"Məlumat üçün onu da qeyd edək ki, artıq Avropa ölkələrində, hətta yaxın qonşumuz Rusiyada energetik içkilər qadağan olunub".
Bu, "medianews.az" saytında dərc olunan məqalədə bildirilib.
"Fakt Yoxla" həmin yazıda göstərilən məlumatın doğru olub-olmadığını yoxlayıb.
Qanuna görə enerji içkisi tərkibində insan orqanizminin mərkəzi sinir sistemini stimullaşdıran maddələr olan alkoqolsuz içkidir.
Müxtəlif vaxtlarda bu içkilərin insan orqanizminə mənfi təsir edib-etməməsi müzakirə mövzusuna çevrilib və bəzi ölkələrdə, eləcə də Azərbaycanda 18 yaşı tamam olmamış şəxslərə enerji içkilərinin satılmasına qadağa qoyulması barədə çağırışlar olub.
2018-ci il yanvarın 1-dən Rusiyada tərkibində alkoqol olan enerji içkilərinin istehsalına və satışına qadağa qüvvəyə minib. Alkoqolsuz enerji içkilərinin satışı isə Tatarıstan, Belqorod, Amur, Kostroma, Moskva daxil olmaqla 20-dən çox vilayətdə 18 yaşdan kiçik şəxslərə regional səviyyədə qadağa edilib.
2023-cü ilin yanvarında Rusiya Dövlət Dumasında 18 yaşına çatmamış şəxslərə alkoqolsuz enerji içkilərinin satışını federativ səviyyədə qadağan edən qanun layihəsi təqdim edilib. Ancaq qanun hələlik qəbul edilməyib.
Yəni, iddia edildiyi kimi, Rusiyada alkoqolsuz enerji içkilərinin satışı qadağan edilməyib. Qadağalar regional səviyyədədir və yalnız 18 yaşına çatmayan şəxslərə şamil edilir. Bütün Rusiya ərazisində qadağan edilən yalnız alkoqollu enerji içkilərinin satışıdır.
Avropa ölkələrinin heç birində isə enerji içkilərinin satışı ilə bağlı tam qadağa yoxdur. Latviya və Litva kimi bir neçə Avropa ölkəsində 18 yaşına çatmayan şəxslərə enerji içkilərinin satışı qadağan edilib.
"Fakt Yoxla"nın gəldiyi qənaətə görə, Rusiyada və Avropada enerji içkilərinin qadağan edilməsi barədə xəbər saxtadır.