“2003-cü ildəki qiyam cəhdinin və 2005-ci ildəki narıncı inqilabın arxasında kim dayanırdı? Kim hakim sinfi parçalamağa və onun narazı (ələ alınmış) hissəsinin Qərb QHT-lərində yetişdirilmiş inqilabçı kütlələrlə konsolidasiyasına nail olmağa çalışırdı? Kollektiv Qərb”.
Jurnalist Eynulla Fətullayevin “virtualaz.org” saytında yayımlanan “Amerikalılar Azərbaycan əleyhinə yeni "beşinci kolon" hazırlayır” başlıqlı məqaləsində belə iddia edilir.
Müəllif 2003 və 2005-ci illərdə keçirilən prezident və parlament seçkilərinin nəticələrinə etiraz aksiyalarını nəzərdə tutur.
“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.
2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkiləri namizədlərin sayına görə ən “kütləvi”, tərkibinə görə isə ən samballı seçki idi. Heydər Əliyevin varisi, 42 yaşlı İlham Əliyevə qarşı siyasi spektrdə kifayət qədər nüfuz sahibi olan namizədlər dururdu:
İsa Qəmbər – parlamentin sabiq sədri;
Lalə-Şövkət Hacıyeva - sabiq dövlət katibi;
Etibar Məmmədov - Xalq hərəkatının liderlərindən biri;
İlyas İsmayılov – sabiq baş prokuror və ədliyyə naziri;
Sabir Rüstəmxanlı - 1992–1995-ci illərdə mətbuat və informasiya naziri;
Hafiz Hacıyev - Müasir Müsavat Partiyasının sədri.
Seçkilərin rəsmi nəticəsinə görə, İlham Əliyev 76,84%-lə prezident seçildi.
Müxalifət fəalları İsa Qəmbərin daha çox səs topladığını iddia edərək Müsavat Partiyasının qərargahı qarşısına yığışmağa başladılar.
İlkin nəticələr açıqlandıqdan sonra toplaşan insanların sayı artmağa, nəticədə polislə qarşıdurmalar baş verməyə başladı. Növbəti gün, oktyabrın 16-da isə səslərin saxtlaşdırılığını iddia edən müxalifət fəalları Azadlıq meydanına yığışdılar. Hüquq-mühafizə orqanları etirazçılara sərt müdaxilə etdi, yüzlərlə şəxs həbs edildi, bir o qədər insan yaralandı, bir nəfər isə həyatını itirdi.
Həbs olunanlardan Arif Hacılı, Sərdar Cəlaloğlu, Pənah Hüseyn, Rauf Arifoğlu, İqbal Ağazadə 2005-ci ilin martında əfv edildilər. Bir sıra müxalifət fəalları əsassız hesab etdikləri bu həbslərlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etdi və məhkəmə dörd müxalifət təmsilçisinin şikayətini təmin etdi.
ATƏT-in 12 noyabr 2003-cü ildə yayılan hesabatında deyilir ki, 2003-cü il oktyabrın 15-də keçirilmiş prezident seçkiləri ATƏT-in öhdəliklərinə və demokratik seçkilərlə bağlı digər beynəlxalq standartlara cavab verməyib. Ümumi proses həqiqi seçki prosedurunun həyata keçirmək üçün kifayət qədər siyasi öhdəliyin olmadığını əks etdirib.
Sənəddə seçkiqabağı dövrdə geniş hədə-qorxuların olduğu, namizədlərə qeyri-bərabər şəraitin yaradıldığı, səslərin hesablanması və nəticələrinin tərtib edilməsində ciddi nöqsanların baş verdiyi bildirilib.
Hesabatda qeyd olunur ki, seçki rəsmiləri və müxalifət fəallarının geniş şəkildə həbsləri ilə nəticələnən seçkidən sonrakı zorakılıqlar seçki prosesini daha da pozub. Yekun nəticələrin açıqlanmasına sayılı günlər qalmış beynəlxalq müşahidəçilərin MSK-da seçkidən sonrakı fəaliyyəti izləməsinə icazə verilməyib. İctimai mitinqlərə və yerli vətəndaş təşkilatlarının müşahidəsinə ciddi məhdudiyyətlər qoyulub.
“Human Rights Watch” beynəlxalq insan haqları təşkilatı 22 yanvar 2004-cü ildə 2003-cü il prezident seçkiləri barəsində hesabat dərc edib. Sənəddə deyilir ki, seçkidən öncə polis zorakılığı və əsassız saxlanılmalar əhalini və müxalifət tərəfdarlarını qorxutmağa xidmət edib.
Hesabatda hökumətin seçki günü İlham Əliyevin qələbəsini təmin etmək üçün ölkədə indiyə qədər yerləşdirilmiş ən böyük beynəlxalq seçki monitorinq qrupunun qarşısında bütün ölkə boyu yaxşı təşkil olunmuş saxtakarlıq kampaniyası həyata keçirdiyi qeyd olunub: “Seçkidən sonra baş verən etirazlara hökumət qəddar və həddindən artıq zorakılıqla cavab verib. Təhlükəsizlik qüvvələri yüzlərlə nümayişçini döyərək huşsuz vəziyyətə salıb və ən azı bir etirazçını öldürüb”.
Bundan başqa, bir çox yazılarda seçkilərlə bağlı müxtəlif tənqidlər irəli sürülüb.
Keçmiş Seçki Saxtakarlığı və Repressiyalara Qarşı Mübarizə Komitəsinin sədr müavini Səftər Nəhmətov deyib ki, beynəlxalq qurumların israrlı müraciətlərinə baxmayaraq Azərbaycan hökuməti baş verən işgəncə hallarını araşdırmağa real təşəbbüslər göstərməyib.
2005-ci ilin noyabr ayında Milli Məclisə keçirilən seçkilərin rəsmi nəticələrinə əsasən hakim Yeni Azərbaycan Partiyası 61 mandat qazanaraq qələbə qazandı. Seçkilərdən öncə müxalif partiyaların ittifaq məqsədilə yaratdığı “Azadlıq” bloku isə 6 üzvlə təmsil olunmaq hüququ əldə etdi. Ancaq blok bu nəticələri rəsmən tanımadı, seçkilərin saxtalaşdırıldığını bildirdi. Nəticədə 9-26 noyabr tarixləri arasında etiraz aksiyaları keçirildi. Ən kütləvi etiraz aksiyası isə 26 noyabrda baş tutdu.
Polisin etirazlara sərt müdaxiləsi ilə 500-dən çox aksiyaçı yaralandı. Bu hadisələr Bakıdakı diplomatik missiyalar tərəfindən kəskin tənqid olundu. ABŞ səfirliyinin bəyanatında deyilirdi: “Biz sərbəst toplaşmaq hüququndan dinc şəkildə istifadə edən vətəndaşlara qarşı əsassız şəkildə qüvvə işlədilməsini pisləyirik. Hakimiyyəti araşdırma aparmağa, bu hallara görə məsuliyyət daşıyanları cəzalandırmağa, həmçinin, bu gərgin post-seçki dövründə bütün Azərbaycan vətəndaşlarını təmkinli olmağa və hisslərini cilovlamağa çağırırıq”.
ATƏT-in 1 fevral 2006-cı ildə dərc olunan hesabatında deyilir ki, seçki məntəqələrində səslərin sayılması və nəticələrin Dairə Seçki Komissiyalarında cədvəlləşdirilməsi zamanı ciddi pozuntular müşahidə olunub. Sənəddə bildirilir ki, ümumilikdə 6 noyabr 2005-cı il parlament seçkiləri ATƏT-in bir sıra öhdəliklərinə və demokratik seçkilər üzrə digər beynəlxalq standartlara cavab verməyib.
Göründüyü kimi, Eynulla Fətullayevin iddiasının əksinə olaraq 2003 və 2005-ci il prezident və parlament seçkilərindən sonra keçirilən etiraz aksiyaları seçkilərin saxtalaşdırılması səbəbi ilə baş verib. Seçkilərin saxtalaşdırıldığı faktları isə beynalxalq müşahidəçilərin hesabatlarında da öz əksini tapıb.
“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, Eynulla Fətullayevin iddiası anti-Qərb propaqandasıdır.