Milli Məclisin deputatı Elnarə Akimova 24 aprel tarixində verdiyi müsahibəsində bildirib ki, Çin Azərbaycanın qarşısında duran əsas hədəflərdən biri olan Zəngəzur dəhlizinin açılmasını dəstəkləyir. Ona görə rəsmi Pekin ən yüksək səviyyədə Zəngəzur dəhlizinin açılması təklifinə dəstəyini ifadə edir.
"Fakt Yoxla" bu iddianın doğru olub-olmadığını yoxlayıb.
Çin Xalq Respublikasının Cənubi Qafqaz ölkələri ilə aktiv ikitərəfli siyasi və iqtisadi əlaqələri son illər daha da genişlənir. Belə ki, Çin Xalq Respublikası bu bölgəyə Çinlə Avropanı əlaqələndirən potensial yol kimi baxdığına görə bölgədə sülh içində birgə yaşayışı və nəqliyyat yollarının açılması ideyasını dəstəkləyir. Cənubi Qafqaz bölgəsi Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsünün önəmli parçalarından biri olan “Orta Dəhliz”in əsas qovşağı hesab olunur və bu istiqamətdə nəqliyyat yollarının şaxələndirilməsi Çin Xalq Respublikasının milli maraqlarına uyğundur.
Bununla belə, Çin Xalq Respublikasının rəsmiləri əsasən Azərbaycan hökumətinin səsləndirdiyi “Zəngəzur Dəhlizi” layihəsini dəstəkləməyib və Çinin heç bir regional ikitərəfli rəsmi sənədlərində bu ifadə öz əksini tapmayıb. Çin Xalq Respublikasının Ermənistandakı Müvəqqəti İşlər Vəkili Çen Minq ötən ay Ermənistan mediasına verdiyi açıqlamasında Çinin Ermənistanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bəyan etmiş və Çinin “Zəngəzur dəhlizi” narrativini dəstəkləməsi iddiasını “feyk və qeyri-dəqiq” adlandırmışdı.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Deputat Elnarə Akimovanın Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi iddia yanlışdır.