logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

“Amnesty International” ABŞ və Fransa ilə bağlı susur?

“Amnesty International” ABŞ və Fransa ilə bağlı susur?

Xəbərin qısa icmalı

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib ki, “Amnesty İnternational”, “Human Rights Watch” və “Freedom House” kimi təşkilatları həqiqətən insan haqları maraqlandırırsa, ilk növbədə Fransa şəhərlərində polisin insanlara divan tutmasına, media mənsublarına kütləvi hücumlara, habelə ABŞ-də hər il 1000-dən artıq vətəndaşın polis zorakılığının qurbanı olmasına diqqət ayırsın…"Lakin “Amnesty International” bu məsələlərə çatanda kar, kor və lal olur”

- “Amnesty İnternational”, “Human Rights Watch” və “Freedom House” təşkilatları öz hesabatlarında dəfələrlə Fransada baş verən polis zorakılığına və ABŞ-da 1000-dən artıq vətəndaşın polis tərəfindən öldürülməsinə diqqət ayırıblar və susmayıblar. 

“Amnesty İnternational”, “Human Rights Watch” və “Freedom House” kimi təşkilatları həqiqətən insan haqları maraqlandırırsa, ilk növbədə Fransa şəhərlərində polisin insanlara divan tutmasına, media mənsublarına kütləvi hücumlara, habelə ABŞ-də hər il 1000-dən artıq vətəndaşın polis zorakılığının qurbanı olmasına diqqət ayırsın…Lakin “Amnesty International” bu məsələlərə çatanda kar, kor və lal olur”.

Bunu “Pravda.az”a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.

Bəs bu təşkilatlar həqiqətən Fransada baş verən polis zorakılığına və ABŞ-da 1000-dən artıq vətəndaşın polis tərəfindən öldürülməsinə susublarmı?

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb.

Amnesty International – Fransa 

2021-ci ildə dərc edilən bəyanatda qurum 2020-ci ilin ikinci yarısında Fransada polis qüvvələrinin gözyaşardıcı qazdan sui-istifadə hallarını təsdiqləyib. Qurum 2022-ci ilə dair hesabatında bildirib ki, Fransa polisinin həddindən artıq güc tətbiqinə qarşı isə heç bir tədbir görülməyib. Fransa polisi tərəfindən sistemli irqi ayrı-seçkilik davam edir, prokuror polisin xüsusi vasitələrdən təhlükəli şəkildə istifadəsi nəticəsində əlini itirən gəncin işini bağlamaq qərarına gəlib və güc tətbiqinin zəruri və mütənasib olduğunu müdafiə edib. Həmçinin polis tərəfindən atılan gözyaşardıcı qaz balonunun üzünə dəyməsi nəticəsində dünyasını dəyişən Zineb Redouanenin ölümünə görə ədalət və təzminatın təmin edilməyib. 

Təşkilat 2023-cü il 12 və 13 iyul tarixində dərc etdiyi bəyanatlarda Fransa polisinin 17 yaşlı Nahel M-i öldürməsini qanunsuz və zorakı hadisə kimi qiymətləndirmiş və Fransa hökümətini hüquq-mühafizə orqanlarında sistemli irqçiliyə son qoymağa, dinc toplaşmaq hüququna hörmət etməyə,  şikayətlərin araşdırılmasına cavabdeh olan müstəqil qurum yaratmağa çağırıb

“Amnesty International” 2023-cü il 24 apreldə açıqlama yayıb və qeyd edib ki, Prezident Makronun birinci hakimiyyət dövrü insan haqları sahəsində nümunəvi olmayıb. Təşkilat ikinci prezidentliyi dövründə Makrondan fundamental insan hüquqlarına hörmətlə yanaşma göstərməsini tələb edib. 

Amnesty International – ABŞ

“Amnesty International” ABŞ-la bağlı 2022-ci ilə dair hesabatında ABŞ-da hüquq-mühafizə orqanları tərəfindən həddindən artıq güc tətbiqini hüquq pozuntularından biri kimi qeyd edib.

Bildirilib ki, iyun ayında Ohayo ştatında qaradərili Ceyland Uoker polis tərəfindən 46 güllə ilə öldürüləndən sonra keçirilən etiraz aksiyaları ilə əlaqədar 75-dən çox etirazçı həbs edilib. Həmçinin 2022-ci ildə polis tərəfindən ən azı 1093 nəfərin öldürüldüyü və öldürülənlər arasında qaradərililərin üstünlük təşkil etdiyi vurğulanıb. 2001-2009-cu illərdə onlarla məhbusun CIA-nın gizli sistemində saxlanmasından on ildən çox vaxt keçsə də törədilən sistematik insan hüquqlarının pozuntusuna, o cümlədən insan oğurluğu, işgəncə və digər pis rəftara görə heç kim məhkəmə qarşısına çıxarılmayıb

Qurum bəyanatında, ABŞ-da 2020-ci ilin ikinci yarısında polis qüvvələrinin gözyaşardıcı qazdan sui-istifadə hallarını təsdiqləyib. Bildirilib ki, ABŞ-ın onlarla şəhərində bir sıra hüquq-mühafizə orqanları gözyaşardıcı qaz vasitəsilə dinc “Black Lives Matter” hərəkatının etirazçılarını hədəfə alıb.

Human Rights Watch (HRW) – Fransa

“HRW” Covid-19 pandemiyasının ilk dövrlərində dərc etdiyi bəyanatda bildirib ki, Fransada polis karantinə görə saxlamalar zamanı insanlara qarşı təhqiramiz, zorakı və ayrı-seçkilik və bəzən irqçi təhqirlərlə müşayiət olunan münasibət sərgiləyib və bu davranış Fransada yeni deyil. Bildirilib ki, illərdir müxtəlif təşkilatlar Fransa polisinin vəsiqə yoxlaması zamanı xüsusilə qaradərili və ərəb kişilərə qarşı irqi ayrı-seçkilik etməsini tənqid edib. Bundan öncə, martın 27-də “HRW” da daxil olmaqla 22 təşkilat bəyan edib ki, Fransa hakimiyyəti pandemiya ilə mübarizədə polisin əməliyyatlar zamanı sui-istifadə hallarına yol verməməsini təmin etməlidir

2021-ci il 5 mayda “HRW” bildirib ki, Fransa polisi Fransa və beynəlxalq qanunları pozaraq, hər ay onlarla himayəsiz uşağı İtaliyaya qovub. Bir neçə ay sonra dərc edilən bəyanatda qeyd edilib ki, Fransa rəsmiləri miqrant düşərgələrində yaşayanları alçaldıcı rəftara məruz qoyub. Bəzi polislər müşahidəçilərə qanunsuz olaraq polisin əməliyyatlarını lentə ala bilməyəcəklərini bildiriblər və onları həbslə hədələyiblər. 

2022-ci ilin aprelində Emmanuel Makronun 2-ci dəfə Fransa Prezidenti seçilməsindən sonra dərc edilən açıqlamada Fransada insan haqlarına dair problemlərdən bəhs edilib. 

“HRW” 2023-cü ilin yanvarın 5-də dərc etdiyi hesabatda Fransada etirazlar zamanı polisin həddindən artıq güc tətbiq etməsini, polisin etirazçılara zərər verməsini və onların etiraz etmək hüququnu təhdid etməsini tənqid edib. 

Human Rights Watch - ABŞ

“HRW” 2020-ci ilin yayında verdiyi açıqlamada bildirib ki, qaradərililərin yaşadığı məhəllələrdə həyata keçirdiyi əməliyyatlar nəticəsində polis yüzlərlə etirazçını mühasirəyə alıb, onlara hücum edib və saxlayıb. Təşkilat bu hadisəni “polis vəhşiliyi” və “sistemli irqçilik” kimi qiymətləndirib. “2022-ci ildə dərc etdiyi hesabatında da qurum ABŞ hökumətini polisin vəzifəsindən sui-istifadə hallarına son qoymağa və irqçiliyi aradan qaldırmağa çağırıb. Həmçinin, təşkilat müxtəlif vaxtlarda bir sıra qaradərili şəxslərin polis tərəfindən öldürülməsindən sonra polisin hərəkətini tənqid edən bəyanatlarla çıxış edib (bax: 1, 2).

Polisinin ABŞ-Meksika sərhədindəki miqrantlara qarşı əməliyyatı haqqında “HRW”-nin açıqlaçmasında qeyd edilib ki, polis insanların əziyyət çəkəcəklərini, yaralanacaqlarını və öləcəklərini bilə-bilə onları isti hava şəraitində tikanlı məftillərə və təhlükəli çay axınlarına doğru sıxışdırırlar.

Freedom House – Fransa

“Freedom House”-un Fransaya dair 2022-ci il hesabatında qeyd edilib ki, hökümətin hüquq-mühafizə orqanlarına geniş səlahiyyətlər verməsi onun fərdi azadlıqları pozması ilə nəticələnib. Hesabatda bildirib ki, jurnalistlər iş zamanı zorakılıqla üzləşsələr də, media ümumiyyətlə sərbəst fəaliyyət göstərib və geniş siyasi fikirləri təmsil edib. Təşkilat əlavə edib ki, 2017-ci ildə polis məmurlarının odlu silahdan istifadəsini tənzimləyən qanunun qəbulundan sonra polis onların göstərişlərinə əməl etmədiyinə görə insanları getdikcə daha çox güllələyir və öldürür. Həmçinin, qeyd olunub ki, 2022-ci il dekabrında polisin Parisdə kürd icma mərkəzinə qarşı irqçi hücumunda üç nəfər həlak olub. Kaledəki miqrantlar və yardımçı işçilərin polis tərəfindən pis rəftarla üzləşdiyi bildirilib.

Freedom House – ABŞ  

Təşkilatın ABŞ-a dair 2022-ci il hesabatında bildirilib ki, ABŞ azad mətbuata malikdir, lakin media azadlığı və müstəqilliyi iqtisadi məhdudiyyətlər, tərəfkeşlik, dezinformasiya və jurnalistlərə qarşı zorakılıq hadisələri də daxil olmaqla bir sıra problemlər səbəbindən bir qədər zəifləyir.

Hesabata əsasən 2020-ci ildə Minnesotada polisin qaradərili vətəndaş Corc Floydu öldürməsi ilə başlayan etirazlar kontekstində polis zorakılığı və jurnalistləri hədəf alan əsassız həbslər də daxil olmaqla bir sıra pozuntuları qeydə alıb. Son illərdə hüquq-mühafizə orqanlarının aqressiv reaksiyaları polisin qaradərili mülki vətəndaşları öldürülməsi ilə nəticələnib. 

“Freedom House” polisin etirazçılara qarşı zorakılığa görə nadir hallarda cəzalandırıldığını vurğulayıb.

Beləliklə, “Amnesty İnternational”, “Human Rights Watch” və “Freedom House” təşkilatları Fransada baş verən polis zorakılığına və ABŞ-da 1000-dən artıq vətəndaşın polis tərəfindən öldürülməsinə diqqət ayırıblar və susmayıblar. 

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, deputatın iddiası yanlışdır.

“pravda.az”, Deputat: ““Amnesty İnternational” Qubad İbadoğlunun cinayət təqibini süni surətdə siyasiləşdirmək istəyir”

“amnesty.org”, FRANCE 2022

“amnesty.org”, France: Nahel shooting highlights need for overhaul of police firearms rules and an end to systemic racism in law enforcement  

“amnesty.org”, France: Authorities must deliver justice for unlawful killing of 17-year-old Nahel M

“amnesty.org”, France: Protection of human rights must become a priority of Emmanuel Macron’s second term

“amnesty.org”, Global: Fresh evidence of police misuse of tear gas leading to protesters’ deaths and injuries – updated investigative website

“amnesty.org”, UNITED STATES OF AMERICA 2022

“hrw.org”, France: End Discriminatory Police Checks and Fines

“hrw.org”, Mesures de confinement : les contrôles de police ne doivent être ni abusifs ni violents ni discriminatoires

 “hrw.org”, France: End Systemic Police Discrimination. Civil Society Organizations File Class Action Challenging Ethnic Profiling

 “hrw.org”, France: Police Expelling Migrant Children Flout Child Protection, Immigration Rules

 “hrw.org”, France: Degrading Treatment of Migrants Around Calais

 “hrw.org” , French Minister’s Denial of Police Abuses Against Migrants Flies in the Face of the Facts

 “hrw.org”, France: Crucial Need for Macron to Focus on Rights

 “hrw.org”, Human Rights Watch Submission to the Universal Periodic Review of France

 “hrw.org”, United States Events of 2022

 “hrw.org”, US: Slow Progress on Human Rights

 “hrw.org”, US: Texas Officials Put Migrants in Danger

 “hrw.org”, New York Taxpayers Foot Bill for Abusive Police

 “hrw.org”, Killing of Tyre Nichols Shows Structural Problems in US Policing

  “hrw.org”, Justice is Served for George Floyd, but US Police Reform Remains Urgent

 “hrw.org”, Killing of Tyre Nichols Shows Structural Problems in US Policing

 “freedomhouse.org”, FREEDOM IN THE WORLD 2023

 “freedomhouse.org”, United States

Yanlış
  • 1 Oktyabr, 2023
  • 779

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə