logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Rüfət Quliyevin postsovet ölkələrində deputat maaşlarına dair iddiası

Rüfət Quliyevin postsovet ölkələrində deputat maaşlarına dair iddiası

Milli Məclisin deputatı Rüfət Quliyev deyib ki, iqtisadi inkişaf səviyyəsi yüksək olan Azərbaycanda deputatlar xərclərlə bağlı çətinlik çəkirlər. Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olan Quliyev millət vəkillərinin əməkhaqqı səviyyəsinə də toxunub.

“Deputatların maaşı məsələsinə gəlincə isə, postsovet ölkələri ilə müqayisədə, Azərbaycan millət vəkillərinin əmək haqqı səviyyəsinə görə, təxminən 3 və ya 4-cü yerdə qərarlaşıb”, ‒ deyə deputat vurğulayıb.

“Fakt Yoxla”  bu iddianın doğru olub-olmadığını yoxlayıb. 

Azərbaycanda deputatların maaşı “Milli Məclis deputatının statusu haqqında” Qanunla tənzimlənir. Qanunun 21-ci maddəsində qeyd edilir ki, Milli Məclisin deputatı Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında (1732,5 manat) aylıq maaş alır. Deputatlar səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı da alırlar. 

Milli Məclisin sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alırlar. Buna əsasən, sıravi deputat ümumilikdə 4331 manat 25 qəpik məbləğində maaş, əlavə və pul təminatı alır.

Postsovet ölkələrinə gəlincə, SSRİ süqut edəndən sonra onun yerində yaranan on beş respublikada deputatların əməkhaqları 10 805 - 246 manat arasında dəyişir.   

Rusiya Dövlət Dumasının sıravi deputatları 467 000 rubl, və ya 10 805 manat əmək haqqı alırlar.

Baltikyanı ölkələrdən Estoniyada parlament nümayəndələri 8 463.19 manat (4 399 avro), Litvada 6 575 manat (3 433.80 avro) maaş alırlar. Baltikyanı ölkələr arasında ən az məvacibi latviyalı deputatlar alırlar. Bekə ki, Latviada deputatın bir aylıq əmək haqqı 5 700.49 manatdır (2 963 avro).

Gürcüstan parlamentinin deputatlarının aylıq əməkhaqqı 2 674 manat (4 624 lari) təşkil edir. Bu ölkədə deputatlar əmək haqqından əlavə deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar 610 dollar (1 790 lari) və ya mövcud məzənnə ilə 1 037 manat  aylıq pul təminatı da alırlar. Beləliklə, Gürcüstan parlamenti deputatının ay ərzində əldə etdiyi vəsait 2 182 dollar (3 711 manat) təşkil edir. 

Növbəti sırada isə Belarus gəlir. Avropanın sonuncu diktaturası adlandırılan bu ölkədə deputat maaşı 3 687 Belarus rublu və ya yerli məzənnə ilə 2 484.38 manatdır. 

Cənubi Qafqaz ölkələrindən Ermənistanda maaş bir az çox olsaydı o, Belarusdan əvvəl elə qonşu Gürcüstanın yanında sırlanmış olardı. Açıq internet resurslarındakı məlumatlara görə, Ermənistan parlamentində sıravi deputatın maaşı 1 407 dollar (661 min 400 dram) və ya mövcud məzənnə ilə hesabladıqda 2 392 manat təşkil edir.

Qazaxıstanda isə deputatların maaşı 500 000-800 000 tengə və ya yerli məzənnə ilə 1 940-3 104 manat arasında dəyişir.  Qazaxıstanın ardınca gələn Moldovada sözügedən məbləğ 19 500 moldov leyi və ya yerli məzənnə ilə 1 874.80 manatdır.

Ukrayna Ali Radasının üzvlərinin isə 2020-ci ildə aylıq qazancları 28 000 Ukrayna qrivnası olub. Bu yerli məzənnə ilə 1 770 manat təşkil edir. Tacikistada deputatlar aylıq  4 950 somoni və ya yerli məzənnə ilə 748.55 manat qazanırlar. Bu məbləğ 2011-ci ildə müəyyən edilib və o zamandan bəri dəyişməyib.

Qırğızıstan qanunvericiliyində yeni tənzimləmələrə əsasən, deputatların maaşı 25 000 qırğız somu və ya yerli məzənnə ilə 501.28 manat məbləğində müəyyənləşdirilib. Özbəkistanda isə parlament üzvləri 1 560 000 özbək somu və ya yerli məzənnə ilə 246.62 manat maaş alırlar. ”Fakt Yoxla” Türkmənistanda deputatların aylıq qazancı ilə bağlı informasiya əldə edə bilməyib.

Sadalanan faktlara əsasən, postsovet məkanında deputatların ən çox maaş aldığı ölkə Rusiya, ən az əmək haqqı aldığı ölkə isə Özbəkistandır. Azərbaycan isə bu ölkələr sırasında əmək haqqı səviyyəsinə görə 5-ci yerdə qərarlaşıb.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Rüfət Quliyevin iddiası əsasən doğrudur.

Pravda.az, “Rüfət Quliyev: “Deputatların maaşı bir o qədər də yüksək deyil, amma narazılığımız yoxdur”

Azərbaycan Respublikası  Milli Məclisi deputatının statusu haqqında” Qanun, Maddə 21

Openmedia.io, “Среднемесячная зарплата депутата Госдумы в 2020-м выросла до 470 000 рублей. Рост за два года составил 17%

Riigikogu.ee, “Salaries of MPs

Lrs.lt, “LIETUVOS RESPUBLIKOS SEIMO NARIŲ PAREIGINĖS ALGOS

Saemia.lv, “Deputātu atalgojums un kompensācijas

Parliament.ge, “Salaries of MPs

Visasam.ru, “Зарплата депутатов в Беларуси

Parliament.am, “ՀԱՅԱՍՏԱՆԻ ՀԱՆՐԱՊԵՏՈՒԹՅԱՆ ՕՐԵՆՔԸ

Tengrinews.kz, “Депутат рассказал о зарплатах в Мажилисе

Sng.today, “Депутаты Молдовы возмущены увеличением зарплаты президента, премьера и министров

Visasam.ru, “Зарплаты депутатов Украины в 2020-2021 годах

Asiaplustj.info, “Какая зарплата у узбекских и таджикских депутатов

24.org, “Salary cuts in Parliament of Kyrgyzstan: Is spending optimization real?

Eadaily.com, “Так жить нельзя: в Узбекистане зарплата депутата $ 186, министра — $ 205

European Parliament, Belarus: The last dictatorship in Europe

Əsasən doğru
  • 21 Dekabr, 2021
  • 2676

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə