logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Vüqar İskəndərov: “Azərbaycan minalardan təmizləmə işlərini heç bir kənar qüvvənin dəstəyi olmadan edir”

Vüqar İskəndərov: “Azərbaycan minalardan təmizləmə işlərini heç bir kənar qüvvənin dəstəyi olmadan edir”

Xəbərin qısa icmalı

  • 2021-ci ildə BMT Azərbaycanın münaqişədən zərər çəkmiş bölgələrinə 2 milyon ABŞ dolları ayırıb. Bura minatəmizləmə də daxildir.
  • Avropa İttifaqı minatəmizləmə fəaliyyətinə 4,25 milyon avro yardım ayırıb.
  • ABŞ humanitar minətəmizləmə əməliyyatlarının həyata keçirilməsi üçün 2021-ci ildə 500 min, 2022-ci ildə isə 2 milyon ABŞ dolları məbləğində yardımlar ayırıb.
  • Bundan başqa Yaponiya, Birləşmiş Krallıq və Fransanın da minatəmizləmə əməliyyatlarına töhfəsi olub. 

 

 

"İşğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti quruculuq, minalardan təmizləmə işlərini Azərbaycan heç bir kənar qüvvənin dəstəyi olmadan öz daxili imkanları hesabına edir".

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.

“Fakt Yoxla” Azərbaycanın işğaldan azad olunmuş ərazilərində minalardan təmizləmə işlərini kənar qüvvələrin dəstəyi olmadan öz daxili imkanları hesabına edib-etmədiyini yoxlayıb.

Kənar qüvvələrin minaların təmizlənməsinə dəstəyi dedikdə beynəlxalq təşkilatlar və xarici ölkələrin maliyyə dəstəyi ilə həyata keçirilən layihələr başa düşülür.

 Birləşmiş Millətlər Təşkilatı (BMT)

2021-ci ildə BMT Vahid Təcili Yardım Fondundan (CERF) Azərbaycanın münaqişədən zərər çəkmiş bölgələrinə 2 milyon ABŞ dolları ayırıb. Bu məbləğ səhiyyə, sığınacaq, dəstək ləvazimatı, psixoloji-sosial dəstəklə birlikdə həm də ərazilərin minalardan təmizlənməsinə xərclənir. Belə ki, münaqişənin zərər vurduğu rayonlarda minalanmış və partlamamış hərbi sursatların olduğu ərazilərin miqyasını öyrənmək üçün BMT-nin İnkişaf Proqramı (BMTİP) və təşkilatın Mina Əməliyyat Xidməti (UNMAS) ANAMA ilə birgə qiymətləndirmə aparıb. Həmçinin, BMTİP, UNMAS və UNICEF mina riski barədə məlumatlılığı artırmaq, minalardan təmizlənmə strategiyasını dəstəkləmək və ANAMA-nın fəaliyyətini gücləndirmək istiqamətində Azərbaycan hökuməti ilə birgə fəaliyyət göstərirlər.

2022-ci il aprel ayının 1-də BMT-nin Rezident Əlaqələndiricisi Vladanka Andreeva Humanitar Minatəmizləmə və Dayanıqlı İnkişaf Məqsədləri üzrə Beynəlxalq Konfransda çıxışında bildirib ki, BMTİP 1999-cu ildən ANAMA-ya dəstək verir. Çoxsaylı donorların maliyyəsi ilə 33 milyon kvadratmetrdən çox ərazi minalardan təmizlənib.

Avropa İttifaqı (Aİ)

2023-cü ilin fevralın 7-də BMT ilə birlikdə Avropa İttifaqı minalardan təmizləmə layihəsinə başlayıblar. Belə ki, Aİ 20 kəndi əhatə edən “Məcburi köçkünlərin təhlükəsiz qayıdışı üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) imkanlarının artırılmasına dəstək” layihəsinə 4,25 milyon avro maliyyə vəsaiti ayırıb. Ümumilikdə Azərbaycanda minaların təmizlənməsi üçün ən böyük beynəlxalq donor 8 milyon avro yardımla Aİ-dir.

Amerika Birləşmiş Ştatları (ABŞ) və Kanada

ABŞ Azərbaycan-Ermənistan münaqişəsindən zərər cəkmiş ərazilərdə humanitar minətəmizləmə əməliyyatlarının həyata keçirilməsi üçün 2021-ci ilin noyabrında 500 min, 2022-ci ilin sentyabrında isə 2 milyon ABŞ dolları məbləğində yardımlar ayırıb.

2021-ci ilin dekabrında ANAMA ilə Böyük Britaniyanın MAG (Mines Advisory Group) qeyri-hökumət təşkilatı Anlaşma Memorandumu imzalayıb. Bu humanitar minatəmizləmə layihəsi ABŞ və Kanada dövlətlərinin maliyyə vəsaiti hesabına həyata keçirilib.

ABŞ-ın Marşal İrsi İnstitutunun ANAMA ilə 2021-ci ildə imzalanan razılaşması əsasında müxtəlif vaxtlar ərzində Azərbaycana 70-dən çox xilasedici minaaxtaran itlər hədiyyə edib.

Yaponiya

2022-ci ilin martında Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada və benefisiar təşkilat qismində çıxış edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev arasında “Tərtər Rayonunun Minadan Təmizlənməsi üçün Təchizatların Təmin Edilməsi” layihəsi üzrə qrant müqaviləsi imzalanıb. Layihən çərçivəsində ANAMA-nın tapşırığı ilə fəaliyyət göstərən BAMF-ın İcma Mina Aksiyası komandası Tərtər rayonunda yerləşən mina və partlamamış sursatların təmizlənməsində istifadə üçün 11 ədəd mina detektoru, 11 ədəd qoruyucu geyim dəsti və Yaponiyanın “Mitsubişi” şirkətinin istehsalı olan 1 ədəd pikapla təmin edəcək, Azərbaycanda həyata keçirilən minaların təmizlənməsi prosesini sürətləndirəcək. Yaponiya Səfirliyi layihəyə 88,224 ABŞ dolları yardım ayırıb.

Birləşmiş Krallıq

2021-ci ilin sentyabrında Birləşmiş Krallıq münaqişədən zərər çəkən ərazilərdə minaların təmizlənməsinə kömək etmək və ərazini təhlükəsizləşdirmək üçün yarım milyon funt sterlinq yardım ayırıb.

Fransa

2021-ci ilin oktyabrında Fransa Milli Komissiyası Azərbaycanda minatəmizləmə əməliyyatlarına 500 min avro ayırıb.

Beləliklə, müxtəlif beynəlxalq təşkilatlar və ölkələr işğaldan azad olunmuş əraziləri minalardan təmizləmək məqsədilə Azərbaycana yardımlar edib.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə deputat Vüqar İskəndərovun iddiası yanlışdır.

Yanlış
  • 22 May, 2023
  • 1759

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə