logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

"The Guardian" qəzeti Selçuk Bayraktarın dünya müdafiə sənayesinə 16 trilyon dollar zərər vurduğunu yazıbmı?

"The Guardian" qəzeti Selçuk Bayraktarın dünya müdafiə sənayesinə 16 trilyon dollar zərər vurduğunu yazıbmı?

Azərbaycanın Türkiyədəki sabiq konsulu (2003-2006), jurnalist İbrahim Nəbioğlu "Facebook" səhifəsində bildirib ki, Britaniyanın nüfuzlu "The Guardian" qəzeti Selçuk Bayraktarın dünya müdafiə sənayesinə 16 trilyon dollar zərər vurduğunu yazıb. O, paylaşımın şərh hissəsində qəzetdə çıxan məqalənin yeni olduğunu iddia edib. 

  

Skrinşot İbrahim Nəbioğlunun “Facebook” səhifəsindən götürülüb.

Oxşar iddialar bundan əvvəl 2020-ci ilin oktyabr ayında yayılıb.  

Skrinşot “Trolling Azerbaijan” adlı “Facebook” səhifəsindən götürülüb.

“Fakt Yoxla” “The Guardian”ın belə bir xəbər dərc edib-etmədiyini yoxlayıb.  

Türkiyəli mühəndis Selçuk Bayraktar pilotsuz uçuş aparatları istehsal edən “Baykar” şirkətinin idarə heyətinin sədridir. Şirkətin istehsal etdiyi pilotsuz uçuş aparatları Türkiyə Silahlı Qüvvələrinin Liviya və Suriyadakı əməliyyatlarında, Azərbaycan-Ermənistan arasında 44 gün davam edən İkinci Qarabağ müharibəsində və Ukraynadakı müharibədə istifadə edilib. 

“Selçuk Bayraktar” açar sözü ilə axtardığımız zaman “The Guardian” qəzetinin dərc etdiyi beş məqalə qarşımıza çıxır. 

2016-cı ildə Selçuk Bakraktarın adının keçdiyi iki məqalə dərc edilib. Məqalələrdən biri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın uşağı olmayan qadınlar haqqında işlətdiyi ifadələr barədədir. Həmin ildə dərc edilən digər məqalədə isə Ərdoğanın “doğuma nəzarət” barədə fikirləri yer alıb. Hər iki məqalədə Bayraktarın Ərdoğanın qızı ilə evləndiyi xatırladılır.

2019-cu ildə dərc edilmiş üçüncü məqalədə Britaniyaya məxsus şirkətin hazırladığı texnologiyanın “Bayraktar” sistemlərində istifadə edilməsindən danışılır.

2021-ci ildə dərc edilən dördüncü məqalədə Efiopiyada gedən müharibədə Türkiyə istehsalı “Bayraktar” pilotsuz uçuş aparatlarının istifadəsindən bəhs edilir. Burada pilotsuz uçuş aparatlarını istehsal edən şirkətin baş direktorunun Selçuk Bayraktar olduğu qeyd olunur.

Sonuncu məqalə 2022-ci ildə dərc edilib və bu yazı “Bayraktar” pilotsuz uçuş aparatlarının Ukraynada istifadə edilməsi barədədir. Bu yazıda Selçuk Bayraktarın adı çəkilmir.

Qeyd olunan məqalələrin heç birində Selçuk Bayraktarın dünya müdafiə sənayesinə vurduğu zərərin həcmi barədə məlumat yer almayıb. 

Bu iddianın mənbəyini araşdıran “Anadolu” agentliyi yazır ki, Türkiyənin “yeniakit.com.tr” saytında dərc edilən xəbərdə məlumatın mənbəyinin yuxarıda bəhs edilən üçüncü məqalə olduğu bildirilir. Ancaq həmin məqalədə müəlliflər Britaniyanın “EDO MBM Technology” adlı şirkəti tərəfindən istehsal edilən komponentin “Bayraktar” dronlarında istifadə edilməsindən bəhs edir.

Qeyd edək ki, xəbərin mənbəyi barədə “Fakt Yoxla” İbrahim Nəbioğluya müraciət etsə də, heç bir cavab almayıb.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, "The Guardian" qəzetinin "Selçuk Bayraktarın dünya müdafiə sənayesinə vurduğu zərər 16 trilyon dollardır" yazması barədə iddia saxtadır.

 

Saxta
  • 20 Aprel, 2023
  • 227

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə