“Instagram”da 800 minə yaxın izləyicisi olan “Show News” səhifəsi Çində zombi virusunun yayıldığı barədə görüntüləri paylaşıb.
Skrinşot “Show_news” adlı İnstaqram hesabından götürülüb.
Videoda zombi olduğu iddia edilən şəxslərin qatara daxil olmağa çalışdığı, qatardakı insanların qışqırdığı görünür. Oxşar görüntülər “TikTok” və “Facebook” istifadəçiləri tərəfindən də paylaşılıb.
Skrinşot “Xeberde.biz” adlı Feysbuk hesabından götürülüb.
Skrinşot “dmaqazin” adlı “TikTok” hesabından götürülüb.
“Azad Azərbaycan” televiziya kanalında isə Çində insanların zombi virusuna yoluxduğu barədə videoreportaj yayımlanıb.
Skrinşot Azad Azərbaycan kanalının “Youtube” hesabından götürülüb.
“Fakt Yoxla” görüntülərin doğru olub-olmadığını araşdırıb.
“Associated Press” agentliyi yazır ki, “Show News” səhifəsinin paylaşdığı kadrlar İndoneziyada “Pandora Box” adlı şirkətin təşkil etdiyi “Apokalipsisə gedən qatar” (Train to apocalypse) adlı əyləncə tədbiri zamanı çəkilib. Şirkətin “TikTok” və “Instagram” hesablarında paylaşılan videolarda oxşar paltarlar geyinən iştirakçıları və videonun çəkildiyi qatarı görmək mümkündür.
Şirkət bildirir ki, əyləncə xarakterli tədbir zombilərin qatarda gedən insanlara hücum etdiyi “Busana gedən qatar” adlı qorxu filminin əsasında hazırlanıb. Şirkətin “Instagram” səhifəsində tədbirin 5 avqust-11 sentyabr 2022-ci il tarixləri arasında keçiriləcəyi barədə elan yerləşdirilib.
Yerli mediaya açıqlama verən əyləncə proqramının təşkilatçısı Billi Junior qeyd edib ki, bu əyləncə proqramı vasitəsilə gənclərdə ictimai nəqliyyat barədə fərqindəlik yaratmaq istənilib.
Tədbirin təşkilatçılarından olan “LRT Jakarta” dəmiryolu şirkətinin sözçüsü “Reuters” agentliyinə açıqlamasında videonun həqiqətən əyləncə proqramı zamanı çəkildiyini təsdiq edib.
ATV-də yayımlanan videoreportajın ilk kadrlarında polisin insanlara zor tətbiq etməsi görüntüləri həqiqətən də Çində çəkilib. Ancaq görüntülərdə polis onları “zombi virusuna” görə deyil, koronavirusla əlaqədar tətbiq edilən karantinə etiraz etdiklərinə görə saxlamağa cəhd edir. Görüntülər keçən ilin aprel ayına aiddir.
Skrinşot Azad Azərbaycan kanalının “Youtube” hesabından götürülüb.
“Fakt Yoxla”nın gəldiyi qənaətə görə videoların “zombi virusu” ilə əlaqəli olduğu barədə xəbərlər saxtadır.