İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib ki, Azərbaycanın pandemiya ilə mübarizə büdcəsi 3,5 milyard manat civarındadır, bu isə ümumi daxili məhsulun 4,3 faizini təşkil edir: “Bu, kifayət qədər böyük vəsaitdir, bu rəqəmi digər ölkələrlə müqayisə etsək, görərik ki, Azərbaycan koronavirusla mübarizəyə böyük məbləğdə vəsait ayırıb”, - deyə o qeyd edib.
“Fakt Yoxla” Vüsal Qasımlının iddiasının doğru olub-olmadığını araşdırıb.
Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, pandemiya səbəbindən inkişaf etməkdə olan bazarların maliyyə ehtiyaclarını ödəmək üçün 2,5 trilyon dollar vəsait lazım olacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Beynəlxalq Əmək Təşkilatına deyib ki, pandemiyanın iqtisadiyyata, məşğulluq sahələri və sahibkarlıq subyektlərinə təsirinin azaldılması məqsədilə bu sahəyə 3,5 mlrd. manatdan çox, o cümlədən məşğulluq və sosial rifah bölməsinə 600 mln. manat vəsait ayrılıb.
Bu vəsaitlər:
- Karantin şəraitində olan 15000-ə yaxın xaricdən təxliyə olunan vətəndaşın tam dövlət büdcəsi hesabına saxlanılması;
- Müxtəlif bölgələri əhatə edən 20-dən artıq klinikanın koranoviruslu xəstələrin müalicəsi üçün səfərbər edilməsi;
- Ölkə daxilində dezinfeksiya edici vasitələrin və tibbi maska istehsalının təşkil edilməsi;
- Koronavirus infeksiyasına tutulmuş xəstələrin ixtisaslı müalicəsi üçün 6 yeni xəstəxananın tikilməsinə 14.8 milyon manat, tibb avadanlığının alınması məqsədi ilə 97 milyon manat ayrılması;
- Koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının mikrokreditlərlə təminatının yaxşılaşdırılması üçün;
- Pandemiya ilə mübarizəyə Azərbaycan dövlətinin dəstəyi olaraq 5 milyon manat vəsaitin ÜST-ə ianə edilməsi;
- Aylıq əmək haqqı 250 manat olmaqla 50 min sosial iş yeri açılması
- 600 min şəxsə isə yaşayış minimumu (190 manat) məbləğində iki aylıq müavinət verilməsi
- Koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının mikrokreditlərlə təminatının yaxşılaşdırılması üçün;
- Tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə və s. xərclərə ayrılıb.
Nazirlər Kabinetinin tədbirlər planında və İqtisadiyyat Nazirliyinə həvalə olunmuş tədbirlərin icrası barədə hesabatlarda xərclər barədə daha ətraflı məlumat verilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə Azərbaycanda ÜDM-in həcmi 81,6 mlrd. manat olub. Koronavirusla mübarizə üçün ümumilikdə 3,5 mlrd. manat ayrıldığını nəzərə alsaq, bu məbləğ ötənilki ÜDM-nin 4,28 fazini təşkil edir.
“Forbes” jurnalının may ayında apardığı araşdırmada dünyanın ən güclü iqtisadiyyata malik dövlətlərinin koronavirusla mübarizə üçün ayırdığı vəsaitlərin ÜDM-lə müqayisəsi əksini tapıb.
Siyahıya görə, Yaponiya ÜDM-in 21,1%, ABŞ 13%, İsveç 12%, Almaniya 10,7%, Fransa 9,3%, İspaniya 7,3%, İtaliya 5,7%, Birləşmiş Krallıq 5%, Çin 3,8%, Cənubi Koreya 2,2 %-ni ayırıb.
Koronavirusla mübarizəyə ayrılan vəsaitlər |
|||
Ölkə |
Ayrılan vəsait (dollar) |
ÜDM 2019 (dollar) |
ÜDM-də payı (%) |
ABŞ | 2,200 trln. | 22,20 trln. | 9,9 |
Çin | 559 mlrd. | 15,47 trln. | 3,6 |
Yaponiya | 1,16 trln. | 5,50 trln. | 21 |
Almaniya | 814 mlrd. | 4,16 trln. | 19,6 |
Birləşmiş Krallıq | 350 mlrd. | 2,93 trln. | 11,9 |
Fransa | 387 mlrd. | 2,88 trln. | 13,4 |
Rusiya | 73 mlrd. | 1,67 trln. | 4,4 |
Türkiyə | 14,6 mlrd. | 809,6 mlrd. | 1,8 |
Qazaxıstan | 10 mlrd. | 177,32 mlrd. | 5,6 |
İran | 4.6 mlrd. | 495,69 mlrd. | 0,9 |
Azərbaycan | 2 mlrd. | 47,43 mlrd. | 4,3 |
Gürcüstan | 1,145 mlrd. | 18,89 mlrd. | 6,1 |
Özbəkistan | 1 mlrd. | 55,48 mlrd. | 1,8 |
Ermənistan | 273,5 mln. | 13,87 mlrd. | 2 |
Belarus | 40 mln. | 63,66 mlrd. | 0,6 |
Cədvəldən göründüyü kimi, Azərbaycan koronavirusla mübarizəyə ayırdığı vəsaitlərin ÜDM-də payına görə 6 MDB ölkəsi arasında 3-cü yerdədir, qonşu ölkələrdən yalnız Gürcüstandan geridə qalır, ümumi siyahıda isə 15 ölkə arasında 9-cu yerdədir.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Vüsal Qasımlının iddiası əsasən yanlışdır.