logo logo

Deyilənlərə yox, faktlara inanın

Koronavirus

ADU-nun sözçüsü: Təhsil müəssisələrində 3-cü doza vaksinin vurulması məcburidir

ADU-nun sözçüsü: Təhsil müəssisələrində 3-cü doza vaksinin vurulması məcburidir

Sosial şəbəkələrdə yayılan məlumatlarda bildirilir ki, Azərbaycan Dillər Universitetində (ADU) təhsil alan tələbələrin məcburi şəkildə 3-cü doza vaksin vurdurmalarına dair tələb qoyulub.

Bundan sonra “BAKU.ws”ə açıqlama verən ADU-nun mətbuat katibi Cavid Zeynallı deyib ki, təhsil müəssisələrində 3-cü doza vaksinin vurulması məcburidir. Mətbuat katibi həmçinin əlavə edib ki, bu məcburiyyət inzibati-pedaqoji heyətə aiddir.

“Fakt Yoxla” bu iddianın qanunvericiliyin tələblərinə uyğun olub-olmadığını yoxlayıb.

Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli sərəncamı ilə təsdiq edilmiş “COVID-19” xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyasının 8.3.1-ci bəndinə əsasən, təhsil sektorunda çalışan şəxslər yüksək riskli əhali qrupları sırasına daxil edilib. Lakin sənəddə bu sahədə çalışan şəxslərin neçə doza vaksin vurdurmaları ilə bağlı hər hansı müddəa yoxdur. 

Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” 11 dekabr 2021-ci il tarixli qərarının 1.3-cü bəndinə əsasən, 2022-ci il fevralın 1-dən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, mülkiyyət formasından asılı olmayaraq bütün tibb, əczaçılıq, elm və təhsil müəssisələrinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) işçilərinin ən azı 2 doza peyvənd olunmaları və ya koronavirusdan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi, yaxud peyvəndə əks-göstəriş sertifikatının olması tələb edilir.

Bu qərarda 3-cü doza vaksinin məcburi olması nəinki nəzərdə tutulmayıb, hətta koronovirusdan sağalaraq immunitetə malik olmaq barədə təsdiqedici sənəd və ya peyvəndə əks-göstəriş sertifikatı vaksin sənədinə alternativ kimi qəbul edilir. 

Qeyd edək ki, ötən il dekabrın 28-də   Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçirilib. Brifinqdə Prezident Administrasiyasının şöbə müdiri Şahmar Mövsümov deyib ki, gələn il fevralın 15-dən sonra “COVID-19” pasportlarının müddəti 6 ay müəyyən ediləcək, 2-ci dozadan 6 ay sonra pasport qüvvəsini itirmiş olacaq. Yəni, 2022-ci ildən vaksin vurdurmuş şəxslər üçün 3-cü dozanın qaçılmaz olacağı gözlənilir. Amma hələlik bu haqda rəsmi qərar verilməyib. 

“Fakt Yoxla” əvvəlki yazılarının birində buna bənzər iddialardan birini araşdırıb. Odlar Yurdu Universiteti ilə bağlı olan bu iddiada “COVID-19”-a qarşı immunitet sertifikatına malik olmayan tələbələrin İnzibati Xətalar Məcəlləsində (İXM) və Cinayət Məcəlləsində (CM) nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqları bildirlirdi. “Fakt Yoxla” həmin araşdırmasında Odlar Yurdu Universitetinin iddiasının yanlış olduğu qənaətinə gəlmişdi.

ADU ilə bağlı iddiaya gəlincə, qanunvericilik normalarında təhsil müəssisələrinin inzibati-pedaqoji heyətinin 3-cü doza vaksin vurdurmasının məcburiliyi ilə bağlı tələb yoxdur.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, ADU-nun mətbuat katibinin iddiası yanlışdır.

1.”Baku.ws” saytında yayımlanmış xəbər. https://baku.ws/social/136337

2. Azərbaycan Respublikasında “COVID-19” xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası. https://nk.gov.az/media/files/aacabbd711bceaf011679298e9eb8a89.pdf

3. “Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11 dekabr 2021-ci il tarixli, 389 nömrəli Qərarı. https://nk.gov.az/az/document/5743/

4. “Fakt Yoxla”: Odlar Yurdu Universitetinin tələbələrin vaksin olunması ilə bağlı müraciəti. https://www.faktyoxla.info/articles/Odlar-Yurdu-Universitetinin-telebelerin-vaksin-olunmasi-ile-baghli-muracieti

5. “Report.az”: Azərbaycanda “COVID-19” pasportu və immunitet sertifikatı müddətli olacaq. https://report.az/sehiyye-xeberler/azerbaycanda-covid-19-pasportu-ve-immunitet-sertifikati-muddetli-olacaq/

Yanlış
  • 6 Yanvar, 2022
  • 2471

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə