logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Deputatın yanlış iddiası: Müxalifətin qeydiyyat və qərargah problemi yoxdur

Deputatın yanlış iddiası: Müxalifətin qeydiyyat və qərargah problemi yoxdur

Xəbərin qısa icmalı

- Deputat Tənzilə Rüstəmxanlı iddia edib ki,  müxalifətin qeydiyyat və qərargah problemi yoxdur: “Ölkəmizdə artıq iqtidar - müxalifət münasibətləri də sivil bir axara düşmüş sayılır. İllərlə davam edən nifrət leksikonu və qarşıdurma yerini dialoqa, qarışılıqlı anlayışlara verib. Müxalifətin artıq qeydiyyat və qərargahlarla təmin olunma məsələsində heç bir problemi yoxdur”, - deyə o, bildirib.

2022-ci ilin fevralında Azərbaycan Demokrat və Rifah (ADR) Partiyasının dövlət qeydiyyatına alınmasından imtina edilib. Eyni problem ilə 2015-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) da üzləşib. Belə ki, Ədliyyə Nazirliyi partiyanın həmin ilin 27 sentyabrında baş tutmuş seçki nəticələrini tanımayaraq Əli Kərimlinin sədrliyini hüquqi hesab etməyib. Partiya eyni məhdudiyyətlə 2023-cü il 24 iyun tarixində partiyanın 7-ci qurultayı zamanı da qarşılaşıb.

- Müxalif partiylar həm də qərargah problemi yaşamaqdadır. AXCP 2014-cü ildə fəaliyyət göstərdiyi ünvandakı partlayışdan sonra qərargahsız fəaliyyət göstərir və axtarışların nəticəsiz olduğunu qeyd edir. Xalq Cəbhəsi fəaliyyətini üzvlərinin mənzillərində həyata keçirir.

Vətəndaş Həmrəyliyi Partiyasının üzvü, deputat Tənzilə Rüstəmxanlı iddia edib ki,  müxalifətin qeydiyyat və qərargah problemi yoxdur. “Ölkəmizdə artıq iqtidar - müxalifət münasibətləri də sivil bir axara düşmüş sayılır. İllərlə davam edən nifrət leksikonu və qarşıdurma yerini dialoqa, qarışılıqlı anlayışlara verib. Müxalifətin artıq qeydiyyat və qərargahlarla təmin olunma məsələsində heç bir problemi yoxdur”, - deyə o, bildirib.

“Fakt Yoxla” açıqlamanın doğru olub-olmadığını yoxlayıb. 

Azərbaycanda formal olaraq çoxpartiyalı sistem mövcud olsa da, siyasi partiyaların fəaliyyət imkanları arasında ciddi fərqlər müşahidə olunur. Tənqidi mövqe tutan partiyalar müxtəlif dövrlərdə həm hüquqi, həm də inzibati məhdudiyyətlərlə və təzyiqlərlə qarşılaşdıqları halda, hökumətə yaxınlığı ilə bilinən partiyalar eyni təcrübəni yaşamırlar. 

Məsələn, 2022-ci ilin fevralında Azərbaycan Demokrat və Rifah (ADR) Partiyasının dövlət qeydiyyatına alınmasından imtina edilib. Ədliyyə Nazirliyi təqdim edilən sənədlərin və nizamnamənin qanunvericiliyə uyğunsuz olmasını əsas göstərsə də, partiya lazımı məlumatların sənədlərdə olduğunu bildirmişdi. Eyni problem ilə 2015-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) da üzləşib. Belə ki, Ədliyyə Nazirliyi partiyanın həmin ilin 27 sentyabrında baş tutmuş seçki nəticələrini tanımayaraq Əli Kərimlinin sədrliyini hüquqi hesab etməyib. Partiya eyni məhdudiyyətlə 2023-cü il 24 iyun tarixində partiyanın 7-ci qurultayı zamanı da qarşılaşıb. Xalq Cəbhəsi nəticələrin dövlət reyestrində qeydə alınmasına dair nazirliyə müraciət etsə də, nəticələr yenidən etibarsız hesab olunub, məhkəməyə edilən müraciətlər təmin olunmayıb.

Xüsusilə, 11 yanvar 2023-cü ildən etibarən “Siyasi partiyalar haqqında” qanun qüvvəyə mindikdən sonra müxalif partiyalar qeydiyyat problemlərinin artdığını bildiriblər. Qanunda partiyanın qeydiyyatı üçün minimum 5000 üzv tələb olunduğu və üzvlərin ən azı yarısı 18-dən çox rayonu əhatə etməli olduğu şərti qoyulub. Yenidən qeydiyyatdan keçməyən partiyaların fəaliyyəti isə qanunsuz hesab olunub və qanunun qəbulundan bir neçə ay sonra Azərbaycanda 20-dan çox partiya özünü buraxıb. Avropa Şurası Venesiya Komissiyası və ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) bu qanunun siyasi plüralizmə zərər vurduğunu və ölkədə siyasi fəaliyyət azadlığını məhdudlaşdırdığını ifadə edib.

Bundan əlavə, müxalif partiylar həm də qərargah problemi yaşamaqdadır. AXCP 2014-cü ildə fəaliyyət göstərdiyi ünvandakı partlayışdan sonra qərargahsız fəaliyyət göstərir və axtarışların nəticəsiz olduğunu qeyd edir. Xalq Cəbhəsi fəaliyyətini üzvlərinin mənzillərində həyata keçirir. Müxalifət partiyalarından Bakıda mərkəzi qərargahı olan Müsavat Partiyasının isə digər şəhər və rayonlarda təmsilçiliyi yoxdur. Müxtəlif dövrlərdə partiyanın SumqayıtŞəki təmsilçilikləri qapadılıb. Üzvlər ünvanlarından “qanunsuz” olaraq çıxarıldığını vurğulayır.

Bu kimi pozuntularla bağlı Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycana qarşı 2007-ci ildən bəri 121 iş icraata götürüb. Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsi hesab olunan “Yığıncaqlar və birləşmək azadlığı” üzrə mübahisələndirilmiş müraciətlərdə hökumət tərəfindən vətəndaşların dinc toplaşmaq hüququnun pozulduğu qərara alınıb. Konvensiyada bildirilir: “Hər kəsin dinc toplaşmaq azadlığı və öz maraqlarını müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və onlara qoşulmaq hüququ da daxil olmaqla, başqaları ilə birləşmək azadlığı hüququ var”.

“Freedom House” təşkilatının Azərbaycanla bağlı 2024-cü il hesabatında “Siyasi plüralizm və iştirakçılıq” kriteriyası üzrə müxalif partiyaların qeydiyyat və fəaliyyət imkanları 4 bal üzərindən 1 olaraq qiymətləndirilib. Hesabatda siyasi müxalifətin illərlə davam edən təqiblər nəticəsində zəiflədiyi qeyd olunub. “Human Rights Watch” təşkilatı da Azərbaycanla bağlı 2023-cü il təqdimatında toplaşma və birləşmə azadlıqlarının ciddi şəkildə məhdudlaşdırıldığını ifadə edib.

Beləliklə, Azərbaycanda əsas müxalif partiyaların qeydiyyatına və qərargah yaratmalarına hələ də əngəllərin mövcud olduğunu görə bilərik.

“Fakt Yoxla”nın qənaətincə, iddia yanlışdır.

Yanlış
  • 13 İyun, 2025
  • 115

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə