“Ağır yol-nəqliyyat hadisələrinin, bu qəzalarda həlak olanların sayı ildən-ilə artır”.
Bu iddia “525-ci qazet”in rəsmi saytında dərc olunan xəbərdə bildirilib.
“Fakt Yoxla” Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri zamanı ölənlərlə bağlı son 10 ilin statistikasını analiz edib.
Son 10 il ərzində yol-nəqliyyat hadisələri zamanı həlak olan şəxslərlə bağlı Dövlət Statistika Komitəsinin məlumatından məlum olub ki, 2013-2018-ci illər aralığında ölənlərin sayında azalma baş verib. Başqa sözlə, son 10 il ərzində 7 ildə azalma olub, yalnız 3 ildə əvvəlki ilə nisbətən artım müşahidə olunub.
Son 10 ildə yol-nəqliyyat hadisələri zamanı həlak olan şəxslərin statistikası, mənbə: Dövlət Statistika Komitəsi, 1, 2
Cədvəldən də göründüyü kimi, 2021 və 2022-ci illər aralığında bu göstərici artıb. Lakin, 2022-ci ildə həlak olanların sayı 2013-cü ildən 28,4% aşağı olub. Belə ki, son 10 ildə ən çox ölüm hadisəsi 2013-cü ildə baş verib. 2015, 2016 və 2020-ci illər həlak olanların sayının ən çox azaldığı illərdir.
Buna baxmayaraq, 2022-ci il +18,1%-lə son 10 il ərzində əvvəlki illə müqayisədə ən çox ölümün artdığı ildir. Həmçinin, həmin ildə ölənlərin sayı son 6 ildə ən yüksək rəqəmdir.
Azərbaycanda illər üzrə həlak olan şəxslərin ümumi sayında yol-nəqliyyat hadisələri zamanı həlak olan şəxslərin xüsusi çəkisinə gəlincə isə məlum olub ki, son 10 ildə ən yüksək göstərici 2013, ən aşağı göstərici isə 2020 və 2021-ci illərdə baş verib. Qeyd edək ki, 2020 və 2021-ci illərdə pandemiyadan ölənlərin sayı sürətlə artdığından bu göstəriciyə təsir edib.
2022-ci ildə bu rəqəm əvvəlki ilə nisbətən artsa da, 2013-ü ilə nisbətən 0,7% azalıb.
Son olaraq qeyd edək ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda yol-nəqliyyat hadisələri zamanı 627 nəfər həlak olub ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 28 nəfər və ya 4,6% yüksəkdir.