Prezident İlham Əliyev Qırğızıstanın paytaxtı Bişkekdə Heydər Əliyev adına Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılışında mərhum Prezident Heydər Əliyevin Azərbaycanın hərbi quruculuq tarixindəki rolundan da danışıb.
“Diqqətinizə çatdırmaq istərdim ki, Heydər Əliyev tərəfindən əsası qoyulan hərbi quruculuq işləri bu gün bizə öz ərazilərimizi uğurla müdafiə etməyə imkan verir. 70-ci illərdə məhz onun qərarı ilə Bakıda general Cəmşid Naxçıvanski adına hərbi məktəbin əsası qoyuldu”, – deyə Əliyev vurğulayıb.
“Fakt Yoxla”, Prezidentin bu iddiasını analiz edib.
Azərbaycan Xalq Cümhuriyyəti dövrü
Azərbaycanda ilk milli hərbi strukturların yaradılması üçün ilk addımlar XX əsrin əvvəlində atılıb. Azərbaycanda milli qoşun hissələrinin təşkili 1917-ci ilin noyabrında Zaqafqaziya Komissarlığı tərəfindən rəsmiləşdirilmişdi.
Dekabrın 17-də Müsəlman (Azərbaycan) Korpusunun yaradılması haqqında qətnamə qəbul edildi. Qətnaməyə əsasən, general-leytenant Əliağa Şıxlinski Korpusun komandiri təyin edildi və milli qoşunun formalaşdırılması işləri ona tapşırıldı.
Müsəlman Korpusunda zabit kadrlarının hazırlanması məqsədilə Bakıda Milli Hərbiyyə Məktəbinin açılması da nəzərdə tutulurdu. 1918-ci ildə açılan məktəb Gəncədə fəaliyyətə başlasa da, mart hadisələri nəticəsində tədris prosesi təxirə salındı. Onun fəaliyyəti Azərbaycan Xalq Cümhuriyyəti (AXC) müstəqilliyini elan edəndən sonra bərpa olundu.
Skrinşot M.Süleymanovun “Azərbaycan ordusunun tarixi” kitabından götürülüb
1918-ci il mayın 28-də Tbilisidə müstəqilliyini elan edən AXC-nin ilk müvəqqəti hökümət kabineti də elə həmin gün müəyyənləşdirildi. Fətəli xan Xoyskinin rəhbərlik etdiyi hökümətdə həm də Hərbi Nazirlik strukturu yaradıldı. Xosrov paşa Sultanov ilk hərbi nazir təyin edildi. Hökümətin iclası zamanı AXC-də müdafiə və hərbi quruculuq sahəsində ilk addımların atılması qərarlaşdırıldı.
1918-ci ilin iyunun 4-də Batumda AXC və Osmanlı hökümətləri arasında müqavilə imzalandı. Bu müqavilə AXC-nin hərbi əlaqələri üçün yeni istiqamət açdı. Müqaviləyə əsasən, Osmanlının Azərbaycana hərbi yardım göstərməsi nəzərdə tutulurdu.
Birinci hökümət kabinetinin buraxılması nəticəsində Hərbi Nazirlik ləğv edildi. Hökümətin qərarı ilə Azərbaycanda ordu quruculuğu Qafqaz İslam Ordusunun komandanı Nuru Paşaya həvalə olundu. Hökumət strukturunda isə Qafqaz İslam Ordusu komandanlığı ilə əlaqələri nizamlayacaq hərbi işlər üzrə baş müvəkkil vəzifəsi təsis olunmuş və İsmayıl xan Ziyadxanov bu vəzifəyə təsdiq edilmişdi.
1918-ci il iyunun 15-da hökümət Gəncəyə köçdü. Bundan sonra qurulan ikinci hökümət kabinetinə başçılıq edən Fətəli xan Xoyski ölkənin müdafiə gücünün artırılması istiqamətində yeni addımlar atdı. İyunun 26-da AXC hökümətinin qərarı ilə Müsəlman Korpusu Əlahiddə Azərbaycan korpusu adlandırıldı və onun ştat cədvəlində qismən dəyişiklik edildi. Əlağa Şıxlinski korpusun komandiri kimi vəzifəsini yenə də davam etdirdi. Qeyd edək ki, bundan səksən il sonra Prezident Heydər Əliyev Əlahiddə Azərbaycan korpusunun yaradıldığı günü Silahlı Qüvvələrin yaranması günü elan edəcəkdi.
Əlahiddə Azərbaycan Korpusunun strukturu – 1918. Skrinşot M.Süleymanovun “Azərbaycan ordusunun tarixi kitabından götürülüb.
AXC höküməti ordu quruculuğu sahəsində başqa tədbirlər də həyata keçirdirdi:
Milli Hərbiyyə Məktəbi iyunun əvvəllərindən etibarən yenidən Gəncədə fəaliyyətə başladı.
Çağırışçılar üçün yaş senzi 19-a endirildi.
Səfərbərlik prosesinin təşkili üçün Daxili İşlər Nazirliyininə 5 min rubl vəsait ayrıldı.
Yelizavetpol əxzi-əsgər (əsgərliyə çağırış və ya hərbi çağırış) idarəsi Azərbaycan əxzi-əsgər idarəsi adlandırıldı və bütün ölkə üzrə çağırış işinin təşkili bu idarədə cəmləşdirildi.
1918-ci il noyabrın 1-də Hərbi Nazirlik strukturunun yenidən bərpa edilməsi ilə ordu quruculuğunda yeni mərhələ başladı. Fətəli xan Xoyski hərbi nazir, general Səməd bəy Mehmandarov isə onun müavini təyin edildi. Ordu quruculuğu prosesinin bu mərhələsi Səməd bəy Mehmandarova tapşırıldı. Bu zaman aşağıdakı tədbirlər həyata keçirildi:
Ordu quruculuğu prosesinə rəhbərlik edə bilmək üçün mərkəzi hərbi idarəetmə orqanlarının təşkilinə başlandı.
Hərbi Nazirliyin aparatı yaradıldı.
Ordunun Ümumi qərargahı təsis edildi.
1918-ci il noyabrın 22-də Hərbi Nazirlik Gəncəyə köçürüldü.
1918-ci il dekabrın 25-də Səməd bəy Mehmandarov hərbi nazir, dekabrın 29-da isə Əlağa Şıxlinski onun müavini təyin edildi. AXC hökümət kabinetləri Cümhuriyyətin süqutuna qədər bir neçə dəfə dəyişsə də, onlar bu vəzifədə sona qədər qaldılar. Bu dövr ərzində ordu quruculuğu sahəsində aşağıdakı tədbirlər həyata keçirldi:
AXC hərbi xidmətin təşkilinin hüquqi əsasda nizamlanması üçün mühüm qərarlar verdi. Rusiya imperiyasında 1917-ci ilə qədər olan qanunvericilik normaları əsasında yeni normalar hazırlandı. Bura hərbi nizamnamələr, döyüş təlimatları, hərbi xidmətin bütün sahələrini tənzimləyən sənədlər, səfərbərlik, hərbi məhkəmə işlərinin aparılması üzrə təlimatlar və s. aid idi.
Azərbaycan dili orduda dövlət dili kimi qəbul edildi. Ordudakı bütün proseslər Azərbaycan dilində aparılırdı. Dili bilməyənlər üçün dil kursları təşkil edilir, lazımi tədbirləri yerinə yetirməyən zabitlər ordudan xaric olunurdu.
Hərbi qulluqçuların milli geyim forması hazırlandı. Bu işlərlə əlaqədar yardılan xüsusi komissiyaya Əlağa Şıxlinski rəhbərlik edirdi.
Bu dövrdə ordu üçün zabitlərin hazırlanması prosesində irəliləyişlər də əldə olundu. Belə ki, Gəncədə fəaliyyətə başlamış milli hərbiyyə məktəbinin fəaliyyəti yenidən quruldu və onun statusu artırıldı. Bundan başqa, milli hərbi kadrlar hazırlayan İstehkamçılar, Hərbi dəmiryolçular və Hərbi feldşer məktəbləri də açıldı, müxtəlif bölgələrdə alaylar yaradılırdı.
