,6 milyon ( 1 milyon 612 min 294 şagird) şagird təhsil alır. 

Bakı Şəhəri Tədris İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə, 481 min 131 şagird təhsil alır.

2023-2024-cü tədris ilində regional ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı 991 min 141 nəfərdir. (Naxçıvan MR istisna olmaqla)

Belə ki, Bakı şəhəri üzrə 455 psixoloq məktəblərdə fəaliyyət göstərirsə, hər 1000 nəfər şagirdə düşən psixoloqun sayı 1-in altındadır. Naxçıvan MR istisna olmaqla, respublika üzrə ümumi 1 milyon 472 min 272 şagird təhsil alır. Əgər ölkədə 3000 məktəb psixoloqu çalışırsa, bu o deməkdir ki, ölkə üzrə hər 1000 nəfər şagirdin payına təxminən 2 psixoloq düşür.

Qonşu ölkələrdə vəziyyət necədir?

Qonşu ölkə Türkiyənin Təhsil Nazirliyi ibtidai siniflər üzrə 300 şagirdə 1 psixoloji məsləhətçi, uşaq bağçaları, orta məktəblər və liseylərdə isə 150 ​​şagirdə 1 psixoloji məsləhətçi təyin edir. Bu məktəblərdə 500 və yuxarı şagirdə 2 psixoloji məsləhətçi, 1500 və yuxarı şagirdə isə 4 psixoloji məsləhətçi təyin edilir

Hazırda Rusiyada hər məktəb psixoloquna təxminən 900 şagird düşür.  Moskva şəhər məktəblərində orta hesabla 550-950 nəfər şagirdin olduğu qeyd edilir

“Statista”-nın ən son məlumatlarına görə, Gürcüstan məktəblərində  hər 616 şagirdə 1 psixoloq düşür.

ABŞ-a nəzər salsaq, 2021-2022-ci tədris ili ərzində uşaq bağçalarından 12-ci sinfə qədər hər 1127 şagirdə orta hesabla 1 psixoloq düşüb. Bildirilir ki, bu Milli Məktəb Psixoloqları Assosiasiyası tərəfindən qoyulan hədəfdən ( 500 şagirdə 1 psixoloq) hələ də azdır.  

Bəs Azərbaycan məktəblərində psixoloqların fəaliyyəti nədən ibarətdir? 

Azərbaycanda təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydalarına əsasən psixoloji xidmət iki formada təşkil edilir

  • ümumi xidmətlər - təhsil müəssisəsi üzrə dəyərləndirmələr, potensial risklərin müəyyənləşdirilməsi, qabaqlayıcı profilaktik xidmətlər və ailə-təhsil müəssisəsi əməkdaşlığının dəstəklənməsi; 
  • xüsusi xidmətlər - hər bir təhsilalana münasibətdə inkişaf planlarının hazırlanması, təhsilalanlarda sosial, emosional davranışın formalaşdırılması və dəstəklənməsi. 

Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili ( OMBUDSMAN) məktəblinin həmcinsinə qarşı törətdiyi zorakılıqla bağlı “Fakt Yoxla”-ya  verdiyi açıqlamasında bildirib ki, məktəblərdə psixoloqların işi gücləndirilməlidir. 

“Təhsil müəssisələrində psixoloqlar tərəfindən psixoloji iş, məktəb-valideyn əlaqələri gücləndirilməli, valideynlər tərəfindən azyaşlıların təlim-tərbiyə prosesinə xüsusi diqqət göstərilməlidir”.

Psixi pozuntular və davranış pozuntuları xəstəlik sinfi üzrə 18 yaşadək uşaqların statistikasına baxsaq, ölkə üzrə bu xəstəlik hər il artmaqda davam edir. Belə ki, 2015-ci ildə bu hal 1739 uşaqda müşahidə edilirdisə, 2020-ci ildə 2629-a yüksəlib. 2021-ci ildə 3112, 2022-ci ildə 4146  uşaqda psixi pozuntular qeydə alınıb. 14-17 yaşda uşaqlar arasında bu hal təxminən 10 il əvvəl,  2015-ci ildə 401 uşaqda aşkarlanmışdısa, 2022-ci ildə bu say 962-ə çatıb.

“Xəzər tv”- Qeyri-etik görüntüləri yayılan qızla bağlı hadisənin bütün detalları MƏLUM OLDU  - 

“Baş Prokurorluq- genprosecutor.gov.az”- Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi başlanıb 

“ genprosecutor.gov.az”- Qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb  

“stat.gov.az”-   Azərbaycanda hüquqpozmalar

“genprosecutor.gov.az”-  Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb , Atasını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub , Qonşusunu qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib , Qəsdən adam öldürməyə cəhd edən yetkinlik yaşına çatmayan şəxs şübhəli şəxs qismində tutulub , Cəlilabad rayon prokurorluğunun MƏLUMATI , Yetkinlik yaşına çatmayan şəxsi öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb , Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi başlanıb 

“Azərtac”-Balakəndə qətl törətməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb - AZƏRTAC 

“stat.gov.az”- Azərbaycanda hüquqpozmalar

“Azərtac”- Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür - AZƏRTAC

“stat.gov.az”-Təhsil, elm və mədəniyyət | Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

“Azərtac”-Regionlarda yerləşən məktəblərdə təhsil alacaq şagirdlərin sayı açıqlanıb - AZƏRTAC

 “mebpersonel.org”- Üç yüz öğrenciye bir rehber öğretmen

“Forbes.ru”-  Минпросвещения предлагает установить в школах норматив по количеству психологов | Forbes Life

“statista”-  Number of students per school psychologist in selected countries | Statista

“e-qanun.az”-  157 - “Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında 

“stat.gov.az”- Azərbaycanda uşaqlar

Analiz
  • 6 Mart, 2024
  • 2389

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə