logo logo

Deyilənlərə yox, faktlara inanın

Hüquq

Fəzail Ağamalı sülhməramlıların yanğınlara müdaxilə etmək səlahiyyətinin olmadığını deyib

Fəzail Ağamalı sülhməramlıların yanğınlara müdaxilə etmək səlahiyyətinin olmadığını deyib

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı Toplum TV-yə deyib ki, sülhməramlıların fəaliyyəti BMT-nin prinsipləri əsasında nizamlansa da, onlar yanğınlara və tarixi abidələrin daşınmasına müdaxilə edə bilməzlər.

“Beynəlxalq hüquq normalarına görə sülhməramlıların bu məsələyə birbaşa müdaxilə etmək və onun qarşısını almaq səlahiyyəti yoxdur”, – deyə deputat vurğulayıb.

“Fak Yoxla” Fəzail Ağamalının bu iddiasının doğru olub-olmadığını araşdırıb.

Noyabrın 9-da Azərbaycan, Ermənistan və Rusiya Federasiyası arasında imzalanmış üçtərəfli atəşkəs bəyanatına görə, Ermənistan silahlı qüvvələri dekabrın 1-nə qədər Kəlbəcər, Ağdam və Laçın rayonlarını tərk etməlidir. Ağdam noyabrın 20-də, Kəlbəcər isə 25-də Azərbaycana təhvil verilib.

Həmin ərəfədə yerli və xarici mediada Kəlbəcərdən köçən ermənilərin evləri və meşələri yandırdıqlarına dair videolar yayılıb. Daha bir videoda Xudavəng (Davidank) monastrına məxsus komponentlərin daşındığı görünür. Fəzail Ağamalının verdiyi açıqlama da məhz bu görüntülərin şərhi ilə bağlı olub.

Qeyd edək ki, Dağlıq Qarabağda təmas xəttinə və Laçın koridorunun bir hissəsinə nəzarət Rusiya sülhməramlılarına verilib. Sülhməramlı əməliyyatları BMT-nin Təhlükəsizlik Şurasının mandatları əsasında həyata keçirilir. Bu illər ərzində, BMT-nin sülhməramlılarına əməliyyatlarda tapşırılan vəzifələr münaqişə növlərinə, beynəlxalq sülh və təhlükəsizliyə təhdidlərin aradan qaldırılmasına adekvat olaraq xeyli genişləndirilib.

BMT sülhməramlılarının mandatından irəli gələn öhdəliklər və onların normativ hüquqi əsası BMT Barışıq Əməliyyatları Departamentinin “Birləşmiş Millətlər Təşkilatının Barışıq Əməliyyatları: Prinsiplər və Təlimatlar” adlı sənədində əks olunub. Bu sənədə görə, BMT Barışıq Əməliyyatlarının hüquqi bazasını BMT Nizamnaməsi, İnsan Hüquqları, Beynəlxlaq Humanitar Hüququn təməl prinsipləri və Təhlükəsizlik Şurasının Mandatı təşkil edir.

“Prinsip və Təlimatlar”a əsasən, BMT sülhməramlıları insan hüquqları pozuntularını və ya sui-istifadə hallarını görməli və səlahiyyətləri daxilində lazımi cavab verməyə hazır olmalıdırlar.

Təbiət və ətraf mühitə ziyanın vurulması isə birbaşa insanların sağlam ətraf mühitdə yaşamaq hüququnun pozuntusudur. Sağlam ətraf mühitdə yaşamaq hüququ ilk dəfə fundamental insan hüququ kimi 1972-ci ildəki Stokholm Konfransında açıq şəkildə tanınıb.

İnsan hüquqları ilə ətraf mühitin qorunması arasındakı əlaqə BMT-nin 1992-ci ildə Rio-de-Janeyroda keçirilən Ətraf Mühit və İnkişaf Konfransında bir daha təsdiq olunub.

“İnsan amili davamlı inkişafa dair narahatlıqların mərkəzində dayanır. Onlar təbiətlə harmoniyada sağlam və məhsuldar yaşamaq hüquqlarına sahibdirlər”,– deyə Rio Bəyannaməsinin 1-ci prinsipində vurğulanıb.

Əgər Rusiya sülhməramlılarının mandatı BMT-nin təməl prinsipləri ilə eynidirsə, onlar təbiətə ziyan vuran hərəkətlərə hüquq pozuntusu səlahiyyətləri çərçivəsində reaksiya verməli idilər. “Prinsip və Qaydalar”da qeyd olunur ki, beynəlxalq humanitar hüquq sülhməramlıların fəaliyyətinin hüquqi bazalarından biridir və beynəlxalq humanitar hüquq silahlı münaqişələr zamanı ətraf mühitin və mədəniyyət abidələrinin qorunması məsələlərini tənzimləyir. Buna görə də, ətraf mühit və mədəni abidələrin qorunması da sülhməramlıların mandatına aid edilir.

Sənəddə açıq şəkildə qeyd edilir ki, sülhməramlılar birbaşa pozuntuların baş verdiyi və ya davam etdiyi konflikt və post-konflikt ərazilərinə yerləşdirilir. Buna görə də, onlar beynəlxalq humanitar hüququn prinsiplərini və qaydalarını aydın şəkildə başa düşməli və tətbiq etdikləri vəziyyətlərdə onlara riayət etməlidirlər.

Bu hüquqi əsaslar Rusiya sülhməramlılarının ermənilər tərəfindən tərk edilən rayonlarda ətraf mühitə ziyan vurulması və Xudavəng monastrının komponentlərinin sökülməsi zamanı müdaxilə səlahiyyətlərinin olduğunu göstərir.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Fəzail Ağamalının iddiası yanlışdır.

Yanlış
  • 27 Noyabr, 2020
  • 1422

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə