logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Bloger Həbib Müntəzirin COVID-19 vaksini ilə bağlı iddiası

Bloger Həbib Müntəzirin COVID-19 vaksini ilə bağlı iddiası

Bloger Həbib Müntəzir 2020-ci il dekabrın 30-da feysbukda yazıb ki, Çin istehsalı olan və Azərbaycana gətirilməsi ehtimal edilən vaksinlərə Çində qadağa qoyulub. Bloger bu məlumatı yayarkən Çinin İstanbuldakı konsulunun açıqlamasına istinad edib.

“1 həftə əvvəl yerli agentliklərdə xəbər çıxdı ki, Azərbaycan höküməti Türkiyədən 4 milyon ədəd koronavirus vaksini almağı qarara alıb. Qarşılığında isə 80 milyon manat civarında vəsait ödəniləcək. Bu gün isə Çinin İstanbuldakı konsulu Cui Wei Türkiyəyə gətirilən vaksinin Çində istifadəsinin hazırda yasaq olduğunu açıqlayıb”, – deyə o, bildirib.

Skrinşot bloger Həbib Müntəzirin “facebook” hesabından götürülüb.

 

Bəs, bu iddia necə yayılıb? Dekabrın sonunda Türkiyə Çindən 3 mln. dozalıq peyvənd alıb. Faktların yoxlanılmasını həyata keçirən “teyit.org” saytına görə, bundan sonra Türkiyədə bir sıra saytlar və sosial şəbəkə istifadəçiləri bu peyvəndlərin Çində istifadəsinin qadağan edildiyini yazıblar. Bu açıqlamanı yayanlar Çinin İstanbuldakı Baş Konsulu Cui Weiin “A Haber” telekanalına verdiyi müsahibəsinə istinad ediblər.

Əslində isə, Baş Konsul sınaq mərhələsi başa çatdırılmayan peyvəndlərin kütləvi şəkildə istifadəsinə icazə verilmədiyini deyib. O, əlavə edib ki, Çin qanunvericiliyinə görə, 3-cü fazada sınaqları davam etdirilən vaksinlər ancaq risk qrupuna daxil olan şəxslər üçün təcili vəziyyətlərdə istifadə edilib. Türkiyəyə gətirilən “Sinovac Biotech Ltd”nin istehsal etdiyi “CoronaVac” vaksininin bu məqsədlə istifadəsi haqqında qərar 2020-ci il iyulun 22-də qəbul olunub. 

Məsələ burasındadır ki, Baş Konsulla müsahibə noyabrın 27-də efirə gedib, dekabrda yayılan məlumatlarda isə onun açıqlaması kontekstdən çıxardılaraq yenidən tirajlanıb. Həbib Müntəzir də bu paylaşımı Çində vaksinin yasaq edildiyinə dair yayılan məlumatlarla eyni tarixdə – dekabrın 30-da paylaşıb. Çinin İstanbuldakı Baş Konsulluğu dekabrın 31-də bu vaksinin Çində tətbiqinin qadağan edildiyinə dair yayılan məlumatları təkzib edib. Konsulluq artıq vaksinlərin Çinin müxtəlif əyalətlərində kütləvi şəkildə vurulduğunu açıqlayıb. 

Skrinşot Çinin İstanbuldakı Baş Konsulluğunun tvitter səhifəsindən götürülüb.

Beləliklə, Türkiyəyə gətirilən və Çin istehsalı olan “CronaVac” peyvəndinin istifadəsinə qadağa qoyulmayıb. Bu vaksinin təcili hallarda vurulmasına ötən ilin iyulundan icazə verilib. Vaksin kütləvi şəkildə tətbiq olunmayıb. Bunun səbəbi isə onun 3-cü sınaq mərhələsində olması ilə bağlı olub.  

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Həbib Müntəzirin Türkiyəyə gətirilən  peyvəndin Çində istifadəsinin yasaqlandığına dair iddiası saxtadır.

Saxta
  • 5 Yanvar, 2021
  • 2067

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə