“Testlər 70 faiz səhv nəticə göstərir, yoluxmalar buna görə artır”.
“Milli.az”, “Sfera.az” xəbər saytına istinadən, heç bir tibbi mənbəyə əsaslanmadan belə xəbər paylaşıb.
Xəbərdə pandemiyanın ilk dönəmlərində 40% səhv ehtimalı olan testlərin, mutasiyaların ortaya çıxmasından sonra 60-70% “yalançı neqativ” nəticələr göstərdiyi bildirilir.
“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.
COVID testlərinin hər zaman yanlış göstərə bilmə ehtimalı mövcuddur. Bu ehtimal, hələ virus yeni yayılmağa başlayanda da səsləndirilirdi.
Harvard Sağlamlıq Bloqunda yayılan məqalədə də bu ehtimaldan bəhs edilib.
Müəllif Robert Şmerlinq tərəfindən hazırlanan məqalədə deyilir ki, yanlış neqativ göstərmənin ehtimalı 20% civarındadır, yanlış pozitiv göstərmə ehtimalı isə sıfıra yaxındır.
Ancaq, COVID-19-un yeni növləri ortaya çıxdıqca testlərin bu mutasiyaları təyin edə bilmədiyi, bəzən yanlış göstərdiyi iddiaları da səslənir.
ABŞ-ın Qida və Dərman Agentliyi (FDA) bildirib ki, yeni mutasiyalar testlərin nəticələrini dəyişə bilsə də, bu ehtimal çox aşağıdır. Bununla belə, agentlik səhiyyə işçilərinə daha diqqətli olmağı məsləhət görür.
Ən böyük test hazırlayan 2 şirkət - “Quest Diagnostics” və “LabCorp” bildirirlər ki, Böyük Britaniya ştammının testlərin doğruluğuna təsir etdiyini müşahidə etməyiblər.
Beləliklə, mutasiyaların testlərin nəticəsinə təsir etmək ehtimalı olsa da, bu, 70 faiz yox, ən yuxarı halda 20 faiz civarındadır.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, xəbər saxtadır.