logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Hicran Hüseynova: “Azərbaycanda qadına qarşı zorakılıq halları Avropa ölkələrinə nisbətdə azdır”

Hicran Hüseynova: “Azərbaycanda qadına qarşı zorakılıq halları Avropa ölkələrinə nisbətdə azdır”

“Bəli, Azərbaycanda qadına qarşı zorakılıq halları var. Lakin bu, digər ölkələrə, xüsusilə də Avropa ölkələrinə nisbətdə azdır”.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “pravda.az”a müsahibəsində belə deyib. 

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb. 

BMT-nin Qadın təşkilatının hesabatına əsasən, 2021-ci ildə 81 000 qadın və qız qətlə yetirilib. Bu qətllərin 45 mini (56%-i) gender motivi əsasında onların partnyorları və yaxın qohumları tərəfindən törədilib. 

Dünyada hər saat orta hesabla 5-dən çox qadın və ya qız öz ailə üzvü tərəfindən öldürülür. Qətllərin sayının ən yüksək olduğu qitə Asiyadır (17,800 nəfər), ikinci yerdə isə Afrika (17,200 nəfər) qərarlaşıb.

BMT-nin 2019-cu ildə dərc etdiyi “Qadın və qızların gender əsaslı qətli” adlı hesabatında bildirilib ki, 2016-cı ildə Azərbaycanda 15-49 yaş aralığında qətlə yetirilən qadınların 13,3%-i həyatı boyunca, 7,7%-i isə son on iki ayda fiziki zorakılığa məruz qalıb. Hər 100 000 qadına düşən ölüm halı isə 1.8 nəfər təşkil edib.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) 2019-cu ildə qadınlara qarşı zorakılığa dair yaydığı ən son statistikagöstəriciləri üç fərqli perspektivdən təqdim olunur:

Zorakılığa münasibət: Müəyyən şəraitdə ərin/partnyorun öz arvadını/partnyorunu döyməsinə haqq qazandıran qadınların faizi;

Həyat boyu zorakılıq halları: Bu həyatının müəyyən vaxtlarında ər/partnyor tərəfindən fiziki və ya cinsi zorakılığa məruz qalmış qadınların göstəricisidir;

Məişət zorakılığı haqqında qanunlar: Hüquqi çərçivənin qadınlara məişət zorakılığından hüquqi müdafiəni təmin edib-etməməsi.

Hicran Hüseynovanın iddiası sırf qadınlara qarşı zorakılıq halları ilə bağlı olduğundan ikinci – yəni “həyat boyu zorakılığın halları” faizinə nəzər salaq.

“OECD”in siyahısında 129 ölkə var.  Azərbaycanda qadınlara qarşı baş verən zorakılıq hallarının faizi 13,5 təşkil edib, yəni zorakılıq hallarının az müşahidə edildiyi ölkələr arasında 17-ci sırada qərarlaşıb. Başqa sözlə, digər 112 ölkədə qadına qarşı zorakılıq halları Azərbaycana nisbətdə daha çoxdur. Avropanın 10 ölkəsi qadına qarşı zorakılıq hallarının azlığına görə Azərbaycanı qabaqlayır. 

Siyahıya əsasən, Kanada 1,9%-lə ən az qadın zorakılığının müşahidə edildiyi ölkədir. Qadına qarşı ən çox zorakılıq halı 60,8 %-lə Əfqanıstanda qeydə alınıb. Həmçinin, Cənubi Qafqazın digər iki ölkəsi Ermənistan və Gürcüstanda da qadına qarşı zorakılıq halları Azərbaycana nisbətən daha az müşahidə olunur.

“OECD”: Qadına qarşı zorakılıq hallarının ən az müşahidə edildiyi ölkələr

Georgetown” Qadınlar, Sülh və Təhlükəsizlik İnstitutu tərəfindən Qadınlar Sülh və Təhlükəsizlik (WPS) İndeksi hazırlanır. Bu indeks hazırlanarkən “İntim partnyor zorakılığı” subindeksi də nəzərə alınır (Aşağıdakı cədvəldə sağdan 3-cü sütun). Azərbaycanda “intim partnyor zorakılığı” indeksi 5-dir. 170 ölkə arasında Avropadan 24 ölkədə intim partnyor zorakılığı indeksi Azərbaycanla müqayisədə daha aşağıdır. 7 ölkədə isə bu göstərici Azərbaycanla eynilik təşkil edir.

Qadınlar Sülh və Təhlükəsizlik İndeksinin ən yüksək olduğu ölkələr və Azərbaycanın həmin ölkələrlə müqayisəsi.

“Georgetown” Qadınlar, Sülh və Təhlükəsizlik İnstitutu 

Qadınlar Sülh və Təhlükəsizlik İndeksi

Beləliklə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 2019-cu ildəki hesabatına əsasən, Azərbaycanda qadınlara qarşı müşahidə edilən zorakılıq halları 10 Avropa ölkəsi ilə müqayisədə daha çoxdur. “Georgetown” Qadınlar, Sülh və Təhlükəsizlik İnstitutunun 2021-ci ildə dərc etdiyi hesabatda isə Azərbaycan “İntim partnyor zorakılığı” subindeksinə görə 24 Avropa ölkəsindən geri qalır, 7-si ilə isə eynilik təşkil edir. 

Onu da qeyd edək ki, Azərbaycanda qadınlara qarşı zorakılıq hallarının statistikası rəsmi qurumlar tərəfindən qeydə alınır.  Alternativ statistika mənbələri olmadığı üçün müqayisə aparmaq,  real mənzərəni tam görmək mümkün deyil. Alternativ mənbələr olmadığı üçün beynəlxalq qurumlar adətən rəsmi statistikaya istinad edir. 

Bütün bunları nəzərə alaraq “Fakt Yoxla” Hicran Hüseynovanın iddasını qiymətləndirərkən qərarsız qalıb.

 

Qərarsız
  • 2 Aprel, 2023
  • 5150

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə