logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Zəlzələnin baş verəcəyi ilə bağlı dəqiq məlumat ala bilərikmi?

Zəlzələnin baş verəcəyi ilə bağlı dəqiq məlumat ala bilərikmi?

3 iyul 2023-cü il tarixində Xəzər dənizində zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib ki, 5,5 bal gücündə olan zəlzələ Bakı şəhərində və Azərbaycanın bir sıra rayonlarında hiss olunub.

Zəlzələnin baş verməsindən sonra sosial mediada yayılan fotoda təkanların yenidən baş verəcəyi iddia edilirdi.

Bəs zəlzələnin baş verəcəyi ilə bağlı dəqiq proqnoz vermək mümkündürmü?

“Fakt Yoxla” bu sualın cavabını tapmağa çalışıb.

Zəlzələ nədir?

Zəlzələ Yer kürəsinin ən xarici təbəqəsindəki hərəkətlərdən yaranan sarsıntıdır. Bu sarsıntı Yer qabığında gərginlik enerjisinin qəfil sərbəst buraxılması və nəticədə zəlzələ mənbəyindən silkələnmə dalğalarının xaricə yayılması hadisəsidir. Zəlzələnin yer altındakı başladığı yer hiposentr, hiposentrdən birbaşa yuxarıda yerləşən yer isə episentr adlanır.

Zəlzələ necə yaranır?

Yer kürəsi 3 əsas təbəqədən - nüvə, mantiya və yer qabığından ibarətdir. Litosfer yer qabığının ən xarici təbəqəsidir. 

Skrinşot “Nationalgeographic.org” saytından götürülüb.

Ancaq litosfer təbəqəsi vahid deyil, müxtəlif hissələrə bölünüb ki, bunlar da tektonik plitələr adlanır. 

Skrinşot “Usgs.gov” saytından götürülüb.

Bu plitələr davamlı olaraq hərəkət edir. Zəlzələ isə həmin plitələrin qəflətən bir-birinin yanından keçməsi zamanı baş verən hadisədir. Bu plitələrin bir-birinə sürtünməsindən yaranan gərginlik həddini aşdıqda, o, ya əvvəldən mövcud olan, ya da yeni qırılma müstəvisi kimi zəiflik xətləri boyunca qırılır və beləliklə, zəlzələ baş verir.

Zəlzələni öncədən niyə təxmin etmək olmur?

Güclü dağıdıcı təsirə malik olduğuna görə seysmoloqlar zəlzələ haqqında əvvəlcədən dəqiq məlumata sahib olub, yarana biləcək problemlərin qarşısını almaq üçün çoxlu səy göstərirlər. Ancaq bu, elmin malik olduğu imkanlarla hələ ki, mümkün deyil. Buna səbəb isə tədqiqatçıların araşdırma imkanlarının məhdud olmasıdır. Çünki zəlzələnin baş verəcəyi məkan və zamanı dəqiqliklə təyin etmək üçün yerin təxminən 100 km dərinliklərindən xəbərdar olmaq lazımdır.

Zəlzələni öncədən təxmin edə bilmək üçün bu 3 suala cavab vermək lazımdır:

  • Zəlzələ nə zaman baş verəcək?

  • Zəlzələ harada baş verəcək?

  • Zəlzələ neçə bal gücündə baş verəcək?

Təxminlərin heç biri bu üç suala eyni anda cavab verə bilmir.

Bəs “hər hansı regionda x bal gücündə zəlzələ olacağı gözlənilir” kimi iddialar nəyə əsaslanır? 

Bütün bu tipli məlumatlar sadəcə proqnozdur. Proqnozlar isə əvvəlcədən müəyyən edilmiş və sistematik şəkildə keçmişə aid məlumatların daxil edilməsi və irəli sürülməsi nəticəsində hadisələrin qiymətləndirilməsidir. 

Yəni, həmin cümlələr baş vermiş zəlzələ dataları və seysmik aktivlik nəticəsində yaranır. Belə ki, zəlzələ proqnozları onilliklər, yüzilliklər, hətta minillikləri belə əhatə edən zəlzələ datasına əsaslanır. Həmin datalar təhlil edilir, modelləşdirilir və gələcək seysmik hadisələrin ehtimalını müəyyən etmək üçün zəlzələnin baş baş verməsi haqqında uyğun məlumatlardan istifadə olunur

Bundan əlavə, tektonik plitələrin birləşdiyi yerlər və plitə sərhədləri zəlzələnin baş vermə ehtimalı daha yüksək olan zonalar hesab olunur. Hər bir sərhəd qırılma nöqtələrindən ibarətdir. Bu plitələrin hərəkəti məhz zəlzələyə səbəb olur. Yer planetinin ən böyük zəlzələlərinin demək olar ki, 80 faizi isə sərhəd boyu qırılma nöqtələrində baş verir. Yaponiyada zəlzələnin tez-tez baş verdiyi halda Rusiyada daha az müşahidə olunmasının açıqlaması da bundan ibarətdir. Belə ki, Yaponiya adaları yerin 4 tektonik plitəsinin sərhədində və ya yaxınlığında yerləşir

Necə olur ki, android sistemləri bizə zəlzələylə bağlı məlumat verə bilir? 

4 iyul tarixində baş verən zəlzələ zamanı müşahidə etdik ki, Android sistemi zəlzələ başlayan zaman insanları xəbərdar etmək özəlliyinə sahibdir. Bəs bu necə baş verir?

Android sistemi ABŞ-ın Zəlzələ ilə bağlı Erkən Xəbərdarlıq Sistemi olan “ShakeAlert”lə əməkdaşlıq edir. Gəlin prosesin hansı mərhələlərdən keçdiyinə baxaq.

Əvvəla, bütün smartfonlarda titrəmə və sürəti hiss edə bilən kiçik akselerometrlər var. Telefon titrəməni aşkar edərsə, zəlzələnin baş verdiyi yer haqqında məlumatı  zəlzələ təyinetmə serverinə göndərir. Daha sonra server zəlzələnin olub-olmadığını anlamaq üçün bir çox telefondan gələn məlumatları birləşdirir. Bunun üçün bütün dünyada mini seysmometrlər kimi istifadə edilən 2 milyarddan çox Android telefonlarından istifadə edilir. Telefonlar zəlzələnin vibrasiyasını və sarsıntı sürətini aşkar edir və müvafiq olaraq təsirlənmiş ərazilərdə Android istifadəçilərini xəbərdar edir.

Analiz
  • 26 İyul, 2023
  • 515

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə