logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

“Trend”in “Şahdəniz” yatağı haqqında iddiası

“Trend”in “Şahdəniz” yatağı haqqında iddiası

Foto "trend.az"dan götürülüb.

“Şahdəniz” qaz-kondensat yatağında hasilat pik nöqtəyə çatandan sonra, “Cənub Qaz Dəhlizi” boyunca yerləşən ölkələrin hər birinin tələbatının iki dəfədən artıq ödənilməsi üçün kifayət qədər təbii qaz tədarük olunacaq”. 

“Trend” İnformasiya Agentliyinin dərc etdiyi xəbərdə belə deyilir. 

“Fakt Yoxla” agentliyin bu iddiasının doğru olub-olmadığını araşdırıb. 

“Trend” İnformasiya Agentliyi bu məlumatı “bp” şirkətinə istinadən yayıb. 

Şirkətin açıqlamasında qeyd olunur ki, “Şahdəniz”də hasilat pik həddə çatanda “Cənub Qaz Dəhlizi” boyunca yerləşən ölkələrin paytaxtlarının enerji ehtiyacını ödəmək üçün kifayət qədər‒iki dəfədən çox qaz tədarük olunacaq. Beləliklə, “bp”nin açıqlamasında ölkələrin yox, dəhliz boyunca yerləşən ölkələrin paytaxtlarından bəhs olunur.

 

Skrinşot “Trend” İnformasiya Agentliyinin səhifəsindən götürülüb.

Energetika Nazirliyinin “Cənub Qaz Dəhlizi” ilə bağlı açıqlamasında bildirilir ki, layihənin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Qaz Boru Kəməri, TANAP və TAP vasitəsilə ilkin olaraq Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir. 

“Cənub Qaz Dəhlizi” layihəsinin rəmsi saytında qeyd edilir ki, “Şahdəniz-2” (SD2) dünyada ən böyük və mürəkkəb qaz layihələrindən biri və Xəzər dənizində ilk sualtı infrastrukturdur. 

SD2 layihəsi SD1 layihəsi üzrə illik hasil edilən 10,9 mlrd. kubmetr qaz həcminə 16 mlrd. kubmetr qaz əlavə edəcək. Beləliklə, bu layihələrdən əldə edilən illik hasilat 26,9 mlrd. kub metrə çatmış olacaq.

Foto Energetika Nazirliyinin rəsmi səhifəsindən götürülüb.

 

“Cənub Qaz Dəhlizi” boyunca yerləşən ölkələr Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya, Bolqarıstan və İtaliyadır.

“Cənub Qaz Dəhlizi” boyunca yerləşən ölkələrin təbii qaza olan illik tələbi 138 mlrd. kub metrdir. 

“Şahdəniz” yatağında hasilat pik həddə çatdıqda bu dəhliz vasitəsi ilə 27 mlrd. kub metrə yaxın təbii qaz nəql etmək mümkün olacaq. Bu isə dəhliz boyu yerləşən ölkələrin qaza olan illik tələbatından beş dəfə aşağıdır.

“Cənub Qaz Dəhlizi” boyu ölkələrdə qaza olan illik tələbat

Ölkələr  (mlrd. kub metr)
İtaliya 70,8
Türkiyə 43,2
Azərbaycan 11,8
Yunanıstan 5,1
Bolqarıstan 3,3
Gürcüstan 2,5
Albaniya 1,76
Cəmi 138,46

Beləliklə,  “bp”  “Şahdəniz” yatağının “Cənub Qaz Dəhlizi” boyunca yerləşən ölkələrin tələbatının iki dəfədən artıq ödənilməsi üçün kifayət qədər təbii qaz tədarük olunacağına dair məlumat yaymayıb. Yataqdan çıxarılacaq qazın həcmi pik həddə çatsa belə, bu, dəhliz ölkələrinin illik tələbatından 5 dəfə az olacaq.  

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, “Trend” agentliyinin iddiası saxtadır.

Saxta Xəbər
  • 14 İyun, 2021
  • 611

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə