Milli Məclisin deputatı Səyyad Aran deputatların ümumi maaşının 5000 manat olduğunu iddia edib. O, bu iddianı “Oxu.az”-a müsahibəsi zamanı deputat olaraq aldığı məvacibin özünə və ailəsinə kifayət etmədiyindən danışarkən söyləyib: “5000 manat maaş alıram, necə qənaət edim?”
Deputatlar həqiqətənmi 5000 manat məvacib alırlar? “Fakt Yoxla” bu mövzunu araşdırıb.
Millət vəkillərinin maaşları və digər maddi təminatları “Milli Məclis deputatının statusu haqqında” Qanunla tənzimlənir. Bu qanunun 21-ci maddəsinə əsasən, deputatlar hər ay vəzifə maaşı və vəzifə maaşının 2 misli qədər əlavə alırlar. Aşağıdakı hüquqi sənədlər çərçivəsində deputatların ümumi aylıq gəlirlərindən müxtəlif vergi məbləğləri tutulur:
- Vergi Məcəlləsi: Məcəlləyə görə, əgər maaş 2500 manata qədərdirsə, bu məbləğin 14%-i gəlir vergisinə cəlb edilir, əgər 2500 manatdan çoxdursa 350 manat və yerdə qalan məbləğin 25%-i vergiyə cəlb olunur.
- “Sosial sığorta haqqında” Qanun: Bu qanunla deputatların maaşından məcburi dövlət sosial sığorta haqqı olaraq 3%-i miqdarında vergi tutulur.
- “Tibbi sığorta haqqında” Qanun: Bu qanunla deputatların maaşından icbari tibbi sığorta haqqı olaraq gəlirin 2%-i miqdarında vergi tutulur.
- “İşsizlikdən sığorta haqqında” Qanun: Bu qanunla deputatların maaşından işsizlikdən sığorta haqqı olaraq 0,5%-i miqdarında vergi tutulur.
Sonuncu dəfə 2022-ci ildə edilən dəyişikliklərə əsasən deputatların aylıq gəlirləri və bu gəlirlərdən tutulan vergilərdən sonra yerdə qalan xalis məbləğlər aşağıdakı kimidir:
Hazırda deputat Səyyad Aran Milli Məclisin heç bir komitə və komissiyasında sədr və ya sədr müavini deyil. Sıravi deputat olaraq, o, aylıq 7455 manat məvacib alır və bu məbləğdən ona xalis olaraq 5456,22 manat qalır.
Beləliklə, sıravi deputatlar aylıq 7455 manat məvacib alırlar ki, bunun da təqribən 2000 manatı vergi və digər sosial ödənişlər olaraq məvacibdən çıxılır. Yəni, sıravi deputatlar təqribən 5450 manat məvacib alırlar.