Deputat Pərvanə Vəliyeva Bougival sazişini şərh edərkən Fransa Prezidenti Emmanuel Makronun Yeni Kaledoniya ilə danışıqlarda ilk dəfə iştirak etdiyini iddia edib:
“…Fransa hökuməti müstəqillik tərəfdarları və əleyhdarları razılaşma əldə edərək sazişə imza atıblar. Fransa dövlət başçısı E.Makron ilk dəfə idi ki, Yeni Kaledoniya ilə bağlı danışıqda şəxsən iştirak edib”.
“Fakt Yoxla” iddianın doğru olub-olmadığını araşdırıb.
Fransa ilə Yeni Kaledoniya arasında iyulun 12-də yekunlaşan danışıqların nəticəsinə görə Fransa Yeni Kaledoniyanı öz tərkib hissəsindəki dövlət kimi tanıya biləcəyini qəbul edib. Görüşdə Emmanuel Makron da iştirak etsə də, bu onun danışıqlarda ilk iştirakı deyil. Fransa Prezidenti bundan öncə 2024-cü ilin mayında arxipelaqa şəxsən səfər edərək danışıqlar aparıb. Makron bu görüş ərzində həm müstəqillik tərəfdarları, həm də Fransa dəstəkçiləri ilə mümkün sazişi müzakirə etmişdi. Bu dialoqa çağıran tərəf isə elə Makronun özü idi.
Onun danışıqlarda digər iştirakı isə 2023-cü ilin iyulunda bölgəyə olan əvvəlki səfəri zamanı baş tutub. Yerli hökumət başçısı Lui Mapu və digər siyasi qüvvələrlə aparılan danışıqlarda bölgənin statusu və referendum müzakirə olunub. Makron görüşün ardınca əhali qarşısında çıxış edib və regionun Fransa tərkibində qalacağını açıqlayıb.
Daha öncəki görüşlər isə 2018-ci ilin mayına təsadüf edir. Makronun Yeni Kaledoniyaya olan bu səfəri dialoqun parçası olmasa da, həmin il keçirilmiş referendumla bağlı olub. O, arxipelaqın Fransa tərəfdarları ilə danışıqlar aparmış və birgə mitinq keçirmişdi.
Nəticə etibarilə, yuxarıdakı faktlar Emmanuel Makronun Yeni Kaledoniya ilə danışıqlarda ilk dəfə iştirak etməsi ilə bağlı iddianın doğru olmadığını göstərir.
“Fakt Yoxla”nın qənaətincə, deputat Pərvanə Vəliyevanın iddiası yanlışdır.