1919 il iyulun əvvəllərində Hərbi Nazirliyin rəhbər orqanları yenidən Bakıya köçürüldü. Avqustda ingilislər Azərbaycanı tərk etdikdən sonra Hərbi Dəniz Qüvvələrinin, bir müddət sonra isə Hərbi Hava Qüvvələri yaradıldı.
AXC Hərbi Nazirliyi bütün bu təşkilati işləri həyata keçirməklə 1919 ilin sonunadək Azərbaycan ordusun heyətinin sayını 20 min nəfərə, ordudakı atların sayını isə 5 min başa, 1920 ildə isə ordunun sayını 40 min nəfərə, atların sayını 10 min başa çatdırmağı nəzərdə tuturdu.
Lakin 1920-ci ildə AXC-nin süqutu nəticəsində milli ordu qurucluğu prosesi yarımçıq qaldı. Həmin ərəfədə Azərbaycan Ordusunda hər biri üç piyada alayından ibarət olan 2 piyada diviziyası, 2 əlahiddə piyada diviziyası, 3 alaydan ibarət olan süvari diviziyası, artilleriya briqadası və digər hissə və bölmələr mövcud idi.
Sovet İttifaqı və ikinci müstəqillik dövrü
Azərbaycan Sovet İttifaqının tərkibində olduğu dövrdə Azərbaycan KP MK bürosunun 1971-ci il 29 aprel tarixli qərarı əsasında Cəmşid Naxçıvanski adına hərbi lisey yaradıldı. Həmin tarixdə Azərbaycan KP-nın Birinci Katibi Heydər Əliyev olub.
Azərbaycan müstəqilliyini bərpa etdiyi ərəfədə və sonrasında milli ordunun yenidən formalaşması üçün şərait yarandı. 1991-ci il avqustun 30-da Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi məqsədilə milli özünümüdafiə qüvvələrinin yaradılması haqqında qərar qəbul edildi. Bu qərarı Azərbaycan Ali Sovetinin sədri Elmira Qafarova imzalayıb.
Prezident Ayaz Mütəllibovun 1991-ci il sentyabrın 5-də imzaladığı fərmanla Azərbaycanın Müdafiə Nazirliyi təşkil edildi, Valeh Əyyub oğlu Bərşadlı Müdafiə Naziri təyin olundu. Qeyd edək ki, 1991-ci il sentyabrın 29-da imzalanmış fərmanla Müdafiə Şurası yaradıldı. Bu fərmanların hər ikisini Ayaz Mütəllibov imzalamışdı.
1991-ci il oktyabrın 9-da isə respublika Ali Soveti tərəfindən ordu quruculuğunun hüquqi bazası olan “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun qəbul edildi və Azərbaycan Silahlı Qüvvələri (ASQ) yaradıldı. Bu qanunu Ali Sovetin sədri Elmira Qafarova imzalamışdı.
1991-ci il dekabrın 9-da Azərbaycan Respublikasının Milli Şurası "Azərbaycan Respublikasının Dövlət Sərhədi haqqında" Qanun qəbul etdi. Bu qanunu həmin tarixdə Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuş Tamerlan Qarayev imzalamışdı.
Dekabrın 16-da Mütəllibovun fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Sərhədini Mühafizə Komitəsi (DSMK) yaradıldı. Mütəllibovdan sona Prezident postunu tutan Əbülfəz Elçibəyin 1992-ci il-də imzaladığı fərmanla oktyabrın 9-u Silahlı Qüvvələr günü elan edildi.
Prezident Heydər Əliyev bu fərmanı ləğv edərək 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Əlahiddə Azərbaycan korpusunun yaradıldığı 26 iyun tarixini Silahlı Qüvvələr günü elan edildi.
Beləliklə, Azərbaycanda hərbi quruculuq işlərinin əsası hələ Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu ərəfədə və onun mövcudluğu dövründə qoyulub.
Heydər Əliyev isə ordu quruculuğunda bundan təxminən 50 il sonra rol oynamağa başlayıb.
1991-1992-ci illərdə əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulan Silahlı Qüvvələrin strukturlarının fəaliyyəti bərpa olunub.
Heydər Əliyevin hakimiyyət dövrü isə 1993-cü ildən sonraya təsadüf edir.