Prezident İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına verdiyi müsahibədə bildirib ki, Kanadanın baş naziri Prezident Trampın bir kəlməsi ilə istefa verib. “Bu, Kanadanın Baş naziridir. Prezident Trampın onun barəsində dediyi cəmi bir kəlmə kifayət etdi ki, o, istefa versin”, - deyə o qeyd edib.
"Fakt Yoxla" bu iddianın doğru olub-olmadığını araşdırıb.
2025-ci ilin yanvarın 6-da Kanadanın Baş naziri Castin Trüdo 9 illik fəaliyyətinin ardından Kanadanın Baş naziri və hökumətdəki Liberal Partiyanın lideri vəzifəsindən ayrılacağını elan etdi. Bu istefanın ardından Donald Tramp açıqlama vermişdi ki, Birləşmiş Ştatlar artıq Kanadanın ayaqda qalması üçün lazım olan böyük ticarət kəsirindən və subsidiyalardan əziyyət çəkə bilməz. Castin Trüdo bunu başa düşdü və istefa verdi. Bu açıqlamanı verərkən Donald Tramp hələ prezidentlik səlahiyyətini icra edə bilmirdi, qanuni prezident Co Bayden idi.
Baş nazir Castin Trüdonun vəzifəsindən istifa verməsinin bir neçə səbəbi mövcuddur.
Belə ki, Castin Trüdonun rəhbərlik etdiyi Liberal Partiya 2021-ci ildəki seçkilərdə parlamentin aşağı palatasında çoxluğu əldə edə bilməmiş və azlıq hökuməti qurulmuşdu. Bu, 2015-ci ildən sonra ən aşağı göstərici idi.
Həmçinin, ictimai rəy sorğularına əsasən, Castin Trüdonun reytinqi 2024-cü ilin sonlarında ən aşağı göstəricilərə düşmüşdü. “Angus Reid” adlı araşdırma mərkəzinin sorğularına əsasən baş nazirin vətəndaşları arasındakı populyarlığı 22 faizə qədər enmişdi. Keçən ilin dekabrında keçirilən xüsusi seçkilərdə də Liberal Partiya məğlub olmuşdu.
Son olaraq, baş nazir ilə maliyyə naziri Kristia Friland arasında olan anlaşmazlıq və maliyyə nazirinin istefası da partiya daxilində Trüdoya qarşı etimadı ciddi şəkildə azaltmışdı.
Bundan əlavə, Donald Trump Kanada ilə bağlı tariflərini elan edərkən hələ prezidentlik səlahiyyətlərinin icrasına başlamamışdı. Prezident İlham Əliyev öz açıqlamasında “Prezident Tramp” deməsi göstərir ki, o, Donald Trampın 20 yanvardan sonrakı açıqlamalarını nəzərdə tutur. Kanadanın baş naziri Trüdo isə bundan təqribən iki həftə əvvəl istefasını elan etmişdi.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Prezident İlham Əliyevin Kanadanın baş nazirinin istefası ilə bağlı səsləndirdiyi iddia yanlışdır.