logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

İlham Əliyevin yanlış iddiası: Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərinə səs vermədiyimiz üçün Azərbaycan məhkəmə qərarlarını tanımır

İlham Əliyevin yanlış iddiası: Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərinə səs vermədiyimiz üçün Azərbaycan məhkəmə qərarlarını tanımır

Foto süni intellektlə hazırlanıb

Xəbərin qısa icmalı

İlham Əliyev iddia edib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərinə səs vermədiyimiz üçün Azərbaycan məhkəmə qərarlarını tanımır.

- Azərbaycan Avropa İnsan Haqları Konvensiyasını ratifikasiya etdiyi üçün AİHM-in qərarlarını icra etmək öhdəliyi daşıyır.

- Azərbaycan hazırda fəaliyyət göstərən 45 AİHM hakiminin 28-nin seçimində iştirak edib.

- İddia yanlışdır. 

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı bildirib ki, “biz Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərinə səs verməmişik və bu səbəbdən Azərbaycan məhkəmə qərarlarını tanımır, çünki biz bilmirik o insanlar kimlərdir. Biz buna səs verməmişik.”

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə iddia yanlışdır.

Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarlarının məcburiliyi

Azərbaycan Respublikası 2002-ci ildə Avropa İnsan Haqları Konvensiyasını ratifkasiya edərək AİHM-in qərarlarını icra etmək öhdəliyi götürüb (maddə 46). “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqındaQanuna görə, Azərbaycan beynəlxalq müqavilələrə əməl etməlidir (maddə 15). Qanun həmçinin göstərir ki, ratifikasiya edilmiş beynəlxalq müqavilələri Milli Məclis ləğv edə bilər. Beləliklə, Milli Məclis konvensiyanın ləğvi barədə qərar qəbul etmədiyi üçün konvensiya hələ də qüvvədədir və Azərbaycan Respublikası AİHM-in qərarlarını icra etmək öhdəliyi daşıyır.

Azərbaycan Respublikasının konstitutsiyasına görə prezident beynəlxalq müqavilələrə əməl edilməsinin təminatçısıdır (maddə 8, bənd III). Milli Məclis konvensiyanı ləğv etmədiyi üçün konvensiya qüvvədədir və prezident də onun icrasının təminatçısıdır. Prezidentin AİHM-in qərarlarının icrasından imtina etməsi onun konstitutsional öhdəlikləri ilə ziddiyyət təşkil edir.

Azərbaycanın seçdiyi hakimlər

Prezident İlham Əliyev iddia edib ki, Azərbaycanın AİHM qərarlarını tanımamasının səbəbi məhkəmənin hakimlərinə səs verməməsidir. Halbuki, hazırda fəaliyyət göstərən 45 hakimdən yalnız 17-si Azərbaycanın AŞPA-da təmsil olunmadığı dövrdə seçilib. Yəni, qalan 28 hakimin seçilməsi prosesində Azərbaycan da iştirak edib.

AİHM və AŞPA fərqli qurumlardır

AİHM müstəqil məhkəmə orqanıdır və yalnız qərarların icrası üzv dövlətlər üçün məcburi xarakter daşıyan Konvensiyaya əsaslanır. AŞPA AİHM-in hakimlərinin seçilməsində iştirak etsə də, qərarların icrasına nəzarət etmək səlahiyyəti Avropa Şurasının icra orqanı olan Nazirlər Komitəsinə aiddir. AŞPA-nın AİHM qərarlarının çıxarılması və icrası prosesində hər hansı rolu yoxdur. Assambleya sadəcə üzv dövlətlər tərəfindən təqdim olunan hakimlərin gizli səsvermə yolu ilə seçilməsində iştirak edir. Həmin namizədlər üçün tələb onların Məhkəmənin işində öz adlarından çıxış etməsidir (AİHK, maddə 21). Yəni hakimlər təmsil etdiyi dövlətin mənafeyini təmsil etməyən müstəqil şəxslər olmalıdılar. Bu da AİHM-nin AŞPA ilə heç bir asılılığı olmayan hüquqi və müstəqil məhkəmə olmasını göstərir.

AİHM-in icra edilməyən qərarları

Rəsmi məlumata əsasən Azərbaycan AŞPA-da təmsil olunduğu dövrlərdə belə AİHM-in qərarlarının icrasından yayınıb. Məsələn, 2023-cü ildə Avropa Məhkəməsi Azərbaycan əleyhinə 84 işi icraya nəzarət üçün Avropa Şurası Nazirlər Komitəsinə göndərib. 2022-ci ildə bu rəqəm 49, 2021-ci ildə isə 46 olub. 2023-cü ilin sonunda Azərbaycanın öhdəliyində icrasını gözləyən 337 iş olub.

AİHM-in qərarlarının icrasından imtina Azərbaycan üçün təkcə hüquqi məsuliyyət doğurmur, həm də Azərbaycanın beynəlxalq ictimiyyətlə əlaqələrinə, daxildə hüquq sisteminin legitimliyinə ciddi təsir göstərir. AİHM-in qərarlarının icra edilməməsi cəmiyyətin hüquq və azadlıqlarının təminatında ciddi geriləmə yaradır.

Azərbaycanın AŞPA-da təmsilçiliyinin dondurulması

AŞPA 2024-cü ilin yanvar ayında Azərbaycanın nümayəndə heyətinin mandatını dondurulması haqqında qətnamə qəbul edib. Parlament bildirib ki, Azərbaycan 20 ildən uzun müddət ərzində öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir, azad və ədalətli seçkilər keçirmir, hakimiyyət qollarının müstəqilliyini təmin etmir. Həmin dövrdən etibarən Azərbaycan nümayəndə heyəti AŞPA-da təmsil edilmir.

Beləliklə, Azərbaycan hələ də hüquqi olaraq AİHM-in qərarlarını icra etmək məsuliyyəti daşıyır. Bundan əlavə, prezidentin iddiasının əksinə, hazırda AİHM-də fəaliyyət göstərən 45 hakimdən 28-nin seçilməsində Azərbaycan da iştirak edib.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə iddia yanlışdır.

 

Yanlış
  • 14 İyul, 2026
  • 47

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə