2024-cü ildən etibarən, Rusiya və ona bağlı informasiya şəbəkələri Ukrayna Prezidenti Volodimir Zelenskinin “səlahiyyət müddətinin başa çatdığı” və onun artıq “qanuni prezident olmadığı” barədə ardıcıl iddialar səsləndirirlər. Bəzi yerli ekspertlər və media platformaları da bu iddianı təşviq edirlər.
Politoloq Tofiq Abbasov “Globalinfo.az” saytına verdiyi müsahibəsində eyni iddianı irəli sürərək mayın 15-də baş tutmuş Rusiya-Ukrayna görüşündə Vladimir Putinin iştirak etməməsini Zelenskinin “səlahiyyət müddətini başa vurması” ilə əlaqələndirib: “Rusiya Prezidenti Vladimir Putin, təbii ki, Volodimir Zelenski ilə … həmin görüşə getməyəcək. Zelenskinin səlahiyyət müddəti başa çatıb... Bu səbəbdən, onu Rusiya həm tanımır, həm də rəsmi şəxs kimi mövqeyini qanuniləşdirməyəcək”.
“Fakt Yoxla” iddianın doğru olub-olmadığını araşdırıb.
Volodimir Zelenski 2019-cu ildə keçirilən prezident seçkilərində qalib gələrək həmin ilin mayında hüquqi səlahiyyətləri icra etməyə başlayıb. Konstitutsion olaraq onun prezidentliyi 2024-cü ilin 20 mayında başa çatmalı olsa da, 2022-ci il 24 fevral tarixindən Rusiyanın Ukraynaya qarşı tammiqyaslı işğala başlaması daxili siyasi idarəetmə mexanizmlərinə və hüquqi prosedurlara birbaşa təsir göstərib.
Ukrayna Konstitusiyasının 103-cü maddəsi Zelenskinin prezident kimi qanuniliyini təsbit edir. Ukrayna Konstitutsiya Məhkəməsinin 15 may 2014-cü il tarixli 5 saylı qərarına görə, prezidentin beşillik səlahiyyət müddəti yeni seçilmiş prezidentin rəsmi olaraq and içib vəzifəyə başlaması ilə başa çatır. Yəni yeni prezident and içənədək cari prezidentin səlahiyyətləri hüquqi status daşıyır. Konstitutsiyanın 103.5-ci maddəsinə görə, Ukrayna Prezidentinin səlahiyyətləri vaxtından əvvəl dayandırılarsa, prezident seçkiləri həmin tarixdən etibarən doxsan gün ərzində keçirilir. Səlahiyyətlərin dayandırılması isə istefa, sağlamlıq vəziyyəti və impiçment ilə mümkündür və qərarverici qurum Ukrayna Ali Radası hesab olunur. Qeyd olunan hallar isə baş verməyib.
Müharibə səbəbilə 2022-ci ilin fevralın 22-də qüvvəyə minmiş “Hərbi vəziyyət haqqında” qanunda Ukraynada hərbi vəziyyət tətbiq edilərkən prezident seçkiləri və o cümlədən, bir neçə səsvermənin müvəqqəti olaraq qadağan edildiyi vurğulanıb. Qanunun 5-ci hissəsinin 19-cu maddəsində bildirilir:
“Hərbi vəziyyət dövründə aşağıdakı fəaliyyətlər qadağan edilir: 1) Ukrayna Konstitusiyasına dəyişikliklərin edilməsi; 2) Krım Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklərin edilməsi; 3) Ukrayna Prezidenti seçkilərinin keçirilməsi; 4) Ukrayna Ali Radasına, Krım Muxtar Respublikasının Ali Radasına və yerli özünüidarəetmə orqanlarına seçkilərin keçirilməsi; 5) Ümumukrayna və ya yerli referendumların keçirilməsi; 6) Tətil və iş dayandırmalarının təşkili”.
Zelenskinin müharibə səbəbilə uzanan prezidentliyi isə Ukrayna Ali Radası tərəfindən 2025-ci ilin 22 fevralında təsdiqlənib. Parlament Zelenskinin vəzifədə qalmasının qanuniliyini tanıyaraq ölkədə müharibə şəraitində prezident seçkilərinin təxirə salınmasını Konstitusiyaya uyğun sayıb.
Beynəlxalq hüquq prizmasından da Zelenskinin prezidentliyi qanunidir. BMT Nizamnaməsinin daxili yurisdiksiya və legitimlik prisnsipləri Ali Rada, Ukrayna Konstitutsiyası və Ukrayna Konstitutsiya Məhkəməsinin qərarları əsasında Zelenskinin prezidentliyini hüquqi hesab edir. Eləcə də, BMT Baş katibi 25 sentyabr 2024-cü ildə Zelenskinin öz müddətlik dövründən sonra da onunla prezident statusunda görüşüb və rəsmi müzakirə keçirib.
Demokratik ölkələrin praktikasında da eyni prosedurlara rast gəlmək olar. ABŞ-nin “Hökumətin Davamlılığının Təminatı” sənədində müharibə və ya fövqəladə şəraitdə seçki keçirmək mümkün olmadıqda hazırkı rəhbərin seçki keçirilənədək və ya yeni lider and içənədək səlahiyyətlərini qoruduğu bildirilir.
Tarixi cəhətdən oxşar nümunələr Böyük Britaniya və Fransanın İkinci dünya müharibəsindəki iştirakı zamanı və İsrailin Yom Kippur müharibəsi dövründə olub. Həmin dövrdə Böyük Britaniya müharibə səbəbiylə 1940-cı ildə planlaşdırılan ümumi seçkiləri təxirə salaraq 1945-ci ildə idarəetmə demokratik normalara qayıda bildikdən sonra keçirmişdi. Həmçinin, Fransa da Almaniyanın işğalı səbəbindən seçkiləri yubadaraq müharibənin başa çatmasından sonra həyata keçirmiş və İsraildə də oxşar vəziyyət səbəbindən seçkilər gecikdirilmiş və idarəçilik hüquqi statusunu saxlamışdı.
“Fakt Yoxla”nın qənaətincə, iddia yanlışdır.