Deputat Ceyhun Məmmədov iddia edib ki, Azərbaycanda dini sahədə heç bir ayrı-seçkilik yoxdur. O bu iddianı Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsini şərh edərkən səsləndirib: “Azərbaycan bu baxımdan unikal ölkədir, dini dözümlülük ən yüksək səviyyədədir, hansısa ayrı-seçkilikdən, problemdən söhbət belə gedə bilməz. Hesab edirəm ki, bu, Azərbaycanın tarixi nailiyyətidir”- deyə o, 525.az-a deyib.
“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb.
ABŞ Beynəlxalq Din Azadlığı Komissiyası (USCIRF) tərəfindən 2025-ci ildə hazırlanan hesabata görə, Azərbaycan hökuməti vətəndaşların dini azadlıqlarını ciddi dərəcədə pozub, yaxud bu pozuntulara göz yumub. Bu səbəbdən komissiya Azərbaycanı “Xüsusi Nəzarət Siyahısı”na daxil edib. Hesabatda bildirilir ki, Azərbaycan hökuməti inanclı şiə fəalları rəsmi olaraq narkotik maddələrin satışına və istifadəsinə görə həbs etsə də, səbəb olaraq onların İranla olan əlaqələrini önə çəkir. Məsələn, Müsəlman Birliyi Hərəkatının üzvləri Ağəli Yəhyayev, Əhsən Nuruzadə, Ceyhun Balaşov və Samir Babayev haqqında çıxarılan hökmlər bu qəbildəndir. Hesabat həmçinin adı çəkilən şəxslərin işgəncələrə məruz qaldığını, zorlanmaqla təhdid edildiyini bildirir. Göstərilir ki, MBH hökumətin dini sferanı nəzarət altına alma siyasətinə qarşı çıxdığına görə təqib edilir.
Komissiya bu nəticələrə əsasən ABŞ hökumətinə tövsiyyə edir ki, Azərbaycanda dini fəallara qarşı təqibdə rol oynayan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qarşı sanksiyalar tətbiq etsin, Azərbaycanda dini azadlıqların pozulmasında iştirak edən şəxslərin ABŞ-də olan mülklərini dondursun və onların ABŞ-yə girişinə qadağa qoysun.
Hesabat dini sahəni tənzimləyən qanunvericilik aktlarına da toxunur. Bildirilir ki, Azərbaycan Konstitutsiyası dövlətlə dini ayırsa da, 2009-cu ildə qəbul edilmiş “Dini etiqad azadlığı haqqında” qanun hələ də dini sferada məhdudiyyətlər tətbiq etməkdə davam edir. Bütün dini fəaliyyətləri ciddi dövlət nəzarətinə tabe edən bu qanuna əsasən, bir dini icmanın leqal olaraq fəaliyyət göstərə bilməsi üçün dövlət qeydiyyatından keçməsi məcburidir. Qeydiyyat üçün isə icmanın ən azı 50 üzvü olmalıdır. Qeydiyyatdan keçməyən dini icmalar isə təqib və həbs riski ilə üz-üzə qalır.
Yerli hüquq-müdafiə təşkilatı olan “Azərbaycan Siyasi Məhbuslarına Azadlıq” birliyinin son hesabatına əsasən, Azərbaycanda həbsdə olan 375 siyasi məhbusun 241 nəfəri dindarlardır. Onların böyük hissəsi 2023-cü ildə İranla Azərbaycan arasında başlayan siyasi konfliktin fonunda həbs edilib. USCIRF-in 2024-cü ildə dərc etdiyi hesabatda da qeyd olunur ki, 2023-cü ilin yanvarında Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum aktından sonra Azərbaycan hökuməti bütün ölkə üzrə əməliyyatlar keçirib, guya casusluq, hakimiyyəti devirmək və narkotik qaçaqlamlığı ittihamları ilə onlarla şəxsi saxlayıb. Rəsmi dairələr tərəfindən bu şəxslərin dini dövlət qurmaq istədikləri bildirilsə də, hüquq müdafiəçilərinin fikrincə bu şəxslər əslində hökumətin dini siyasətini sərt tənqid etdikləri üçün əsassız olaraq həbs ediliblər.
Bundan başqa, vətəndaşların dini mərasimlərdə iştirakına görə də cərimələnmələr baş verib. Məsələn, Samirə Cəfərova sosial şəbəkədə 15 uşağın mərsiyə oxuduğu videonu paylaşdığına görə inzibati cərimə olunub. Ən azı yeddi şiə isə uşaqlarını peyğəmbərin qızı Fatimənin mövlud mərasiminə apardığı üçün cərimələnib.
Avropa Məhkəməsinin qərarına görə, 2017-ci ildə qeyri-qanuni dini fəaliyyət həyata keçirməkdə ittiham olunaraq həbs edilən ilahiyyatçı Sərdar Babayevin həbsi qanunsuz olub. Məhkəmə xaricdə dini təhsil aldığı üçün cümə xütbəsi həyata keçirməsi qeyri-qanuni sayılan ilahiyyatçıya münasibətdə Konvensiyanın 3-cü (pis rəftar), 5.3-cü (məhkəməyə qədər əsassız həbs) və 9-cü maddələrinin (etiqad azadlığına müdaxilə) pozulduğunu təsbit edib. Qeyd edək ki, Sərdar Babayev 2021-ci ildə yenidən həbs edilərək 17 il müddətinə azadlıqdan məhrum olunub.
Oxşar şəkildə, Avropa Məhkəməsi 2017-ci ildə dini yığıncaqların keçirilməsi qaydasını pozmaq ittihamı ilə inzibati cərimələnən Vüqar Rəfiyevin də hüquqlarının pozulması nəticəsinə gəlib. Məhkəmənin qərarına görə, onun 5.1-ci (qanunsuz saxlanılma), 6.1-ci (ədalətli məhkəmə araşdırması) və 9-cu (etiqad azadlığı) maddələrlə qorunan hüquqları pozulub.
“Fakt Yoxla”nın daha əvvəlki araşdırmaları da göstərib ki, “Dini etiqad azadlığı haqqında” Qanuna edilən dəyişikliklər əsasən islam təmayüllü dini icmaların fəaliyyətini məhdudlaşdırır. Belə ki, müsəlman icmalarının məscid və ziyarətgah rəhbərləri yalnız Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən təyin olunur. Qeyri-müsəlman icmalarda isə belə bir məhdudiyyət yoxdur — onlar istədikləri dini mərkəzə tabe olmaq və bu tabeçiliyi dəyişmək hüququna malikdirlər.
Həmçinin, xaricdə dini təhsil almış Azərbaycan vətəndaşları yalnız Qafqaz Müsəlmanları İdarəsinin razılığı və DQİDK-nın təsdiqi ilə dini ayinlər icra edə bilərlər. Qeyri-müsəlman icmalara isə belə bir tələb tətbiq olunmur.
Bütün bu faktlar göstərir ki, Azərbaycanda dövlətin dini sahəyə yanaşması qeyri-bərabərdir və xüsusilə islam təmayüllü dini icmalar üçün daha çox məhdudiyyətlər nəzərdə tutulur. Həbs və cərimə halları, habelə qanunvericiliyin tətbiqi, deputatın dini sferada ayrı-seçkiliyin olmadığına dair açıqlamalasını təkzib edir.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə əsasən, Ceyhun Məmmədovun iddiası yanlışdır.