logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Hacı Zeynalabdin Tağıyev Pakistana peyvənd göndəribmiş?

Hacı Zeynalabdin Tağıyev Pakistana peyvənd göndəribmiş?

Sosial və ənənəvi mediada yayılan iddialara görə, milyonçu və xeyriyyəçi kimi tanınan  Hacı Zeynalabidin Tağıyev 20-ci əsrin əvvəllərində Pakistan xalqına virusdan qorunmaq üçün peyvənd göndərib. 

Sosial media istifadəçilərinin yaydıqları postlarda bu məlumatın hətta Pakistanda dərsliklərə salındığı da bildirilir.

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb. 

Sosial mediada yayılan postlarda məhz Hacı Zeynalabdin Tağıyevin bu yardımı nəticəsində Pakistan xalqında Azərbaycana qarşı rəğbət hissi yarandığı və Pakistanın uzun illərdir müxtəlif sahələrdə, xüsusilə də Ermənistanla münaqişədə Azərbaycana dəstək verdiyi də qeyd olunub. 

Azərbaycanla Pakistanın müttəfiqlik bağları demək olar ki əksəriyyətə məlumdur. Bəs, doğurdan da iki ölkə arasındakı bugünkü münasibətlərin kökündə ötən əsrin əvvəllərində edildiyi deyilən peyvənd dəstəyi durur? Bu suala aydınlıq gətirmək üçün əvvəlcə dönüb tarixə nəzər salaq.   

Pakistan vaxtilə keçmiş Britaniya müstəmləkəsi Hindistanın tərkibində olub. Hər iki ölkə 1947-ci ildə müstəqilliklərini elan ediblər.

Peyvənd haqqında iddiaya gəlincə, indiki Pakistan ərazisində 20-ci əsrin əvvəllərində əsasən iki geniş yayılmış epidemiya olub. Bunlardan birincisi taun, ikincisi Bombey qripi idi. 

Taunun qarşısının alınmasında həkim  Valdemar Haffkinenin yaratdığı peyvənd əsas rolu oynamışdı. Amma açıq mənbələrdə Hacı Zeynalabdin Tağıyevin epidemiyanın yayıldığı əraziyə peyvənd göndərilməsinə dair heç bir məlumata rast gəlinmir. 

Bombey qripinə qarşı ilk peyvəndlər 1940-cı illərdə hazırlanıb. O zaman Hacı Zeynalabdin Tağıyev vəfat etdiyinə görə artıq bu versiya üzərində dayanmağa ehtiyac belə yoxdur. 

Beləliklə, 20-ci əsrinə əvvəllərində indiki Pakistan ərazisində yayılan epidemiyalara qarşı Hacı Zeynalabdin Tağıyev tərəfindən peyvənd göndərilməsinə dair fakta rast gəlinmir.

Əlavə olaraq qeyd edək ki, azərbaycanlı milyonçunun adına açılmış “Wikipedia” səhifəsi nə Pakistanda istifadə edilən dillərə, nə də Hind dilinə tərcümə edilib. Bu da Tağıyevin Pakistanda geniş tanınmasına dair iddiaları zəiflədir.

“Google” və “CrowdTangle” vasitəsilə axtarışlar göstərir ki, 2016-cı ilin aprelin 30-a qədər bu barədə heç bir məlumat dərc edilməyib. 

Tağıyevin Pakistana peyvənd göndərdiyinə dair iddianı ilk dəfə 2016-cı il aprelin 30-da “Hacı Şahin” adlı “facebook” səhifəsi  paylaşıb. Tanınmış din xadimi olan Hacı Şahin “Fakt Yoxla”ya bildirib ki, onun adını daşıyan bu səhifə ilə heç bir əlaqəsi yoxdur.

Skrinşot “Hacı Şahin” adlı “facebook” səhifəsindən götürülüb.

 

Skrinşot “CrowdTangle” proqramı vasitəsilə “facebook”dan götürülüb.

Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru, Tağıyev irsinin tədqiqatçısı Fərhad Cabbarov “Fakt Yoxla”ya bildirib ki, Tağıyevin Pakistana peyvənd göndərdiyinə dair hər hansı bir dəlil tapılmayıb. 

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Hacı Zeynalabdin Tağıyevin Pakistana peyvənd yardımı etdiyinə dair iddialar saxtadır.

Saxta xəbər
  • 12 Oktyabr, 2022
  • 8463

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə