logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Kamran Həsənlinin Zelenskinin yalnız Ərdoğan və Əliyevə təşəkkür etdiyinə dair iddiası

Kamran Həsənlinin Zelenskinin yalnız Ərdoğan və Əliyevə təşəkkür etdiyinə dair iddiası

“Zelenski nə Baydenə, nə Makrona, heç kimə təşəkkür bildirməyib. Yalnız Ərdoğan və İlham Əliyevin adını çəkərək onlara təşəkkür bildirib”.

Aparıcı Kamran Həsənli “Musavat TV”-də yayımlanan veriliş zamanı Ukraynadakı müharibə barədə danışarkən belə deyib.

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb.

Fevralın 24-də Rusiya qoşunları Prezident Vladimir Putinin göstərişi ilə Ukraynada hərbi əməliyyatlara başlayıb. Müharibə başlayandan bu günə qədər Qərb, eləcə də bəzi post-sovet dövlətləri Rusiyanın Ukraynaya hərbi təcavüzünü qınayıb.

Müharibə başlayandan sonra Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə “Təhlükəsizlik Zirvəsi” toplanıb. Görüşdən sonra Rusiyanın hücumunun beynəlxalq hüquqa zidd olduğu və qəbuledilməz olduğu bildirilib. Həmçinin, Türkiyənin Ukraynanın siyasi birliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəkləməyə davam edəcəyi vurğulanıb

Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin sona çatması üçün Ukrayna ilə Rusiya arasında vasitəçi kimi çıxış etmək təşəbbüsünə görə Ərdoğana təşəkkür edib.

Azərbaycan Ukraynaya humanitar yardımlar məsələsində əsaslı addımlar atsa da, siyasi bəyanatlarda hadisələrin yalnız “narahatlıq doğurduğunu” deməklə kifayətlənib. Ukraynaya təcavüzdən az əvvəl Rusiya ilə imzaladığı müttəfiqlik bəyannaməsinə baxmayaraq, Azərbaycan iki ölkə arasındakı müharibəyə münasibətdə neytral mövqe tutub.

Fevralın 26-da Prezident Zelenski İlham Əliyevə zəng edib. O, atəşkəsin əldə edilməsi, qarşıdurmanın siyasi müstəviyə keçirilməsi üçün göstərdiyi səylərinə, Ukrayna əhalisinə dərman preparatları və tibbi avadanlıqlar göndərdiyinə görə İlham Əliyevə təşəkkür edib.

Lakin bu dövr ərzində Zelenskinin təşəkkür etdiyi şəxslər yalnız Ərdoğanla Əliyev olmayıb. Ukrayna Prezidenti fevralın 25-də rəsmi tvitter hesabında Ukraynaya verdiyi dəstəyə görə ABŞ Prezidenti Co Baydenə təşəkkür edib. Zelenski mart ayında Baydenə Rusiyadan neft, təbii qaz və kömür idxalını qadağan etdiyinə görə təşəkkür edib.

Fransa Prezidenti Emmanuel Makrona gəlincə, Zelenski ona da təşəkkür edib. Zelenskinin fevralın 26-da tvitter hesabında paylaşdığı postda Makrona xitabən yazıb ki, o, Ukraynanın əsl dostudur. 

“Deməliyəm ki, o Ukraynanın əsl dostudur. Fransa ən çətin anlarda yanımızdadır, Rusiyanın “SWİFT”dən çıxarılmasına, Putinə qarşı sanksiyaların tətbiqinə və müdafiəmiz üçün silahların təmin edilməsinə dəstək verib. Fransaya təşəkkür!”, ‒ deyə Zelenski bildirib.

Ukrayna Prezidentinin təşəkkürü dörd siyasətçi ilə bitməyib. Zelenski Avropa Şurasının Brüsseldə toplanan liderlərinin sammitində videokonfrans vasitəsilə çıxış edərkən Ukraynaya verdiyi dəstəyə görə Avropaya təşəkkürünü ifadə edib. Zelenski müharibədən qaçan 2,8 milyon ukraynalıya qapı açdığına görə Polşa parlamentinə də təşəkkür etmişdi. 

Zelenski ukraynalı müharibə qaçqınları üçün 35 milyon dollar ianə toplayan amerikalı aktyor Eşton Katçer və onun həyat yoldaşı, əslən ukraynalı olan amerikalı aktrisa Mila Kunisə də təşəkkür edib.

Zelenski hətta çıxışlarının birində Rusiyanın “1-ci” kanalında canlı yayımda aparıcının arxasında müharibəyə etiraz  şüarı açan jurnalist Marina Ovsyannikovaya istinad edərək, “dezinformasiyaya qarşı mübarizə aparan və həqiqəti yaymaqdan əl çəkməyən” ruslara da təşəkkür edib.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Kamran Həsənlinin iddiası əsasən yanlışdır.

P.S. Kamran Həsənli ilə müsahibə aprelin 9-da yayımlandığından, aparıcının iddiasının doğruluğu onun açıqlama verdiyi tarixə qədər olan məlumatlar əsasında yoxlanılıb. 

Əsasən yanlış
  • 30 Aprel, 2022
  • 1819

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə