logo logo

Deyilənlərə yox, faktlara inanın

Hüquq

Milli Məclis Tarif Şurasını ləğv edə bilərmi?

Milli Məclis Tarif Şurasını ləğv edə bilərmi?

Fevralın 1-də Milli Məclisin plenar iclasında çıxış edən deputat Tahir Kərimli deyib ki, Konstitusiyaya əsasən, Azərbaycan dövlətinin ən ali məqsədi xalqın rifah halının yaxşılaşdırılması olmalıdır. 

“Tarif Şurası xalqın rifah halını yüksəltməklə bağlı dövlətin ali məqsədini məhdudlaşdırır. Biz təcili Tarif Şurasını ləğv etməliyik. Ya da Tarif Şurasının qərarları bizə məruzə olunmalıdır”, - deyə o bildirib. 

“Fakt Yoxla” deputatın bu iddiası ilə bağlı qanunvericiliyi analiz edib. 

Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndinə əsasən prezident dövlət büdcəsində icra hakimiyyəti üçün nəzərdə tutulmuş xərclər çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları yaradır. 

Prezidentin 26 dekabr 2005-ci il tarixli fərmanı ilə Tarif Şurası haqqında Əsasnamə təsdiq edilib. Şura qiymətlərin, xidmət haqlarının, yığımların dövlət tənzimlənməsini həyata keçirən kollegial icra hakimiyyəti orqanı kimi müəyyənləşdirilib. 

12 üzvdən ibarət olan şuranın sədri İqtisadiyyat Naziri olmaqla, üzvləri ölkənin aparıcı nazirlik və komitələrinin müavinlərindən ibarətdir. Şura prezidentə tabedir, onun qarşısında cavabdehdir və beləliklə hakimiyyətin icra qoluna aiddir.  

Azərbaycanda qanunvericilik hakimiyyətini parlament, icra hakimiyyətini isə prezident həyata keçirir. Dövlət hakimiyyətinin həyata keçirilmə formasına görə Azərbaycan prezident üsul-idarəsi ilə idarə olunan ölkədir. 

Siyasi idarəetmənin bu forması prezidentə ölkə idarəetməsində geniş imkan və səlahiyyətlər verir. Ölkədə qanunvericilik və icra hakimiyyətləri bir-birilərinin fəaliyyətinə müxtəlif üsullarla nəzarət edir. 

Konstitusiyanın 95-ci maddəsində Milli Məclisin səlahiyyət sahələrini və icra hakimiyyətinə hansı məsələlərdə və necə təsir edə biləcəyini görmək olar. Bu maddə hakimiyyət bölgüsü mexanizminə aiddir. 

95-ci maddəyə əsasən Milli Məclis, prezidentin verdiyi fərmanları, eləcə də prezidentin təqdimatı əsasında müxtəlif ali vəzifələrə, yüksək instansiya məhkəmələrinə təyinatları təsdiq edir. Həmçinin bunların içərisində ən önəmli sayıla biləcək dövlət büdcəsinə nəzarət edir və bu məqsədlə Hesablama Palatası yaradır.  

Konstitusiyada icra hakimiyyətinə tabe olan qurumun parlament tərəfindən istefaya göndərilməsi və ya ləğv edilməsi səlahiyyəti öz əksini tapmayıb. Başqa sözlə, Milli Məclisin Tarif Şurasını ləğv etmək səlahiyyəti yoxdur. 

Analiz
  • 17 Fevral, 2021
  • 1322

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə