logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

AZƏRTAC: “Azərbaycan GRECO-nun hesabatında Avropa Şurasına üzv 50 ölkə arasında 7-ci yerdədir”

AZƏRTAC: “Azərbaycan GRECO-nun hesabatında Avropa Şurasına üzv 50 ölkə arasında 7-ci yerdədir”

İyunun 3-də Strasburqda Avropa Şurasının antikorrupsiya monitorinq orqanı – Korrupsiyaya Qarşı Dövlətlər Qrupunun (GRECO) 2019-cu ildə fəaliyyətini əks etdirən hesabatın təqdimatı keçirilib. 

AZƏRTAC agentliyinin yazdığına görə, Azərbaycan qurumun tövsiyələrini 61.9% icra edib.

“Ölkəmiz bu göstərici üzrə Avropa Şurasına üzv 50 ölkə arasında 7-ci yerdə, MDB ölkələri arasında isə 1-ci yerdədir”, ‒ deyə agentlik vurğulayıb.

“Fakt Yoxla”  agentliyin bu iddiasının doğru olub-olmadığını yoxlayıb.

“GRECO”nun reytinq göstəricilərinə keçməzdən əvvəl Avropa Şurasına üzv dövlətlərin sayına aydınlıq gətirmək lazımdır. 

Agentlik bu quruma üzv ölkələrin sayı ilə bağlı yanlışlığa yol verib. Belə ki, Avropa Şurasına 50 yox, 47 üzv dövlət var. Müqaviləni imzalayan dövlətlərin sayı 50-dir. Belə ki, 1999-cu ildə yaradılan “GRECO”ya Avropa Şurası üzvlərindən başqa Belarus, Qazaxıstan və ABŞ da qoşulub.

Qurumun məqsədi, üzv ölkələrin Avropa Şurasının antikorrupsiya standartlarına uyğun fəaliyyət göstərib-göstərmədiklərini izləmək və bu ölkələrin korrupsiyaya qarşı mübarizə potensialını artırmaqdır.  

İndiyə qədər “GRECO”nun İyirmi Rəhbər Prinsip və Cinayət Qanunu Konvensiyasının bəzi müddəaları ilə əlaqəli Beş Raund Dəyərləndirmə hesabatı hazırlanıb.

Birinci mərhələ 2000-2002-ci illəri, ikinci mərhələ 2003-2006-cı illəri, 3-cü mərhələ isə 2007-2012-ci illəri əhatə edib. Dördüncü mərhələ 2012-ci ildən, beşinci mərhələ isə 2017-ci ildən başlayaraq hələ də davam edir.

“GRECO”nun sayca 20-ci hesabatı martın 25-də dərc olunub. 2019-cu il üzrə korrupsiya sahəsində olan irəliləyiş və geriləmələri əhatə edən hesabat əsasən 4-cü və 5-ci qiymətləndirmə mərhələsində nəzərdə tutulan tövsiyələrin icrası ilə bağlıdır.

Hesabatda 29 ölkənin ehtiyatlı büdcə idarəetməsi, effektiv qənaət və əlavə maliyyə vəasiti hesabına “GRECO” tərəfindən verilən tövsiyələrin bir çoxunu vaxtında yerinə yetirə bildiyi vurğulanır. Bu ölkələr arasında Azərbaycanın yox, qonşu ölkələr– Gürcüstan, Ermənistan və Rusiyanın adı çəkilir.

Hesabat əsasən parlament üzvləri, hakimlər və prokurorların fəaliyyətində korrupsiyanın qarşısının alınması məsələlərini əhatə edir. Hər sahədə tövsiyələrin icra səviyyəsi tətbiq edilən, qismən tətbiq edilən və tətbiq edilməyən olmaqla üç kateqoriyaya bölünüb, sonda isə yekun qiymətləndirmə aparılıb.

42 ölkə üzrə göstəriciləri əks etdirən hesabata görə, Azərbaycanda parlament üzvləri tövsiyələrin 50%-ni icra edib, 25%-ni qismən icra edib, 25%-ni isə icra etməyib. 

Hakimlərin fəaliyyətində isə tövsiyələrin 57,1%-i icra olunub, 28.6%-i qismən icra olunub, 14.3%-i isə icra olunmayıb. Prokurorların fəaliyyətinə dair tövsiyələrin isə 70%-i icra edilib, 20%-i qismən icra edilib, 10%-i isə icra edilməyib. 2019-cu ilə dair bu hesabatda Azərbycanın ümumilikdə tövsiyələrin 61,9%-ni icra etdiyi, 23,8%-ni qismən icra etdiyi, 14,3%-ni isə icra etmədiyi vurğulanır.

Azərbaycan yekun qiymətləndirməyə görə, 9-cu sırada qərarlaşıb. Bolqarıstan, Estonya, Finlandiya, Latviya, Norveç, Sloveniya, İsveç və Birləşmiş Krallıq Azərbaycanı qabaqlayıb. 

MDB-dən isə siyahıda yalnız 3 dövlət - Azərbaycan, Moldova və Ermənistan yer alıb. Azərbaycan bu ölkələr sırasında ən yaxşı göstəriciyə malikdir. 

Hazırda MDB-nin 9 üzv ölkəsi var və bu ölkələrdən 4-ü müqavilə iştirakçısıdır.

Korrupsiyaya Qarşı Dövlətlər Qrupunda 

ilk 10-luqda olan ölkələr

1. Ölkələr

Parlament

üzvləri (%)

Hakimlər (%) Prokurorlar (%) Ümumi faizi
1. Finlandiya 100 100 100 100
2. Norveç 100 100 100 100
3. Birləşmiş Krallıq 100 50 100 87,5
4. İsveç 60 100 100 75
5. Estoniya 42.9 80 100 73,7
6. Latviya 50 85.7 66.7 68,8
7. Sloveniya 0 75 89 66,7
8. Bolqarıstan 50 55.6 83.3 63,2
9. Azərbaycan 50 57.1 70 61,9
10. İslandiya 75 0 75 60

2018-ci il hesabatında isə Milli Məclis üzvlərinin fəaliyyətində tövsiyələrin 50%-nin icra olunmadığı, 50%-nin isə qismən icra olunduğu göstərilirdi. Hakimlərin fəaliyyətində tövsiyələrin 57.1%-nin icra olunduğu, 28.6%-nin qismən icra olunduğu, 14.3%-nin isə icra olunmadığı, prokurorların fəaliyyətində 60%-in icra olunduğu, 40%-nin isə icra olunmadığı qeyd edilib. Həmin hesabat üzrə yekun qiymətləndirmə aparılmayıb. 2019-cu il hesabatı ilə müqayisə zamanı aydın olur ki, hakimlərin fəaliyyətində bir dəyişiklik olmayıb. Digər iki sahədə irəliləyişlər qeydə alınıb.

Beləliklə, AZƏRTAC-ın Azərbaycanın “GRECO”nun tövsiyələrini yerinə yetirməsi ilə bağlı yazdığı faiz göstəricisi doğru olsa da, agentlik  sıralama ilə bağlı yalnışlığa yol verib. Azərbaycan iddiada göstərildiyi kimi 7-ci yox, 9-cu sıradadır. Nəzərə almaq lazımdır ki, reytinq müqaviləyə üzv olan 50 ölkənin 42-si üzrə hazırlanıb. Əlavə olaraq, Azərbaycan siyhıda MDB ölkələri arasında ilk yeri tutsa da, reytinqdə MDB-dən cəmi 3 ölkənin olması iddianın doğruluq payını azaldır. 

“Fakt Yoxla”nın gəldiyi nəticəyə əsasən, AZƏRTAC-ın iddiası yarı doğrudur.

Yarı doğru
  • 8 Dekabr, 2020
  • 6870

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə