logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Çində soxulcan yağışına dair iddia

Çində soxulcan yağışına dair iddia

“YouTube”də 666 mindən çox izləyicisi olan “Baku tv” Çinin paytaxtı Pekində insanların üzərinə soxulcan yağdığını iddia edib.

“Qeyri-adi təbiət hadisəsindən sonra səlahiyyətlilər vətəndaşlara evdən çıxarkən çətirdən istifadə etmələri barədə xəbərdarlıq ediblər. Soxulcan yağışını lentə alan insanlar qiyamət gününün yaxınlaşdığını deyiblər”, – deyə “Baku tv” vurğulayıb.

Eyni məzmunlu məlumatı  “medianews.az”, “turkustan.az”, “gundelik-baku.com”, “reyting.az”,  “avropa.info” da dərc edib. “Turkustan.az” adını çəkmədiyi elmi jurnala istinadən yazıb ki, “güclü külək qurdları qaldıraraq havaya sürükləyib, paytaxt Pekində küləyin sürəti azaldıqda isə qurdlar yağış kimi yerə düşüb”.

“Fakt Yoxla” bu iddiaların doğru olub-olmadığını araşdırıb.

Soxulcan yağışı olduğu deyilən videodakı avtomobillərin nömrə nişanlarını “platesmania” saytında yoxlayanda məlum olur ki, bu nömrələr Çinin Liaonin əyalətinin Şenyang şəhərinə məxsusdur. Nömrədəki ilk işarə Liaonin əyalətini, A hərfi isə Şenyanq şəhərini bildirir.

Skrinşot “platesmania.com” saytından götürülüb.

Qeyd edək ki, videolarda qurdların hərəkət etdiyi görünmür. Bu isə onların ağac çiçəyi olması ehtimalını artırır. Çünki videoda yolun əks tərəfində dayanan maşınların üstündə, eləcə də asfaltın üzərində eyni mənzərəni görmək mümkün deyil. 

Factly.in” və “teyit.org” kimi fakt yoxlama qurumları soxulcan olduğu iddia edilən varlıqların qovaq çiçəkləri olduğu qənaətinə gəliblər.

Qovağın toxumları ensiz, 10-15 sm uzunluğunda olur və qəhvəyi rəngə çalır. Toxumun fiziki xüsusiyyətləri ilə soxulcanın quruluşu oxşarlıq yaradır. Qovağın yaz aylarında açan çiçəyi küləkli havada ətrafa səpələnir. Martın əvvəllərində Şenyanqda hava şəraiti küləkli olub. 

 

Foto “pixabay.com”, saytından götürülüb.

Bundan başqa, 2018-ci ildə Çində çəkilən fotoda da maşınların üzərini örtən qovaq çiçəklərini görmək mümkündür.

Foto “alamy.com” saytından götürülüb.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Çinin paytaxtı Pekində insanların üzərinə soxulcan yağdığına dair xəbərlər saxtadır.

Yanlış
  • 31 Mart, 2023
  • 210

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə