Qondarma “Dağlıq Qarabağ Respublikası”nın Ombudsmanı Artak Beqlaryan “Twitter”də yazıb ki, məcburi köçkünlərin məsələsi qarşılıqlı və bərbər şəkildə həll edilməlidir.
“Azərbaycan hökuməti və mediasının 1990-cı illərdən sonra məcburi köçkün düşən şəxslər barədə manipulyasiyalarını qəbul edən xaricilər hər şeyini Azərbaycanda qoyan və kütləvi şəkildə qətlə yetirilən 500 000-dən çox ermənini də unutmamalıdır”, - deyə Artak Beqlaryan vurğulayıb.
“Fakt Yoxla” Artak Beqlaryanın bu iddiasının doğru-olub olmadığını araşdırıb.
Skrinşot “Twitter”dən götürülüb.
Qaçqın, yoxsa məcburi köçkün?
Qaçqınlıq və məcburi köçkünlük məcburi miqrasiya növüdür. Bu anlayışlar BMT-nin Qaçqınların Statusuna dair Konvensiya və Protokolları ilə tənzimlənir. BMT-nin “Ölkədaxili köçürülmə və ya yerdəyişmə alternativinə dair rəhbər prinsipləri” adlı sənəddə qeyd edilir ki, məcburi köçkünlər milliyyətinə, irqi və vətəndaşlıq əlamətinə, dini etiqadına, dilinə, habelə siyasi əqidəsinə, müəyyən sosial qrupa mənsubiyyətinə görə təqibə məruz qalan, həyatına, ailəsinə, əmlakına real təhlükə yaranması ilə əlaqədar daimi yaşadığı dövlətin onu mudafiə etməsindən istifadə edə bilməməsi, yaxud təhlükəyə görə bu müdafiədən istifadə etmək istəməməsi səbəbindən ölkə daxilində daimi yasayış yerini tərk etməyə məcbur olub, başqa yerə köçən şəxslərdir.
Beləliklə, hüquqi çərçivədə verilən anlayışlara görə, qaçqın başqa ölkənin vətəndaşı olan və öz ölkəsini tərk edib digər ölkədə himayə axtaran əcnəbi şəxs, məcburi köçkün isə öz ölkəsi daxilində özündən asılı olmayan səbəblərə görə yerini dəyişməyə vadar olan vətəndaşdır. Buna görə də, münaqişə başlayandan sonra Azərbaycanı tərk edən ermənilərlə, işğal nəticəsində Dağlıq Qarabağ və onun ətrafındakı rayonları tərk etmək məcburiyyətində qalan şəxslər eyni hüquqi statusa malik deyillər. Birincilər ölkə sərhədlərini tərk etdikləri üçün qaçqın, ikincilər isə ölkə daxilində miqrasiya etdikləri üçün məcburi köçkün hesab olunurlar. Azərbaycanı tərk edən erməniləri işğal olunmuş bölgələri tərk edən azərbaycanlılarla yox, Ermənistandan deportasiya edilən etnik azərbaycanlılarla müqayisə etmək olar. Bu baxımdan Artak Beqlaryanın məcburi köçkün və qaçqın anlayışlarını bərabərləşdirməsi qüsurludur.
Azərbaycan ərazisində yaşayan ermənilərin sayı
Keçmiş SSRİ-də keçirilən əhalinin siyahıyaalınmasına görə, 1989-cu ildə Azərbaycanda 390 505 nəfər erməni əsilli vətəndaş yaşayıb. Həmin statistikaya görə, Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin sayı 145 min nəfər olub. Bu, Azərbaycan vətəndaşı olan ermənilərin 37 faizini təşkil edib.
Qarabağ Azərbaycanın tərkib hissəsi olduğu üçün, münaqişədən sonra bölgədə qalan ermənilər Azərbaycan ərazisini tərk etmiş hesab
“Crisis Group”un 2019-cu ildə Qarabağ münaqişəsiylə bağlı yaydığı hesabatda işğaldan sonra bu ərazidə 150 minə yaxın erməninin yaşadığı qeyd edilib.
Qarabağ Azərbaycanın tərkib hissəsi olduğu üçün münaqişədən sonra bölgədə qalan ermənilər Azərbaycan ərazisini tərk etmiş hesab olunmurlar. Digər tərəfdən, Azərbaycanın müxtəlif rayon və şəhərlərində yaşadıqları yeri tərk edənlərin bir hissəsi Ermənistan silahlı qüvvələrinin nəzarətində olan Xankəndində məskunlaşdırılmışdı ki, bu şəxslər də Azərbaycan ərazisini tərk etmədiyi üçün, qaçqın yox, məcburi köçkün hesab olunurlar.
“Fakt Yoxla”nın daha öncə dərc etdiyi araşdırmasında Qarabağı tərk edən azərbaycanlı məcburi köçkünlərin sayının 613 min 129 nəfər, Ermənistandan gələn qaçqınların sayı 350 min nəfər olub.
Beynəlxalq insan haqları təşkilatı olan “Human Rights Watch”un hesabatına görə, münaqişəylə bağlı 300-350 min etnik erməni Azərbaycanı tərk edib. Hesabatda hadisələr zamanı qətlə yetirilən ermənilərin sayının 68 nəfər olduğu yazılıb.
Qeyd edək ki, 1998-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanun əsasında 1988-1992-ci ildə Ermənistandan Azərbaycana miqrasiya etmiş etnik azərbaycanlılara vətəndaşlıq verilib. Buna görə də onlar qaçqın hesab olunmurlar. Qanunda qeyd olunur ki, vətəndaşlıq əldə edən qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu saxlayırlar.
Azərbaycanı tərk edən ermənilərin bir hissəsinə də Ermənistan vətəndaşlığı verilib. BMT-nin hesabatına görə, 2004-cü ilin əvvəlinədək Azərbaycandan Ermənistana köçmüş 65 000 erməniyə Ermənistan vətəndaşlığı verilib. Bu baxımdan, Azərbaycandan Ermənistana miqrasiya edən Ermənistan vətəndaşlığına keçən şəxslər də hüquqi olaraq qaçqın statusunu itiriblər.
Beləliklə, Dağlıq Qarabağ münaqişəsinə görə Azərbaycanı tərk edib Ermənistana köçən ermənilərin sayı 300-350 min arası, həmin hadisələr zamanı qətlə yetirilən ermənilərin sayı isə 68 nəfər olub.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Artak Beqlaryanın iddiası yalandır.