logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Hesablama Palatası: Dövlət büdcəsi özəl investisiyaları dəstəkləyə bilməz

Hesablama Palatası: Dövlət büdcəsi özəl investisiyaları dəstəkləyə bilməz

“İri özəl investisiya layihələrinə dövlət dəstəyi” istiqaməti üzrə nəzərdə tutulan xərclərin Dövlət İnvestisiya Proqramına daxil edilməsi qanunvericiliyin tələblərinə uyğun gəlmir.

Bu qeydlər Hesablama  Palatası "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi adlı sənəddə əksini tapıb. (Bax: səh. 72-73) 

“Fakt Yoxla” Hesablama Palatasının rəyini yoxlamaq qərarına gəlib. 

2021-ci ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərcləri) həcmi 2 milyard 835 milyon manata bərabərdir.

Hesablama Palatasının büdcə haqqında rəyində deyilir ki, büdcə zərfində həmin vəsaitin 535 milyon manatının “İri özəl investisiya layihələrinə dövlət dəstəyi xərcləri” istiqamətində xərclənməsi nəzərdə tutulur.

Cədvəl: 2021-ci il üzrə Dövlət İnvestisia Proqramı (DİP) üzrə proqnozlaşdırılan xərclərin həcmi

İstiqamətlər Məbləğ (milyon manat) Xüsusi çəkisi (%)
İnfrastruktur layihələri

1737,4

61,3

İri özəl investisiya layihələrinə dövlət dəstəyi xərcləri

535,0

18,9

Sosial yönümlü layihələr

390,1

13,8

Müdafiə və Hüquq mühafizə orqanları

113,4

4

Digər layihələr

59,1

2

Dövlət İnvestisiya Proqramı - növbəti büdcə ili və sonrakı üç il üçün dövlət büdcəsi və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına kommersiya və ya qeyri-kommersiya məqsədli investisiya qoyuluşunun istiqamətini, müddətini, investisiya xərclərinin həcmini və sifarişçi təşkilatları müəyyən edən dövlət proqramıdır

“Büdcə sistemi haqqında” Qanunda mühüm investisiya layihələrini özündə əks etdirən DİP, dövlət büdcəsinin layihəsi ilə birlikdə hazırlanan və təqdim olunan sənədlərdən biri kimi müəyyən olunub.

2021-ci ildə Dövlət İnvestisiya Qoyuluşları üçün ayrılmış 2 milyard 835 milyon manatın 2 milyard 225 milyon manatı (79%) dövlət vəsaiti hesabına,  610 milyon manatı (21%) isə xarici kreditlər hesabına formalaşacaq. 

“Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi qaydaları” adlı sənəddə qeyd edilir ki, DİP çərçivəsində “investisiya xərcləri” dedikdə, dövlət orqanlarının, büdcədənkənar dövlət fondlarının və dövlət müəssisəsi aktivlərinin artırılması üçün nəzərdə tutulan xərclər nəzərdə tutulur. Yəni proqram çərçivəsində özəl sektorun həyata keçirdiyi layihələrlə bağlı xərclər nəzərdə tutulmayıb.

Həmin qaydalara görə, DİP çərçivəsində investisiya qoyuluşu, məqsədəuyğunluq (sosial-iqtisadi cəhətdən səmərəlilik), yerinə yetirilməli işlərin həcmi (investisiya xərclərinin həcmi) və müddətlərinin əsaslandırılmasını əks etdirən investisiya layihəsinə əsasən həyata keçirilir.

Ancaq DİP-in layihəsində sadəcə xərc istiqamətləri göstərilib və həmin xərc istiqamətləri üzrə investisiya layihələri büdcə zərfində əks etdirilməyib. Bu isə Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi qaydalarının investisiya layihələri ilə bağlı tələbinin pozulması deməkdir. 

Digər tərəfdən, investisiya layihələrinin açıqlanmaması “İri özəl investisiya layihələrinə dövlət dəstəyi xərcləri” istiqamətinə sərf edilən vəsaitin qanunun tələb etdiyi kimi - dövlət orqanlarının, büdcədənkənar dövlət fondlarının və dövlət müəssisəsi aktivlərinin artırılması ilə bağlı olub-olmadığı sualının cavabsız qalmasına səbəb olur.

Dövlət investisiyaları Azərbaycanda bir çox sahələrdə iqtisadi aktivliyin təmin edilməsinə və ümumilikdə ölkə iqtisadiyyatının vəziyyətinə ciddi təsir imkanlarına malikdir. Bu baxımdan, proqram çərçivəsində xərclənməsi nəzərdə tutulan vəsaitlərin “Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi qaydaları”nın tələblərinə cavab vermədən icra edilməsi investisiyaların ölkə iqtisadiyyatına təsirinin effektivliyinin azalmasına səbəb ola bilər. 

Digər tərəfdən, proqram çərçivəsində dəstək göstərilməsi nəzərdə tutulan iri özəl investisiya layihələrinin hansı şirkətlər tərəfindən həyata keçirildiyi ilə bağlı da məlumat verilmir. 

İnvestisiya proqramının hazırlanmasındakı bu çatışmazlıqlar korrupsiya, şəffaflıq və hesabatlılıq məsələləri ilə bağlı da risklər yaradır. 

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, Hesablama Palatasının Dövlət İnevstisiya Proqramı çərçivəsində “İri özəl investisiya layihələrinə dövlət dəstəyi xərcləri” istiqaməti üzrə vəsait ayrılmasının qanunvericiliyin tələblərinə cavab vermədiyi ilə bağlı iddiası doğrudur.

Doğru
  • 27 Yanvar, 2021
  • 2332

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə