logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Araz Əlizadə: “Zelenskini 23% dəstəkləyən qalıb”

Araz Əlizadə: “Zelenskini 23% dəstəkləyən qalıb”

“Əhali Zelenskiyə prezident seçiləndə 73% səs vermişdi. Sonuncu rəy sorğusuna görə, Zelenskinin səsi 23% olub. Yəni, seçiləndən sonra etdiyi hərəkətlərinə görə onu 23% dəstəkləyən qalıb”. 

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, keçmiş deputat Araz Əlizadə belə deyib. 

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb. 

Ukraynada sonuncu prezident seçkisi 2019-cu ilin martında keçirilib. Seçkinin birinci raundunda 39 namizəd iştirak edib. Bu raundda heç bir namizəd mütləq səs çoxluğu qazanmayıb. 

2019-cu ilin aprelində ən çox səs toplayan iki namizəd - Volodimir Zelenski və Petro Poroşenko arasında ikinci tur keçirilib. İlk turda Zelenski 30.24%, onun rəqibi Petro Poroşenko isə 15.95% səs qazanıb

Növbəti tura keçə bilməyən digər 37 namizədin seçiciləri ikinci mərhələdə Zelenski və Poroşenko arasında seçim etməli olublar. Həmin namizədlərin seçicilərinin əksəriyyəti  səslərini Volodimir Zelenskiyə verib.

Ukraynanın Mərkəzi Seçki Komissiyasının ikinci tura dair nəticələrinə görə, Zelenski 73.22%, Poroşenko isə 24.45% səs qazanıb. Beləliklə, Zelenski seçkilərdə qalib gələrək Ukraynanın yeni prezidenti seçilib

2021-ci ilin dekabrında “Rating Sociological Group” tərəfindən “Yaxın gələcəkdə prezident seçkiləri keçirilsəydi, kimə səs verərdiniz?”  sorğusu keçirilib. 13 namizədin adı daxil edilən sorğuda Zelenski 23.5% səs toplayıb. 

Buna baxmayaraq, Zelenski sözügedən sorğuda ən çox səs toplayan namizəd olub. Yəni, səsvermədə iştirak edənlərin əksəriyyəti onu prezident kimi dəstəklədiklərini bildiriblər.

Sorğunun nəticələrinə görə, ikinci yerdə qərarlaşan Poroşenko 13.4% səslə Zelenskidən geri qalıb. Adları sorğuya daxil edilən digər 11 namizədin qazandığı səslər isə 10%-i keçməyib. 

“Rating Sociological Group” Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra – bu ilin fevralında da sorğu keçirib. “Ukrayna prezidentinin işindən məmnunluq” adlanan sorğuda iştirak edənlərin 91%-i Zelenskinin son addımlarını dəstəklədiyini bildirib. 

Beləliklə, Araz Əlizadə Volodimir Zelenskinin reytinqindən danışarkən Ukraynada keçirilən seçkilərdən sonrakı rəy sorğusuna istinad edib. Zelenski prezident seçkisində 73,22%, seçkidən iki il sonra keçirilən rəy sorğusunda 23,5% səs toplayıb. Bununla belə, Zelenski rəy sorğusuna aid daxil edilən 13 namizədlə müqayisədə ən çox səs toplayan şəxs olub. 

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Araz Əlizadənin iddiası faktlarla manipulyasiyadır.  

Faktlarla manipulyasiya
  • 26 May, 2022
  • 2187

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə