logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Bəyənmə, rəy və paylaşım “Facebook”da şikayətləri aradan qaldırırmı?

Bəyənmə, rəy və paylaşım “Facebook”da şikayətləri aradan qaldırırmı?

“Facebook” sosial şəbəkəsində tez-tez bəzi səhifə adminlərinin səhifələrinin ermənilər tərəfindən şikayət edilməsi iddiasına rast gəlinir və həmin şəxslər istifadəçiləri şikayətlərin silinməsi üçün paylaşımları bəyənməyə, şərh yazmağa və paylaşmağa çağırır. 

Bəzi hallarda isə müəyyən saydakı bəyənmənin və ya şərhin bir şikayəti sildiyi də iddia edilir. 

Bəs, doğrudan da, paylaşımların bəyənilməsi və ya şərh yazılaraq paylaşılması “facebook” tərəfindən şikayətlərin baxılmasına təsir edirmi?

“Facebook”un çeşidlilik (diversity) siyasəti ilə tanış olduqda görürük ki, daha çox bəyənilən, şərh yazılan və paylaşılan paylaşımlarla bağlı şikayətlərə baxılmaması, şəbəkənin müəyyən etdiyi çeşitlilik prinsipləri ilə uyğunluq təşkil etmir. Çünki “facebook” istifadəçiləri arasındakı müxtəlif fikirliliyi dəstəkləyir. 

Şikayət olunan səhifənin böyüklüyündən və aktivliyindən asılı olmayaraq, müəyyən edilən icma qaydalarına riayət etməməsi ilə bağlı şikayətlər araşdırılmalıdır. 

“Facebook” bunu müxtəlif fikirliliyi dəstəkləmək və hər kəsin öz səsini eşitdirə biləcəyi bir platforma olmaq prinsipi ilə əsaslandırır.

“Facebook”un müəyyən etdiyi icma standartlarından da aydın olur ki, hər hansı bir paylaşıma və ya hesaba çox sayda bəyənmə, rəy və ya paylaşım gəlməsi şikayətlərin önəmini azaltmır və həmin şikayətlərin dəyərləndirilməsi, sadəcə, şəbəkənin icma standartlarına əsaslanır. 

İcma standartlarına görə, ləyaqətin alçaldılması, təhdid və qorxutma, qeyri-qanuni satış, spam, insanları hədəf göstərmək kimi fəaliyyətlərə icazə verilmir. 

“Facebook”da edilən bütün şikayətlər icma standartlarının kriteriyalarına əsasən dəyərləndirilir və ona müvafiq olaraq qərar verilir.

Eyni zamanda qeyd etmək lazımdır ki, şikayətlərin nəticəsi hər zaman paylaşımların və ya hesabların silinməsi olmur. Bəzi hallarda “facebook” icma standartlarını pozan istifadəçiyə, sadəcə, xəbərdarlıq edə bilər. Ancaq istifadəçinin  icma standartlarını pozması davam edərsə, növbəti şikayətlərdə həmin istifadəçini “facebook”da paylaşım etməsi məhdudlaşdırıla və ya hesabı silinə bilər. 

Konkret fiziki zorakılığa cəhd və ictimai təhlükəsizliyə problem yarandıqda “facebook” hətta bununla bağlı hüquq mühafizə orqanlarına da müraciət edə bilər.

Səhifənin şikayət edildiyi və bunun aradan qaldırılması üçün rəy bildirmək, paylaşımı bəyənmək və paylaşmaq lazım olduğu ilə bağlı iddialar bir qayda olaraq həmin səhifənin daha geniş auditoriyaya çıxış əldə etməsinə hesablanır. 

Daha çox sayda insana çıxış isə səhifənin daha çox insan tərəfindən bəyənilməsi deməkdir. Beləcə səhifə idarəçiləri daha geniş hədəf kütləsi yaradaraq reklam gəlirləri əldə edə bilirlər. 

Nəticə etibarilə “facebook”da şikayət olunan səhifələrə çox sayda bəyənmə və ya rəy gəlməsi şikayətlərin aradan qaldırmasına əsas vermir. Bununla bağlı, çeşidlilik siyasəti və şikayətlərin dəyərləndirilməsi zamanı əsas meyar olaraq qəbul edilən icma standartlarında heç bir norma əksini tapmayıb.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, hər hansı səhifənin paylaşımlarını bəyənmək, ona rəy yazmaq və paylaşmaq yoluyla şikayətlərin aradan qaldırılması ilə bağlı iddialar yanlışdır. 

Saxta xəbər
  • 27 Oktyabr, 2020
  • 2936

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə