logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Sərdar Cəlaloğlu: “Avropa Birliyindən Türkiyəyə zəlzələyə görə yardım olmayıb”

Sərdar Cəlaloğlu: “Avropa Birliyindən Türkiyəyə zəlzələyə görə yardım olmayıb”

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Reaksiya tv”yə müsahibəsində Avropa Birliyinin zəlzələdən sonra Türkiyəyə kömək etmədiyini deyib. 

“Zəlzələdə də biz gördük ki, islam ölkələri Avropa ölkələrindən yüz dəfə artıq Türkiyəyə dəstək verdi. Hələ bu gün Avropa Birliyindən 1 qəpik də olsun Türkiyəyə zəlzələyə görə yardım olmayıb. Deyirlər ki, marafon keçiriləcək, pul yığılacaq… Hələ belə bir şey yoxdur”, – deyə partiya sədri vurğulayıb.  

“Fakt Yoxla” Sərdar Cəlaloğlunun Avropa Birliyinin Türkiyəyə yardım etmədiyinə dair iddiasının doğru olub-olmadığını araşdırıb.

Türkiyədə zəlzələnin ilk dağıdıcı zərbəsi  fevralın 6-da qeydə alınıb. Sərdar Cəlaloğlu isə iddianı martın 6-da səsləndirib. Buna görə də “Fakt Yoxla” araşdırmanı zəlzələdən 1 ay sonrayadək olan məlumatlarla məhdudlaşdırıb.

Zəlzələ baş verən gün Avropa İttifaqı Mülki Müdafiə Mexanizmini aktivləşdirmək tələbindən sonra Türkiyə üçün axtarış-xilasetmə qrupları səfərbər etdi.

Martın 1-də Avropa Birliyi Komissiyasının Böhran idarəçiliyi üzrə üzvü Janez Lenarcic   Avropa İttifaqının Türkiyəyə 8 milyon avro yardım ayırdığını açıqlayıb. 

Avropa İttifaqı maddi yardımlardan əlavə sığınacaq, çarpayılar və tibbi avadanlıq üçün “rescEU” ehtiyatlarını da səfərbəredib. Bu paketə təxminən 2000 çadır, 8000 çarpayı və 2500 çarpayı ilə təchiz olunmuş 500 yardım evi daxil olub. Bu ehtiyatlar tamamilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir

Nağd pul yardımından əlavə, ümumilikdə, 1750 xilasedici və 111 axtarış iti zəlzələdən dərhal sonra Avropa İttifaqının Mülki Müdafiə Mexanizmi vasitəsilə Türkiyəyə göndərilib. Avropa ölkələri həmçinin Mexanizm vasitəsilə 5 səhra xəstəxanası və bir tibbi evakuasiya təyyarəsi də daxil olmaqla altı tibbi qrup səfərbər edib. Bu qrup vasitəsilə 15 mindən çox insan müalicə olunub. 

Bundan əlavə, 21 Avropa ölkəsi Aİ Mexanizmi vasitəsilə Türkiyədəki əhali üçün sığınacaq avadanlıqları, qızdırıcılar, generatorlar, mebellər, tibbi avadanlıqlar, gigiyena dəstləri, qida və isti geyim də daxil olmaqla yardım göndərib. 

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Sərdar Cəlaloğlunun iddiası yanlışdır. 

Yanlış
  • 3 Aprel, 2023
  • 244

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə