Maliyyə naziri Samir Şərifov noyabrın 11-də Milli Məclisin bir neçə komitəsinin birgə keçirilən iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib ki, Azərbaycan pandemiya dövründə öz vəsaitlərindən istifadə edib. “Pandemiya dövründə bir sıra ölkələr xarici borclanmaya getdi. Ancaq Azərbaycan buna getmədi”, ‒ deyə nazir vurğulayıb.
“Fakt Yoxla” maliyyə nazirinin iddiasının doğru olub-olmadığını yoxlayıb.
Nazirlər Kabinetinin qərarı ilə 2020-ci il martın 24-dən etibarən Azərbaycanda COVID-19 pandemiyası ilə bağlı xüsusi karantin rejimi elan edilib. Ötən müddət ərzində karantin qaydalarına müxtəlif dəyişikliklər olunub. Bu ilin oktyabrından isə xüsusi karantin rejimi gələn ilin yanvarınadək uzadılıb.
Bu arada iki beynəlxalq maliyyə institutu - Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı - COVID-19-a qarşı Aktiv Mübarizə və Xərclərə Dəstək Proqramı çərçivəsində Azərbaycan hökumətinə toplam 350 milyon dollar kredit verilməsinə dair qərar qəbul edib.
Azərbaycan kreditlə bağlı Asiya İnkişaf Bankına (AİB) 2021-ci il mayın 27-də müracət edib. Bankın hökumətin müraciətinə müsbət cavabı özünü o qədər də gecikdirməyib. İyulun 7-də AİB pandemiyanın sosial, tibbi və iqtisadi sahələrə neqativ təsirlərinin yaxşılaşdırılması üçün Azərbaycan hökumətinə 250 milyon dollar kredit ayıracağına dair qərar verdiyini açıqlayıb.
Bu vəsait Azərbaycan hökumətinin COVID-19-a qarşı davamlı sağlamlıq, sosial müdafiə və makroiqtisadi stabilləşmə istiqamətində tədbirləri üçün büdcə dəstəyini təmin edəcək. Proqram səhiyyə sisteminin gücləndirilməsi, yoxsul ailələrin sosial müdafiəsi, pandemiyaya məruz qalan sektorlarda iş yerlərinin bağlanmasının qarşısını almağı hədəfləyir.
Bankla hökumət arasında bağlanan 250 milyon dollar məbləğində kredit sazişi bu ilin noyabrında Samir Şərifov tərəfindən imzalanıb. Kredit borcu 2024-cü ilin iyulundan başlayaraq 2031-ci ilədək geri qaytarılmalıdır. Bu müqavilə bağlanandan bir həftə sonra maliyyə nazir parlamentdə çıxış edərək Azərbaycanın pandemiya dövründə xarici borclanmaya getmədiyini deyib.
Azərbaycan COVID-19-a qarşı mübarizə çərçivəsində ikinci borcu Asiya İnfrastruktur İnvestisiya Bankından (AİİB) alıb. Asiya İnkişaf Bankı hələ bu ilin iyulunda AİİB-nın da Azərbaycana kredit ayıracağını bildirmişdi. “Reuters” noyabrın 10-da maliyyə nazirliyinə istinadən yazıb ki, Azərbaycan hökuməti AİİB-dan 100 milyon dollar kredit alıb.
Beləliklə, bu ilin mayından sonra iki beynəlxalq maliyyə institutu ilə aparılan kredit danışıqları nəticəsində Azərbaycan hökumətinə COVID-19-a qarşı mübarizə çərçivəsində 350 milyon dollar kredit ayrılıb.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Samir Şəfirovun Azərbaycanın pandemiya dövründə borclanmaya getmədiyinə dair iddiası yanlışdır.