Milli Məclisin deputatı Əhliman Əmiraslanov bildirib ki, dünyanın heç bir ölkəsində Azərbaycandakı qədər aptek yoxdur.
"Fakt Yoxla" iddianın doğru olub-olmadığını yoxlayıb.
Azərbaycanda apteklərin sayı ilə bağlı ən son məlumat 2021-ci ilə aiddir. Bu məlumata görə Azərbaycanda 2900 aptek mövcuddur ki, bu da təxminən əhalinin hər 100.000 nəfərinə 29 aptek deməkdir. Ancaq bu heç də dünyadakı ən yüksək göstərici deyil.
Belə ki, 38 üzvü olan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) 2021-ci ilə aid statistikasına əsasən, təşkilata üzv ölkələr üzrə hər 100.000 nəfərə düşən aptek sayı ortalama 28 ədəddir. Avropa Birliyi üzrə bu göstərici ortalama 32-dir. Məsələn, əhalisi təxminən 10.4 milyon nəfər olan Yunanıstanda 10 mindən çox aptek fəaliyyət göstərir ki, bu da hər 100.000 nəfərə 97 aptek edir. Eyni göstərici Bolqarıstan üzrə 45, Belçika üzrə 41, İrlandiya üzrə 38-dir.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, deputat Əhliman Əmiraslanovun Azərbaycandakı apteklərin sayı ilə bağlı səsləndirdiyi iddia yanlışdır.