logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

İranlı futbolçu Əli Daeiyə ölüm hökmü verildiyinə dair iddia

İranlı futbolçu Əli Daeiyə ölüm hökmü verildiyinə dair iddia

Azərbaycanda yaratdığı məzmunlarla kifayət qədər izləyici toplayan “Belə-belə işlər” səhifəsi, eləcə də “banker.az” saytı İran hökumətinin tanınmış iranlı futbolçu Əli Daei haqqında edam hökmü çıxardığını yazıb.

“Banker.az”ın verdiyi məlumata görə, ölüm hökmünün səbəbi futbolçunun iranlı aktivist Məhsa Əmininin öldürülməsinə qarşı etiraz aksiyalarında iştirak etməsi olub. 

Banker.az” bu məlumatı noyabrın 10-da, “Belə-belə işlər” səhifəsi isə noyabrın 14-də paylaşıb.

Skrinşot “beleishler”in instaqram səhifəsindən götürülüb.

“Veteran hücumçu ölkədə Məhsa Əmininin öldürülməsinə qarşı etiraz aksiyalarında iştirak etməkdə günahlandırılır. Hazırda həbsdə olan Daei ilə yanaşı, daha 15 min nəfərin edam olunacağı iddia edilir”, – deyə ”banker.az” vurğulayıb.

Skrinşot “banker.az”ın sayından götürülüb.

“Fakt Yoxla” bu iddiaların doğru olub-olmadığını yoxlayıb.

“Banker.az” Almaniyanın “Bavariya” klubunun keçmiş Əli Daei və Əli Kərimi ilə bağlı açıqlama yaydığını da iddia edib.

“Onların və ailələrinin yaxşı vəziyyətdə olduqlarını eşitməyə ehtiyacımız var. Almaniyanın İrandakı səfirliyi ilə əlaqə saxlayıb dəstək göstərməyə hazır olduğumuzu bildirmişik. Məsələni diqqətdə saxlayacağıq”, – deyə “banker.az” Bavariya klubunun açıqlamasına istinadən yazıb.

Noyabrın 18-də Münhenin “Bavariya” klubundan “Fakt Yoxla”ya bildirilib ki, klub Əli Daei haqqında bəyanat paylaşmayıb.

Skrinşot Bavariya futbol klubu ilə elektron poçt vasitəsilə yazışmadan götürülüb.

Xronoloji axtarışlar üzrə araşdırma zamanı məlum oldu ki, Əli Daeinin edama məhkum olunması haqqında məlumat ilk dəfə Norveçdə yerləşən kürd insan haqları təşkilatı “Hengaw Organization for Human Rights”ın feysbuk səhifəsində yayılıb.

“Hengav xəbər verir ki, Saqqız şəhərində Zina Əminin ölümünün 40-cı günündə iştirak etmək istəyən Əli Daei və Həmid Lak “Kurd” Hoteli yaxınlığında Təhlükəsizlik xidməti əməkdaşları tərəfindən saxlanılıblar və hökümət təcridxanasına aparılıblar”, – deyə məlumatda bildirilib.

Skrinşot “Hengaw Organization for Human Rights”ın feysbuk  səhifəsindən götürülüb.

Qeyd edək ki, Əli Daei noyabrın 14-də instaqram hesabında  yaxınlarını itirmiş iranlılara instaqram hesabı vasitəsilə başsağlığı verib.

“Əziz və hörmətli həmvətənlərimə salamlar. Əksəriyyətimizin özünü yaxşı hiss etmədiyi bu günlərdə mən vətənimdə sizinlə birlikdə olmaq üçün FİFA və Qətər Futbol Federasiyasının həyat yoldaşım və qızlarımla dünya çempionatında iştirak etməklə bağlı rəsmi dəvətinə yox cavabı verdim. Bu günlərdə yaxınlarını itirmiş bütün ailələrə başsağlığı verirəm. İran və iranlılar üçün parlaq günlər ümidi ilə”, – deyə Daei bildirib.

Skrinşot “alidaei” İnstaqram səhifəsindən götürülüb

 

İranda barəsində ölüm hökmü verilmiş şəxslər xüsusi təcridxanalarda saxlanıldığından onların internetə çıxışı olmur. 

Təcridxanada saxlanılan şəxslərə həftədə 1-2 dəfə yalnız telefonla zəng etməyə icazə verilir

Belə olan halda, Əli Daei instaqram səhifəsindən paylaşım edə bilməzdi.

İran Futbol Federasiyası Əli Daeinin edamı ilə bağlı təkzib verib. 

Federasiyadan Britaniyanın nüfuzlu “Inside the games” adlı idman saytına bildirilib ki, Daei haqqında yayılan məlumat tamamilə yalnışdır.

İranlı jurnalist Murteza Karimi “Fakt Yoxla”ya İran mediasında belə bir məlumatın olmadığını deyib.

“Bu xəbər tamamilə yalandır. Edamla bağlı məhkəmə belə olmayıb. Məşhur şəxs barəsində asanlıqla ölüm hökmü verilməz. Əli Daei instaqram səhifəsində vəziyyətə (İranda ictimai aktivist Məhsa Aminin etirazlar zamanı öldürülməsini nəzərdə tutur) etirazını bildirib, buna görə ağır cəza verilə bilərmi? Əlbəttə ki, xeyr!”, – deyə jurnalist bildirib.

İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat xidmətidən “Fakt Yoxla”ya Ali Daeinin edamı ilə bağlı məlumatın absurd olduğunu deyib.

“Fakt Yoxla” futbolçu Əli Daei ilə əlaqə saxlamağa çalışsa da, o heç bir cavab verməyib.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, “Belə-belə işlər” və  “banker.az”ın Əli Daeiyə ölüm hökmü verildiyinə dair paylaşdığı xəbər yanlışdır.

Yanlış
  • 7 Dekabr, 2022
  • 2841

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə