logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

“Sputnik.az”: “ABŞ oliqarxları bazarları çökdürdülər"

“Sputnik.az”: “ABŞ oliqarxları bazarları çökdürdülər"

“9 mart 2020-ci il, qara bazar ertəsi günü ABŞ oliqarxları bazarları çökdürdülər”.

Bu iddiaya “sputnik.az” saytında dərc olunmuş “ABŞ Donbası nə vaxt yandıracaq” adlı məqalədə yer verilib.

“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.

Əvvəla, müəllifin yazıda “ABŞ oliqarxları” deyərkən tam olaraq kimləri nəzərdə tutduğu qeyri-müəyyəndir. Çünki oliqarxlar yalnız oliqarxik sistemlərdə mövcud ola bilər. 

ABŞ isə demokratik rejimlə idarə olunan bir dövlətdir və bu ölkədə bilinən mənada oliqarxik sistem yoxdur. Bu baxımdan müəllifin “ABŞ oliqarxları” ifadəsi qeyri-adekvat və qeyri-korrektdir. Buna görə də biz yuxarıdakı iddianı müəllifin “ABŞ oliqarxları” adı ilə Amerika biznes elitasını assosiasiya etdiyini hesab edərək təftiş edəcəyik.

9 mart 2020-ci ildə qlobal səhm bazarlarında böyük çöküş yaşandı. Tarixə növbəti “qara bazar ertəsi” kimi düşən bu gündə dünyanın əksər öndə gələn fond birjalarında kəskin düşüşlər qeydə alındı. Belə ki, 9 mart 2020-ci ildə ABŞ fond bazarının əsas indeksləri sayılan S&P 500 indeksi 225.81 bənd və ya 7.6%, Nasdaq 624.94 bənd və ya 7.29% və Dow Jones Sənaye indeksi 2013.76 bənd və ya 7.79% geriləməyə məruz qaldı.

Eyni gündə London birjasının indeksi FTSE 100 7.7%, Fransanın CAC 40 indeksi 8.4%, Yaponiyanın Nikkei indeksi 5.1%, Honq-Konqun Hang Seng indeksi 4.2%, Avstraliyanın S&P/ASX 200 indeksi isə 7.3% dəyər itirib

Düşüşlər bütün həftə boyunca davam etdi və növbəti həftənin başlanğıcında, yəni 16 martda yaşanan böyük çöküş fond bazarları üçün “yeni qara bazar ertəsi” kimi tarixə keçdi. 

2020-ci ilin əvvəlindən koronavirus pandemiyası bütün dünyada sürətlə yayılmağa başladı. Koronavirusun yaratdığı iqtisadi durğunluq isə qlobal səviyyədə neftə olan tələbatı azaltdı. Bu səbəbdən OPEC ölkələri qiymət düşüşünü önləmək üçün hasilatın azaldılması ilə bağlı 5 martda Vyanada razılığa gəldilər. Lakin daha sonra OPEC və Rusiya hasilatın azaldılması məsələsində konsensusa gələ bilmədilər. 

Bundan sonra Səudiyyə Ərəbistanı neft hasilatını 2020-ci ilin aprelindən gündəlik 10 milyon barelədək, lazım gəldiyi halda isə gündəlik 12 milyon barelədək artıra biləcəyini elan etdi. 

Bununla yanaşı, Səudiyyə Ərəbistanı növbəti aydan istehlakçılar üçün neftin hər barelini 6-8 dollar aşağı qiymətə satacağını da bildirdi. Bütün bunların fonunda neft bazarında qiymətlər 30%-dən çox düşüşə məruz qaldı. 

Neft bazarındakı bu nəhəng düşüş isə 9 martda qlobal səhm bazarlarında haqqında bəhs etdiyimiz çöküşə gətirib çıxardı. Təbii ki, bu çöküşdə koronavirusun neft bazarına dolayı təsiri ilə yanaşı, investorlar arasında yaratdığı qeyri-müəyyənlik və panika da əsas amillərdən idi. 

9 mart 2020-ci ildə bazarlarda qorxu səviyyəsini ölçən VIX indeksi 62.12 səviyyəsinə qədər artdı. Bu, 2008-ci il maliyyə böhranından sonra VIX indeksinin gördüyü ən yüksək səviyyə idi.

Göründüyü kimi, 9 mart 2020-ci ildə qlobal səhm bazarlarında baş verən çöküş hansısa maraq qruplarının təsiri olmadan, spontan baş verib. Bu çöküşün amerikalı zəngin iş adamları tərəfindən edildiyinə dair heç bir fakt mövcud deyil.

“Fakt Yoxla”-nın gəldiyi nəticəyə görə, “sputnik.az”ın iddiası anti-Qərb propaqandasıdır.

Anti-qərb dezinformasiyası
  • 28 Mart, 2022
  • 2261

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə