“Mayın 6-da Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 infeksiyasının pandemiya statusunu ləğv edib. Beləcə, 2020-ci ilin martından bəri elan edilən pandemiya rejimi də başa çatmış oldu…ÜST COVID-19-u indən belə pandemiya saymasa da, Azərbaycanda xüsusi karantin rejimi hələ davam edir”.
Bu iddia “AzadlıqRadiosu”-nun saytında dərc edilən xəbərdə ortaya qoyulub.
Bənzər xəbər digər bir sıra informasiya resurslarında da dərc edilib. Belə ki, “qafqazinfo.az”, “ATV News”, “telegraf.com”, “vaxtmedia.az”, “modern.az”, “gundelik-baku.com”, “anspress.com”, “yeniavaz.com” da ÜST-ün COVID-19-un pandemiya statusunu ləğv etdiyi qeyd olunub.
Skrinşot “Azadlıg.org” saytından götürülüb.
“Fakt Yoxla” bu iddiaların doğru olub-olmadığını yoxlayıb.
İlk dəfə 2019-cu ilin dekabrında Çində aşkarlanan yeni koronavirus Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən 30 Yanvar 2020-ci ildə Beynəlxalq Narahatlıq doğuran İctimai Səhiyyə Fövqəladə Halının (PHEIC) elan edilməsinə səbəb oldu. Bundan bir müddət sonra, 11 mart 2020-ci ildə ÜST COVID-19 virusunu ilk dəfə pandemiya elan etdi.
Dünyada eyni vaxtda çoxlu sayda insanı təhdid edən yoluxucu xəstəliklər pandemiya adlanır. Xəstəliklər ÜST tərəfindən pandemiya elan olunur. Beynəlxalq Narahatlıq doğuran İctimai Səhiyyə Fövqəladə Halı, yəni PHEIC isə pandemiyadan fərqli anlayışdır. PHEIC anlayışı ilk dəfə ÜST tərəfindən 2005-ci ildə “xəstəliyin beynəlxalq yayılması nəticəsində digər dövlətlər üçün ictimai sağlamlıq riski təşkil edən və əlaqələndirilmiş beynəlxalq reaksiya tələb edən fövqəladə hadisə” kimi müəyyən edilib. ÜST tərəfindən elan edilən PHEIC ölkələri fövqəladə halların koordinasiyasına, vəziyyətə birgə nəzarətə, tibbi dəstəyə və bununla bağlı kommunikasiyaların imkanlarını artırmağa sövq edən ən yüksək xəbərdarlıq səviyyəsidir. Pandemiya isə sadəcə virusun artıq qlobal miqyasda yayıldığını bəyan edən anlayışdır. PHEIC elan etməkdə məqsədlərdən biri də hər hansı xəstəliyin pandemiya vəziyyətinə keçməsinin qarşısını almaqdır.
Yuxarıdakı iddialarda ÜST-ün 4 may 2023-cü ildə keçirdiyi iclas haqqında danışılır. Həmin iclas zamanı ÜST COVID-19 səbəbiylə 2020-ci ildən qüvvədə olan beynəlxalq narahatlıq doğuran ictimai səhiyyə fövqəladə halının (PHEIC) bitdiyini elan edib.
“Dünən Fövqəladə Komitə mənə beynəlxalq narahatlıq doğuran ictimai səhiyyə fövqəladə halına (PHEIC) son qoymağı tövsiyə etdi. Mən bu tövsiyəni qəbul etdim. Buna görə də böyük məmnuniyyətlə mən Covid-19 beynəlxalq narahatlıq doğuran ictimai səhiyyə fövqəladə halının sona çatdığını elan edirəm”.
Bunu ÜST-ün Baş direktoru Tedros Adanom Gebreyesus 5 may 2023-cü ildə açıqlamasında bildirib.
PHEIC-in bitməsinə baxmayaraq, ÜST COVID-19 xəstəliyindən hələ də pandemiya olaraq bəhs edib. ÜST bəzi KİV-lərdə yayılan xəbərlərin əksinə olaraq, pandemiyanın bitdiyini və yaxud xəstəliyin pandemiya statusunun ləğv edildiyini bildirməyib.
ÜST-ün rəsmi saytında yayımlanan başqa bir məlumatda da qeyd olunub ki, PHEIC-in ləğv edilməsi pandemiyanının sona çatdığı mənasına gəlmir. Həmçinin ÜST ölkələrə COVID-19 pandemiyası ilə bağlı indidən sonra necə davranılması ilə əlaqədar tövsiyyələr verəcəkdir.
Beləliklə, xəbər saytlarında iddia edildiyi kimi ÜST COVID-19 xəstəliyinin pandemiya statusunu yox, COVID-19 nəticəsində elan edilən Beynəlxalq Narahatlıq doğuran İctimai Səhiyyə Fövqəladə Halını, yəni PHEIC-i ləğv edib.
“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, ÜST-ün COVID-19 virusunun pandemiya statusunu ləğv etməsinə dair xəbərlər saxtadır.