“Oxu.az”, “iswnews.com”, “baki-xeber.com”, “unikal.az”, “axar.az”, “news24.az” və digər saytlarda Əlcəzair parlamentinin ölkə prezidentinə İsraillə müharibə etmək səlahiyyəti verməsi haqqında xəbər paylaşılıb.
Skrinşot “oxu.az” saytından götürülüb
“Musavat.com”, “axar.az”, “Alioglu”, “Azad İran”, “isayevious” teleqram kanallarında da oxşar xəbər və parlamentdə deputatların görüntüləri yayılıb. Eyni videonu feysbuk və instaqramda da görmək mümkündür.
Skrinşot “musavat.com” saytının teleqram kanalından götürülüb.
“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.
Sözügedən video oktyabrın 31-də Əlcəzairdə yerləşən “Ennahar” kanalının yutub səhifəsində paylaşılıb. Paylaşımın başlığında deputatların “Xalq ordusu səninlədir, Qəzza” şüarları səsləndirdiyi bildirilir. Sözügedən görüntülər Əlcəzair parlamentinin həmin gün keçirilən Fələstinlə bağlı xüsusi iclasında çəkilib. Parlamentin feysbuk səhifəsində iclas canlı yayımlanıb. Videodan məlum olur ki, iclas zamanı deputatlar və hökumət rəsmiləri Fələstinə dəstək bəyanatları səsləndiriblər.
Ancaq iclasda Əlcəzair prezidentinə İsraillə müharibə etmək səlahiyyəti verilməyib.
İclasın sonunda qəbul edilən yekun bəyanatda deputatlar regional və beynəlxalq qurumları Fələstinə humanitar yardım göndərməyə və “sionist cinayətləri aşkar etmək üçün” parlament nümayəndə heyətləri formalaşdırmağa çağırıblar.
Yeri gəlmişkən, Əlcəzair Prezidentinin müharibə elan etməsi ölkə Konstitusiyasının 109-cu maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə, prezident hökumət üzvləri ilə görüşür, Təhlükəsizlik Şurasını dinləyir, parlamentin spikerləri və Konstitusiya Şurasının sədri ilə məsləhətləşir, bundan sonra müharibə elan edə bilir.
“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, Əlcəzair parlamentinin Prezidentiə İsrailə müharibə elan etmək səlahiyyəti verməsi barədə xəbərlər saxtadır.