logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Arzuxan Əlizadə: Azərbaycanın Göyçə, Zəngəzur və Dərələyəz bölgələrinə hüquqi iddiası var

Arzuxan Əlizadə: Azərbaycanın Göyçə, Zəngəzur və Dərələyəz bölgələrinə hüquqi iddiası var

Xəbərin qısa icmalı

Deputat Arzuxan Əlizadə bildirib ki, Azərbaycanın Ermənistan ərazisində yerləşən Göyçə, Zəngəzur və Dərələyəz bölgələrinə hüquqi iddiası mövcuddur.

- 1991-ci ildə qəbul olunan Alma-Ata bəyannaməsinə əsasən, keçmiş SSRİ-yə üzv dövlətlər, o cümlədən Azərbaycan və Ermənistan bir-birlərinin ərazi bütövlüyünü tanıyıb və mövcud dövlət sərhədlərini dəyişdirməyəcəkləri haqqında öhdəlik götürüb.

- Azərbaycanın tanıdığı rəsmi sənədlərdən biri də 1921-ci ildə Azərbaycan SSR, Ermənistan SSR və Gürcüstan SSR, o biri tərəfdə Türkiyə olmaqla RSFSR-in iştirakı ilə imzalanan Qars müqaviləsidir. Bu müqavilədə Zəngəzur, Göyçə və Dərələyəz bölgələri Ermənistana məxsus ərazilər kimi qeydə alınıb və Azərbaycan SSR də bu müqavilənin iştirakçısı kimi həmin əraziləri Ermənistan SSR-in suveren ərazisi kimi qəbul edib.2021-ci ildə Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa bəyannaməsində də tərəflər Qars müqaviləsinə sadiq olduqlarını bir daha bildiriblər.

- Arzuxan Əlizadənin “hüquqi iddia” ifadəsi faktlara əsaslanmır. Azərbaycanın bu bölgələrə dair tarixə dayanan emosional və milli yaddaş ritorikası mövcuddur, lakin bu, hüquqi çərçivəyə daşınmayıb və beynəlxalq münasibətlər sistemində hüquqi iddia sayılmır.

Deputat Arzuxan Əlizadə bildirib ki, Azərbaycanın Ermənistan ərazisində yerləşən Göyçə, Zəngəzur və Dərələyəz bölgələrinə hüquqi iddiası mövcuddur. “Azərbaycanın Göyçə, Zəngəzur və Dərələyəz bölgələri üzərində həm tarixi, həm də hüquqi iddiası var”, deyə o, “Crossmedia.az”a deyib

“Fakt Yoxla” Azərbaycanın adı çəkilən bölgələrə hüquqi iddiasının olub-olmadığını araşdırıb.

Beynəlxalq hüquqda konkret meyarlarla müəyyən edilən “hüquqi iddia” termini siyasi bəyanat və ya tarixi istinaddan fərqli olaraq, dövlətin rəsmi sənədləri və beynəlxalq münasibətlər sistemindəki davranışları ilə təsdiqlənməlidir. 

Beynəlxalq hüquqa görə, bir dövlətin başqa bir dövlətin ərazisi üzərində iddiası o zaman “hüquqi iddia” sayılır ki, bu iddia rəsmi şəkildə konstitusiya, qanunvericilik aktları, beynəlxalq təşkilatlara təqdim olunan sənədlər və diplomatik bəyanatlarda ifadə olunsun. Belə bir iddia adətən müvafiq xəritələrin dəyişdirilməsi, parlament qərarları, hökumət səviyyəsində qəbul edilmiş proqram sənədləri və ya beynəlxalq səviyyədə edilən müraciətlərlə müşayiət olunur. Bu kriteriyalar beynəlxalq hüquqda dövlətlərin ərazi iddialarını əsaslandırmaq üçün istifadə olunur. Məsələn, Montevideo Konvensiyası (1933) dövlətin mövcudluğu üçün bir neçə kriteriya müəyyən edir, lakin ərazi iddiaları üçün yuxarıda qeyd olunan rəsmi sənədlər və bəyanatlar əsas götürülür. 

1991-ci ildə qəbul olunan Alma-Ata bəyannaməsinə əsasən, keçmiş SSRİ-yə üzv dövlətlər, o cümlədən Azərbaycan və Ermənistan bir-birlərinin ərazi bütövlüyünü tanıyıb və mövcud dövlət sərhədlərini dəyişdirməyəcəkləri haqqında öhdəlik götürüb. 2022-ci ildə Azərbaycan və Ermənistan arasında əldə olunan Praqa razılaşmasında da, tərəflər Alma-Ata bəyannaməsindən irəli gələn öhdəliklərini yenidən təsdiqləyiblər. 

Bundan əlavə, Azərbaycanın tanıdığı rəsmi sənədlərdən biri də 1921-ci ildə Azərbaycan SSR, Ermənistan SSR və Gürcüstan SSR, o biri tərəfdə Türkiyə olmaqla RSFSR-in iştirakı ilə imzalanan Qars müqaviləsidir. Bu müqavilədə Zəngəzur, Göyçə və Dərələyəz bölgələri Ermənistana məxsus ərazilər kimi qeydə alınıb və Azərbaycan SSR də bu müqavilənin iştirakçısı kimi həmin əraziləri Ermənistan SSR-in suveren ərazisi kimi qəbul edib. 2021-ci ildə Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa bəyannaməsində də tərəflər Qars müqaviləsinə sadiq olduqlarını bir daha bildiriblər. Bu baxımdan, rəsmi səviyyədə Ermənistan ərazisində yerləşən Göyçə, Zəngəzur və Dərələyəz bölgələrinin Azərbaycan Respublikasının bir hissəsi kimi təqdim edildiyi heç bir hüquqi və ya diplomatik sənəd yoxdur.

Son illərdə dövlət rəsmiləri, o cümlədən Prezident İlham Əliyev Zəngəzur dəhlizi məsələsi kontekstində “tarixi torpaqlarımıza qayıdacağıq” kimi bəyanatlar səsləndirsə də, bu ifadələr siyasi ritorika çərçivəsində dəyərləndirilir və hüquqi iddia kimi qəbul edilə bilməz. Tarixi iddialara və ya yaddaşa əsaslanan ritorika beynəlxalq hüquqda hüquqi iddia statusu daşımır. Belə ki, beynəlxalq hüquq nəzəriyyəçisi Malcolm Shaw beynəlxalq hüquqa dair kitabında qeyd edir ki, “ərazi iddiaları rəsmi hüquqi sənədlər və ya aktlar vasitəsilə ifadə edilməlidir. Tarixi şikayətlər və ya hisslər özlüyündə hüquqi ərazi iddiası üçün əsas deyil".

O da qeyd olunmalıdır ki, İlham Əliyev həm də Azərbaycanın Ermənistana qarşı ərazi iddiasının olmadığını bəyan edib. Məsələn, 2023-cü ildə “Euronews” kanalına müsahibəsində deyib ki, bizim Ermənistana qarşı hər hansı bir ərazi iddialarımız yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik. 

Yuxarıda qeyd olunanlara əsaslanaraq deyə bilərik ki, Arzuxan Əlizadənin “hüquqi iddia” ifadəsi faktlara əsaslanmır. Azərbaycanın bu bölgələrə dair tarixə dayanan emosional və milli yaddaş ritorikası mövcuddur, lakin bu, hüquqi çərçivəyə daşınmayıb və beynəlxalq münasibətlər sistemində hüquqi iddia sayılmır.

Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Azərbaycanın Göyçə, Zəngəzur və Dərələyəz üzərində hüquqi iddiasının olması ilə bağlı iddia yanlışdır.

Yanlış
  • 21 İyun, 2025
  • 27

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə