logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

İlham Əliyevin yanlış iddiası: Son iki əsrdə müstəqil olmamışıq

İlham Əliyevin yanlış iddiası: Son iki əsrdə müstəqil olmamışıq

Foto süni intellekt vasitəsilə hazırlanıb

Xəbərin qısa icmalı

  • Prezident İlham iddia edib ki, Azərbaycan son iki əsrdə müstəqil olmayıb.
  • Azərbaycan Xalq Cümhuriyyəti 1918-1920-ci illərdə Azərbaycanın ilk müstəqil dövləti olub. Onun parlamenti, hökuməti formalaşdırılıb. Müstəqilliyi de-fakto tanınıb. Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdiyini elan edərək özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edib. İlham Əliyev özü də Azərbaycanın 1918-ci ildə müstəqil olduğunu əvvəllər bəyan edib.
  • İddia yanlışdır.

Prezident İlham Əliyev oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış zamanı çıxış edərək bildirib ki, Azərbaycan son iki əsrdə müstəqil olmayıb.

“Fakt Yoxla” iddianın doğru olub-olmadığını araşdırıb.

Azərbaycan ilk müstəqil dövlətini 28 may 1918-ci ildə elan edib. Həmin gün Azərbaycan Xalq Cümhuriyyətini yaradıldığını bəyan edən istiqlaliyyət bəyannaməsi elan olunub. İstiqlaliyyət Bəyannaməsinin ilk maddəsində qeyd olunur:

“Bu gündən etibarən Azərbaycan xəlqi hakimiyyət həqqinə malik olduğu kibi Cənubi-Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan dəxi kamil-əl-hüquq müstəqil bir dövlətdir”

Azərbaycan Xalq Cümhuriyyəti yalnız sənəd üzərində dövlət elan edilməmişdi. O həqiqətən də bir dövlətin faktiki olaraq fəaliyyət göstərməsini təmin edən bütün strukturlara sahib idi. Məsələn, 1918-ci ilin noyabrın 19-da 120 nəfərlik Parlamentin yaradılması haqqında qərar qəbul edildi və ilk parlament 7 dekabr 1918-ci il tarixində toplandı.

1918-ci ilin iyununda Azərbaycan (türk) dili rəsmi dil elan edildi. 1918-ci ilin noyabrın 9-da Azərbaycanın üçrəngli bayrağı təsdiq edildi.

Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 23 ay ərzində 5 hökumət qurub, onlardan üçünə Fətəli xan Xoyski, ikisinə Nəsib bəy Yusifbəyli başçılıq edib. Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə Paris Sülh Konfransında rəsmən de-fakto tanınıb.

Həmçinin, 1991-ci ildə qəbul edilmiş Müstəqillik Bəyannaməsinin rəsmi adı da “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Azərbaycan Respublikasi Ali Sovetinin Bəyannaməsi” adlanır. Yəni, hüquqi baxımdan da 1991-ci ildə Azərbaycan müstəqilliyini “bərpa etdiyini” elan etmiş, özünü 1918-1920-ci illər arasında mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edib.

Prezident İlham Əliyev özü də çıxışlarında dəfələrlə Azərbaycanın 1918-ci ildə müstəqil olması haqqında müsbət fikirlər söyləyib. Məsələn, 2011-ci ildə Nazirlər Kabinetində yekun nitqi zamanı İlham Əliyev Azərbaycanın müstəqilliyinin 1918-ci ildən başladığını təsdiqləmişdi: “Bu il biz müstəqilliyimizin bərpasının 20 illiyini qeyd edəcəyik. İyirmi il ərzində Azərbaycan müstəqil ölkə kimi yaşayır. Təbii ki, müstəqilliyimizin bərpası Sovet İttifaqının dağılması nəticəsində baş vermişdir. Azərbaycan və bütün başqa müttəfiq respublikalar müstəqil olmuşdur. Azərbaycan isə müstəqilliyini bərpa etmişdir, çünki bizim müstəqilliyimizin tarixi 1991-ci ildən deyil, 1918-ci ildən başlayır. Məhz buna görə Azərbaycanda 28 May günü xüsusi təntənə ilə qeyd olunur.”

Beləliklə, Azərbaycanın 1918-1920-ci illərdə müstəqil dövlət olması həm tarixi, həm də hüquqi sənədlərlə təsbit edilmiş faktdır. İlham Əliyevin özü də əvvəllər bu faktı dəstəkləyən açıqlama verib.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə İlham Əliyevin iddiası yanlışdır.

Yanlış
  • 28 Oktyabr, 2026
  • 19

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə