“Real TV”də Ermənistan və ABŞ arasında imzalanan strateji tərəfdaşlıq xartiyası haqqında danışan millət vəkili Səməd Seyidov bildirib ki, Ermənistan və ABŞ arasındakı strateji əməkdaşlıq sazişi Azərbaycana qarşıdır.
“Fakt Yoxla” Səməd Seyidovun iddiasının doğru olub-olmadığını yoxlayıb.
Ermənistan və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlıq haqqında xartiya 14 yanvar 2025-ci ildə Vaşiqtonda imzalanıb. Dövlətlər arasında imzalanan digər razılaşmalardan fərqli olaraq xartiya qanuni öhdəlik yaratmayan siyasi razılaşmadır və daha çox sənəddə göstərilən prinsip və öhdəliklər haqqında ilkin razılaşmanın bəyanıdır. Ortaq məqsəd və hədəfləri müəyyən edən və gələcəkdə daha ciddi öhdəliklərin əsasını yaradan xartiya Ermənistanla ABŞ arasında münasibətlərin inkişafı və artan əməkdaşlığın göstəricisidir. Nikol Paşinyanın hakimiyyətə gəlişinin ilk ilində iki ölkə arasında müxtəlif məsələlərdə müzakirələri institutlaşdıran “Strateji Dialoq təşəbbüsü”-nun nəticəsində bu xartiya imzalanıb.
Strateji tərəfdaşlıq Xartiyası bir preambula və 5 hissədən ibarətdir və aşağıdakı bölmələri ehtiva edir:
1 Əməkdaşlığın prinsipləri;
2 İqtisadi, Ticarət, Nəqliyyat və Enerji Əməkdaşlığı;
3 Müdafiə və Təhlükəsizlik;
4 Demokratiya, Ədalət və İnklüzivliyin Gücləndirilməsi;
5 İnsanlar Arası və Mədəni mübadilələrin artırılması;
Sənədin preambulasında ölkələrin qarşılıqlı prioritet sahələrdə əməkdaşlığı artırmaqla tərəfdaşlıqlarını dərinləşdirmək niyyətləri qeyd olunur. Tərəflər qarşılıqlı maraqlar və ortaq dəyərlər əsasında demokratiya və iqtisadi azadlıq, suverenlik və ərazi bütövlüyünün müdafiəsi, qanunun aliliyi və insan haqlarına hörmət kimi sahələrdə əməkdaşlığı artırmağı hədəfləyirlər.
Sənəddə birbaşa Azərbaycan yaxud Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı bir neçə müddəa var ki, onlardan çıxış edərək xartiyanın Azərbaycan əleyhinə olub olmadığını dəyərləndirmək olar. Sənədin ilk hissəsində ölkələrin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə dəstək ifadə olunur.
Sənəddə həm də ABŞ-nin ölkələrin suverenliyi və yurisdiksiyasına hörmət çərçivəsində regional kommunikasiyaların açılmasına və Ermənistanın qonşuları ilə münasibətləri normallaşdırmasına dəstəyi ifadə edilir. “İqtisadi, Ticarət, Nəqliyyat və Enerji Əməkdaşlığı” bölməsində də Ermənistanın regional kommunikasiyaya inteqrasiyasına dəstək yer alır.
Müdafiə və təhlükəsizlik bölməsində tərəflər aralarında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın artırılması niyyətini ifadə edirlər. Ermənistan və ABŞ gələn il ərzində ikitərəfli müdafiə məsləhətləşmələri də daxil olmaqla, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq proqramlarının əhatə dairəsini genişləndirmək niyyətindədirlər. Ermənistanın fəalilyyət qabiliyyətini artırmaq və onun müdafiəsini gücləndirmək üçün islahat proqramları və erməni hərbçilər üçün peşəkar hərbi təlimlər planlaşdırılır.
Sənəddə xüsusilə Azərbayacan tərəfinin etirazına səbəb “Dağlıq Qarabağ” ifadəsinin yer almasıdır. Sənədin 4-cü bölməsində qeyd edilir ki, ABŞ Dağlıq Qarabağdan qaçqın düşmüş insanlara kömək etməkdə Ermənistanı dəstəkləyəcək.
ABŞ bu xartiyada Ermənistan-Azərbaycan sülh danışıqlarında Ermənistanın mövqeyinə dəstək verir. ABŞ-nin sülhlə bağlı həmişəki mövqeyi olan “ləyaqətli və davamlı” sülhə dəstək ifadə edilir. Bütün bunlarla bərabər, ABŞ Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və gözlənilən sülhə dəstəyini də ifadə edir.
Göründüyü kimi xartiyada ABŞ-nin Ermənistanla bağlı bilinən və Azərbaycan tərəfi ilə də rəsmi görüşlərdə ifadə edilən mövqeyi öz əksini tapıb. Sənəd ümumilikdə Ermənistanın ABŞ kimi qlobal bir güclə əməkdaşlığını gücləndirir və bu yöndə qarşılıqlı artan əməkdaşlıqdan xəbər verir. Bu əməkdaşlıq nəticəsində Ermənistana ayrılacaq maddi yardım və qrantlar artacaq, müdafiə sahəsində əməkdaşlıq gücləndiriləcək. Bu mənada onun strateji və siyasi əhəmiyyəti var. ABŞ buna bənzər razılaşmaları post-sovet məkanında Gürcüstan, Ukrayna və Qazaxıstanla da əldə edib.
Xartiyada Azərbaycanla danışıqların predmeti olan mövzularda ABŞ Ermənistanın rəsmi mövqeyinə dəstəyini bir daha ifadə edir. ABŞ Ermənistanın ərazi bütövlüyü və suverenliyinə siyasi dəstək ifadə edir, Ermənistanın suverenliyi çərçivəsində regional kommunikasiyaların açılmasını dəstəkləyir. Birləşmiş Ştatlar müdafiə sahəsində məsləhətləşmələri, əməkdaşlıq və islahat proqramlarını artırmağı, həmçinin erməni hərbçilər üçün təlimlər keçirilməsini hədəfləyir. Bununla bərabər, iki ölkə arasında sərhədlərin delimitasiyası və ləyatəqli və davamlı sülhə dəstək ifadə edilir.
Ümumilikdə sənəd Ermənistanın rəsmi mövqeyinə birbaşa dəstəyi, onun müdafiə və təhlükəsizliyinin artırılmasını nəzərdə tutsa da, onun bir başa Azərbaycana qarşı olduğunu demək yanlışdır. Birincisi, sənəddə Ermənistana göstərilən siyasi dəstək ümumilikdə onun regionda təhlükəsizliyi və müdafiəsinə dəstəkdir. Daha çox onun iqtisadi və müdafiə sahəsində hazırlığını gücləndirməyi hədəfləyir və özündə başqa bir ölkəyə qarşı fəaliyyət əks etdirmir. Birbaşa bu cür razılaşma olmasa da, ABŞ müdafiə və təhlükəsizlik məsələsində Azərbaycana da dəstək göstərir və onun da suverenliyini dəstəkləyir. Dolayısı ilə ABŞ-Ermənistan razılaşmasında Ermənistana nəzərdə tutulan dəstək Azərbaycanın Ermənistanla bağlı tutduğu siyasi xəttə, sülh danışıqlarındakı mövqeyinə və ümumi planlarına uyğun olmaya bilər, ancaq bu xartiyanı ümumilikdə ABŞ və Ermənistanın Azərbaycana qarşı razılaşması adlandırmaq yanlışdır.
Beləliklə, “Fakt Yoxla”nın gəldiyi nəticəyə görə Səməd Seyidovun iddiası yanlışdır.