logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Sərdar Cəlaloğlu: “Fransa İrana tətbiq edilən sanksiyalara qoşulmur”.

Sərdar Cəlaloğlu: “Fransa İrana tətbiq edilən sanksiyalara qoşulmur”.

Xəbərin qısa icmalı

  • Fransanın İqtisadiyyat və Maliyyə Nazirliyi rəsmi saytında İrana tətbiq edilən və Fransanın da qoşulduğu sanksiyaları dərc edib.
  • Avropa İttifaqının 2011-ci ildə, 2012-ci ildə, 2023-cü ildə İrana tətbiq etdiyi bütün sanksiyalara Fransa da qoşulub.

Bunu Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Reaksiya TV” “YouTube” kanalına müsahibəsində deyib.

“Fakt Yoxla” partiya sədrinin iddiasının doğru olub-olmadığını yoxlayıb.

Fransanın İqtisadiyyat və Maliyyə Nazirliyi rəsmi saytında İrana tətbiq edilən və Fransanın da qoşulduğu sanksiyaları dərc edib. Avropa İttifaqının “İrandakı vəziyyətlə bağlı bəzi şəxslərə, qurumlara və təşkilatlara qarşı məhdudlaşdırıcı tədbirlərlə bağlı” sanksiyalar paketi ilk dəfə 2011-ci ildə 359/2011 nömrəli qərarı ilə qəbul edilib. Bu sanksiyalar paketinə Fransa da qoşulub. 

Bu sənəddə qeyd edilib ki, sanksiyalar dinc nümayişçilərə, jurnalistlərə, hüquq müdafiəçilərinə, tələbələrə və ya öz hüquqlarını müdafiə edən şəxslərə qarşı repressiya aktlarına görə məsuliyyət daşıyan şəxslərə və qurumlara yönəlib. Sənəddə İranın beynəlxalq insan haqları öhdəliklərinin kobud şəkildə pozduğu bildirilib və ölkədə tətbiq edilən açıq edam və ölüm hökmü kimi məsələlər pislənib.

Bu sanksiya paketinə hər il yeni şəxslərin və qurumların adı daxil edilir. 2023-cü ilin may ayının 22-də qəbul edilən ən son sənəddə sanksiya tətbiq edilən şəxs və qurumların sayı 263-ə çatıb. 

İranda baş verən son etiraz aksiyaları zamanı İran təhlükəsizlik qüvvələrinin aksiyaçılara qarşı zorakılıqları və Məhsa Əmininin öldürülməsi bu sənəddə xüsusi vurğulanıb. Qəbul edilən əlavə sanksiya qərarlarının hər biri Fransa tərəfindən də təsdiqlənib.

Avropa İttifaqının İrana tətbiq etdiyi növbəti sanksiya paketi 2012-ci ildə qəbul edilib. Bu sanksiyalar paketi İrandakı şəxslərin və qurumların pul vəsaitlərini və iqtisadi resurslarını dondurub və onların istifadəsinə qadağa qoyub. Həmçinin məhdudiyyətlər tətbiq edilən resurslar arasında nüvə reaktorları və onlar üçün xüsusi hazırlanmış avadanlıq və komponentlər, bir sıra hərbi və texnoloji avadanlıqlar yer alıb. 2016-cı il yanvarın 16-da Aİ İrana qarşı nüvə proqramı ilə bağlı iqtisadi və maliyyə sanksiyalarını ləğv etsə də bəzi məhdudiyyətlər hələ də qüvvədə qalır. Həmin il bəzi sanksiyların aradan qalxmasından sonra İranla Fransa arasında razılaşma imzalandı və İran Fransa istehsalı “Airbus” təyyarələrini əldə etdi

Avropa İttifaqı 2023-cü il 20 iyulda 1529 saylı qərarı ilə “İranın Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinə hərbi dəstəyinə görə məhdudlaşdırıcı tədbirlərə dair” yeni sanksiyalar paketi qəbul edib. Fransa da bu sanksiyalara qoşulub.

Sənəddə bildirilib ki, Rusiya Ukraynanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü pozur, həmçinin mülki əhali və infrastruktura qarşı İranın istehsal etdiyi pilotsuz uçuş aparatlarından (PUA) istifadə edir. 

Qeyd edilib ki, BMT Nizamnaməsi və beynəlxalq hüququn əsas prinsiplərinin pozan və İran dövləti tərəfindən dəstəklənən İHA-nın inkişafı və istehsalı proqramı Avropa İttifaqının sanksiyalarına məruz qalan İran Müdafiə Nazirliyi və Silahlı Qüvvələri və İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən həyata keçirilib. Bu proqram PUA-ların alınması, inkişafı, istehsalı və Rusiyaya təhvil verilməsini əhatə edib.

Beləliklə, İrana tətbiq edilən sanksiyaların bəzilərinin 2016-cı ildə aradan qalxmasından sonra Fransa və İran arasında “Airbus” ticarətinin baş verməsinə baxmayaraq, Fransa İrana qarşı tətbiq edilən sanksiyalara qoşulur.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə partiya sədrinin iddiası yanlışdır.

Yanlış
  • 2 Sentyabr, 2023
  • 490

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə