logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Məlahət İbrahimqızı: “Azərbaycanda keçirilən seçkilər Avropadakı seçkilərdən geri qalmır”

Məlahət İbrahimqızı: “Azərbaycanda keçirilən seçkilər Avropadakı seçkilərdən geri qalmır”

“Azərbaycanda keçirilən seçkilər Avropadakı seçkilərdən heç də geri qalmır”. 

"Pravda.az"-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı həmkarı Erkin Qədirlinin Azərbaycandakı seçkilərin demokratik keçirilmədiyinə dair açıqlamasına cavab olaraq belə deyib.

“Fakt Yoxla” Məlahət İbrahimqızının iddiasının doğru olub-olmadığını yoxlayıb.

2022-ci ildə “Economist Intelligence”in 2021-ci il üzrə 167 ölkənin demokratiya indeksi hesabatını yayıb. 

Bu indeks hesablanarkən 5 kateqoriya nəzərə alınıb. Bu kateqoriyalardan biri də “Seçki prosesi və pluralism” indeksidir. 

“Seçki prosesi və plüralizm” indeksinə əsasən, Azərbaycan 167 ölkə arasında 141-ci sırada qərarlaşıb. Azərbaycanın indeksi 10 üzərindən 0.50-dir. 

Hesabatda Avropa Qərbi və Şərqi Avropa olmaqla iki regiona bölünüb. 

Qərbi Avropa regionunun 21 ölkəsi arasında ən sonuncu yerdə 3.50 balla Türkiyə qərarlaşıb. 

Türkiyədən başqa digər 20 Qərbi Avropa ölkəsinin heç birində göstərici 9.17 baldan aşağı olmayıb. 

Qərbi Avropa ölkələrinin “Seçki prosesi və plüralizm” indeksi (Mənbə: EIU)

 

Azərbaycanın bu reytinq üzrə göstəricisi ən sonda qərarlaşan Türkiyədən 3 bal, qalan 20 Qərbi Avropa ölkəsindən isə ən azı 8.67 bal geri qalır. 

Şərqi Avropa regionu ölkələrinin isə bir hissəsi Avropa Şurasına daxil deyil. Bu cədvəldə göstərilən 28 ölkə arasında  Azərbaycan yalnız Türkmənistan, Tacikistan, Belarus və Özbəkistanı qabaqlayıb. 

Sadalanan ilk üç ölkədə indeks 0, sonuncuda isə 0.08-dir. Qazaxıstanla balı bərabər olan Azərbaycan qalan digər 22 ölkədən geri qalır. Azərbaycana ən yaxın Rusiyanın 1.75, Qırğızıstanın 4.33, digər ölkələrin isə 7 və 7-dən yuxarı göstəricisi var.

Lakin Azərbaycanın burada geri qalmadığı ölkələrin heç biri Avropa Şurasına üzv deyil. Yəni Azərbaycan bu cədvəldə də yer alan bütün Avropa Şurası ölkələrindən geridədir.  

Şərqi Avropa ölkələrinin “Seçki prosesi və plüralizm” indeksi (Mənbə: EIU)

“Fakt Yoxla” əvvəllər də Azərbaycanda keçirilən seçkilərlə bağlı iddiaları yoxlayıb. 

2022-ci ildə dərc olunan araşdırmada qeyd olunub ki, 2000-ci ildən etibarən keçirilən prezident və parlament seçkilərinin heç biri şəffaf, demokratik qiymətləndirilməyib. 

Seçkilərdə qeyri-şəffaflıq, pozuntu hallarının baş verməsi müşahidə edilib. 

Beləliklə, “Seçki prosesi və plüralizm” indeksinə əsasən, Azərbaycanda keçirilən seçkilər bütün Avropa ölkələrindən geri qalır. 

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, deputatın iddiası yanlışdır.

Qeyd: İddia yoxlanarkən Azərbaycan da daxil olmaqla Avropa Şurasına üzv olan 46 ölkə üzrə “Seçki prosesi və plüralizm” indeksi əsas götürülüb.  

Yanlış
  • 8 Fevral, 2023
  • 1586

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə